Logo

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

19.03.2025 08:40 76 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq istiqamətində növbəti uğurlu addım atıb. Universitetin nümayəndə heyəti, rektor professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Böyük Britaniyanın paytaxtı Londona işgüzar səfər edib.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, səfərin əsas məqsədi AzMİU ilə İngiltərənin nüfuzlu Vestminster Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində görülən işlərin müzakirəsi və yeni ikili diplom proqramlarının imzalanması olub. Bu məqsədlə Vestminster Universitetinin Memarlıq və Şəhərlər məktəbinin rəhbər şəxsləri ilə bir sıra məhsuldar görüşlər keçirilib, əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Səfərdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliyə Əliyeva və həmin kafedranın assistenti Aygün İmanova iştirak edib.

Görüşlər nəticəsində universitetlər arasında 2 yeni ikili diplom proqramı — “Memarlıq və şəhərsalma” və “Memarlıq və ətraf mühit dizaynı” üzrə müqavilələr imzalanıb.

Səfər çərçivəsində, həmçinin artıq uğurla icra olunan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” magistr proqramı müzakirə edilib, gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

Qeyd edək ki, 2023-cü ildə AzMİU ilə Vestminster Universiteti arasında imzalanan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisası üzrə ikili diplom müqaviləsi, universitetin beynəlxalq əməkdaşlıq sahəsindəki müvəffəqiyyətlərini daha da artırıb. İndi AzMİU-nun ikili diplom müqavilələrinin sayı ümumilikdə 11-ə çatır. Bu da tələbələrə həm yerli, həm də beynəlxalq səviyyədə yüksəkkeyfiyyətli təhsil almaq imkanı təqdim edir. Proqramlar, eyni zamanda, AzMİU-nun beynəlxalq təhsil mühiti ilə inteqrasiyasını artıraraq, ölkəmizin ali təhsil sisteminin beynəlxalq arenada tanınmasına və möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edəcək.

Bu mühüm addımların AzMİU-nun beynəlxalq əməkdaşlığını daha da gücləndirəcəyi, tələbələrinə və müəllim heyətinə geniş perspektivlər açacağı, universiteti qlobal təhsil sahəsində daha da rəqabətli edəcəyi gözlənilir.

Xəbər lenti