Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla görüşüb.
TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin ölkədə peşəkar kadrların yetişdirilməsi, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu vurğulayıb. Nazir təhsil sahəsində innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və təhsil idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar barədə də geniş məlumat verib. Emin Əmrullayev qeyd edib ki, idarəetmə potensialı yüksək mütəxəssislərin elm və təhsil sahəsinə inteqrasiyası bu sahənin davamlı inkişafı üçün vacibdir.
Daha sonra Orxan İsgəndərov və İnsafəli Səmədov mentorluq proqramının onlara verdiyi imkanlardan danışaraq təhsil sistemində müasir idarəetmə modelləri, təhsilin keyfiyyətinin artırılması və elmi tədqiqatların stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Onlar, xüsusilə, təhsilin rəqəmsallaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin yerli təhsil sisteminə inteqrasiyasına dair təkliflərini təqdim ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.