Logo

BDU və Pakistanın NUST Universiteti arasında akademik əməkdaşlıq genişləndirilir

17.03.2025 16:24 45 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistana səfəri çərçivəsində bu ölkənin Milli Elm və Texnologiya Universitetinin (NUST) akademik işlər üzrə prorektoru Osman Hasan və NUST Keyfiyyət təminatı və beynəlxalq əlaqələr ofisinin direktoru Eveys Kamboh ilə görüşüb.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüş zamanı iki universitet arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq elmi-tədqiqat şəbəkələrinin gücləndirilməsi məsələləri müzakirə edilib.

NUST Universiteti Pakistanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, süni intellekt, data analitikası, aerokosmik elmlər, enerji texnologiyaları və informasiya texnologiyaları sahələrində güclü elmi bazaya malikdir. Görüş zamanı iki universitet arasında məhz bu istiqamətlərdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və müştərək layihələrin hazırlanması məsələləri müzakirə olunub.

Rektor Elçin Babayev görüşdə beynəlxalq əməkdaşlıqların gücləndirilməsinin Bakı Dövlət Universitetinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, BDU ilə NUST arasında birgə tədqiqat mərkəz və laboratoriyalarının yaradılması, ikili magistratura və doktorantura proqramlarının tətbiqi, eləcə də elmi nəşrlərin hazırlanması istiqamətində konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Tərəflər süni intellekt, böyük həcmli verilənlər (big data), robototexnika və nanotexnologiyalar sahələrində birgə tədqiqatların aparılması üçün əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər. Həmçinin iki universitet arasında tələbə və professor-müəllim heyətinin akademik mübadiləsinin təşviqi, birgə konfrans və seminarların təşkili və innovasiya yönümlü elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.

Görüşün sonunda tərəflər əməkdaşlıq haqqında niyyət protokolu imzalayıblar. İki universitet rəsmiləri gələcəkdə daha geniş miqyasda əməkdaşlıq etməyə və konkret layihələr üzərində işləməyə dair qarşılıqlı razılığa gəliblər.

BDU nümayəndə heyəti NUST-un kampusu və innovativ layihələri ilə tanış olub.

Xəbər lenti