Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistana səfəri çərçivəsində Pakistanın Milli Texnologiya Universitetinin (NUTECH) rektoru Moazzam Ejaz ilə görüş keçirib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə iki universitet arasında elmi-tədqiqat, texnologiya transferi və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
NUTECH Universiteti mühəndislik, sənaye texnologiyaları və hərbi tətbiqli elmlər sahəsində Pakistanın qabaqcıl ali təhsil müəssisələrindən biri hesab olunur. Universitet yeni texnologiyaların işlənib-hazırlanması və tətbiqi istiqamətində aktiv fəaliyyət göstərir. Bu baxımdan BDU ilə NUTECH arasında əməkdaşlıq mühəndislik, informasiya texnologiyaları, aerokosmik elmlər, robototexnika və süni intellekt sahələrində birgə tədqiqatların aparılmasına imkan yaradacaq.
Tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolu iki universitet arasında geniş spektrli əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələrinin icrası, mühəndislik laboratoriyalarının birgə istifadəsi, texnoloji startapların inkişafına dəstək və sənaye ilə əlaqələrin möhkəmləndirilməsi məsələləri əhatə olunub. Bundan əlavə, universitetlər arasında ixtisasartırma proqramlarının həyata keçirilməsi və müştərək doktorantura proqramlarının yaradılması ilə bağlı razılıq əldə olunub.
Rektor Elçin Babayev görüş zamanı BDU-nun təkcə fundamental elmlər sahəsində deyil, eyni zamanda, tətbiqi elmlər və texnologiyalar istiqamətində inkişaf etdiyini vurğulayaraq, NUTECH Universiteti ilə əməkdaşlığın BDU-nun innovasiya ekosisteminin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Görüş çərçivəsində iki universitet arasında birgə texnoloji konfransların, seminarların və tələbə innovasiya müsabiqələrinin təşkil olunması, eləcə də elmi-tədqiqat və texnologiya inkubatorlarının yaradılması məsələləri də müzakirə edilib.
BDU nümayəndə heyəti NUTECH-in kampusu və laboratoriyaları ilə ətraflı tanış olub.