Yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə işçi qrupunun Bakı Dövlət Universitetində (BDU) növbəti iclası keçirilib.
BDU-nun rektoru Elçin Babayev və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevin həmsədrliyi ilə keçirilən iclasda altişçi qrupların sədrləri iştirak ediblər.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, təbiət ixtisasları qrupunun hər bir ixtisası üzrə altişçi qrupları tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın tanınmış univesitetlərinin bu sahədə təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı tərtib olunub. Bu zaman sənaye-biznes nümayəndələrinin, digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınıb.
İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquliyev qeyd edib ki, altqrupların iclaslarında kompüter elmləri, fizika, hidrometeorologiya, mexanika, riyaziyyat, kimya, coğrafiya, statistika, ekologiya, biologiya, biotexnologiya, geologiya ixtisasları üzrə ixtisaslaşmaların siyahısına yenidən baxılıb. Dünyada gedən proseslərin inkişaf tempindən geri qalan ixtisaslaşmaların ləğv olunması, müasir çağırışlara cavab verən yeni ixtisaslaşmaların yaradılması təklif olunub, bəzi ixtisaslaşmaların adlarında redaktələr aparılıb.
İclasda kompüter elmləri, fizika, hidrometeorologiya, mexanika, riyaziyyat, kimya, coğrafiya, statistika, ekologiya, biologiya, biotexnologiya, geologiya ixtisasları üzrə yeni ixtisaslaşmaların siyahısı ilə bağlı ilkin müzakirələr aparılıb.