AMEA-nın Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Bizi birləşdirən Novruz” mövzusunda beynəlxalq konfrans keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə Novruz bayramının ruhunu əks etdirən etnoqrafiya və rəsm sərgisinə baxılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Novruz” sözünün etimologiyasına toxunub. Novruz bayramının türk xalqlarının ən qədim mərasimlərindən biri olduğunu deyən akademik bu əlamətdar hadisənin insanların təbiətin oyanışını dərk etdikləri vaxtdan qeyd edildiyini söyləyib.
Akademiya rəhbəri bu bayramın adət-ənənələrinin xalqımız tərəfindən min illərdən bəri yaşadıldığını deyərək, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına milli dövlət bayramı statusu verildiyini söyləyib. Bildirib ki, dahi liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyev də Novruz bayramına xüsusi həssaslıqla yanaşır, hər il bayram ərəfəsində xalqımızı təbrik edir, bu bayramı xalqımızla bir arada qeyd edir.
Sonra “Tıva türklərinin Şaqaa bayramı ilə Novruzun ortaq dəyərləri”, “Qazaxıstanda Novruzun keçirilmə tarixi”, “İran türklərində Novruz” və “Qaqauzların İlkyaz yortuları” mövzularında məruzələr dinlənilib.
Sonda konfrans iştirakçılarının müşayiəti ilə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə bayram tonqalı qalanıb. Tonqal ətrafında qazaxların xalq çalğı aləti olan dombrada bayram musiqisi ifa olunub.