Logo

Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün onlayn platformanın təqdimatı keçirilib

17.03.2025 16:35 108 baxış
IMG

Martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu imtahanın doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modelini hazırlayaraq ictimaiyyətə təqdim edib. 

Sədr qeyd edib ki, bu proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və onun müstəsna istifadə hüquqları DİM-ə məxsusdur.

Məleykə Abbaszadə imtahan modeli hazırlanarkən ümum-Avropa dillər çərçivə sənədinin və Azərbaycan dilinin xüsusiyyətlərinin nəzərə alındığını bildirib. 

O, hər kəsi qeydiyyatdan keçərək sınaq prosesində aktiv iştirak etməyə çağırıb.

Daha sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri, Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə məlumat verib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva isə sertifikasiya imtahanının beynəlxalq standartlara uyğun olduğunu vurğulayaraq Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndiriləcəyini qeyd edib.

Tədbirin sonunda Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Qeyd edək ki, kompüter əsaslı imtahanın sınaq versiyası bu gündən DİM-in rəsmi internet səhifəsində istifadəyə verilib. Sınaq prosesinin məqsədi imtahanın effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir. İştirakçılar sınaq prosesində ödənişsiz şəkildə iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndəriləcək.

 

 

 

 


 

Xəbər lenti