Martın 17-də Bakı Slavyan Universitetində (BSU) mart ayı üzrə keçirilən “İnklüziv təhsil həftəsi” çərşivəsində “Fərqli fərdlər” himninin təqdimatı keçirilib.
Tədbirin açılışında çıxış edən BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova inklüziv cəmiyyətin formalaşdırılmasının, eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini vurğulayıb. O, BSU-nun inklüziv təhsil konsepsiyası haqqında qısa məlumat verib.
Daha sonra “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Fərqli fərdlər” layihəsinin rəhbəri Nazilə Məhərrəmova layihənin məqsəd və vəzifələrindən danışaraq, bu təşəbbüsün əlilliyi olan fərdlərin yaradıcılıq potensialının üzə çıxarılmasına və onların cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək verdiyini bildirib. O, layihənin psixososial adaptasiya prosesində mühüm rol oynadığını xüsusi qeyd edib.
Tədbir çərçivəsində BSU-nun məzunu, autizm üzrə tədqiqatçı-ekspert və autizm sindromlu uşağın valideyni Əsmər Əgərova “Autizm nədir?” mövzusunda təqdimatla çıxış edib. O, autizm spektr pozuntusu haqqında geniş məlumat verib və təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirin əsas hissəsində Heydər Əliyev Fondunun dəstəyi və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən “Fərqli fərdlər” beynəlxalq konqresi çərçivəsində hazırlanmış “Fərqli fərdlər” himninin təqdimatı baş tutub. Himn “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin iştirakı ilə yazılıb və əlilliyi olan fərdlərin cəmiyyətdə hüquqlarla iştirakını təşviq etmək məqsədi daşıyır. Qeyd edək ki, himnin musiqisi bəstəkar Tural Məmmədliyə, sözləri isə Leyla Quliyevaya məxsusdur. Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatcılığı ilə təqdim olunacaq klip “PASHA Holding”in sponsorluğu ilə ərsəyə gəlib. Himni müxtəlif diaqnozlu - daun sindromlu, autizmli, görmə məhdudiyyətli, eşitmə və danışma məhdudiyyətli, serebral iflic və digər əlilliyi olan uşaqlarla yanaşı tipik inkişaflı istedadlı gənclərdən ibarət inklüziv uşaq xoru oxuyub.
Mərasimin yekun hissəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib.