Logo

Naxçıvanda sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərlə görüş keçirilib

19.03.2025 11:58 40 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ildə sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlər üçün proses ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.


TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Rəşad Xudiyev iştirakçıların diqqətinə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq ötən ildən Naxçıvanda  təhsilverənlərin sertifikatlaşdırma prosesi ölkə üzrə mərkəzləşmiş qaydada aparılır. Bildirilib ki, prosesin həyata keçirilməsi üçün  ötən il Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzi yaradılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə 300-dən artıq namizəd eyni anda imtahanda iştirak edə bilir. Mərkəzdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb. 

Qeyd olunub ki, ötən il sertifikatlaşdırma prosesində müəllimlərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, ötən il sertifikatlaşdırma prosesində iştirak edən 366 müəllimdən 153-ü 51-60, 180- ı isə 30-50 intervalında bal toplamışdır. Qeyd olunmuşdur ki, sertifikasiyada iştirak edənlərdən 33-ü (9%) prosesdə uğur qazana bilməyib.

Bildirilib ki, cari ildə keçiriləcək sertifikatlaşdırmada ümumilikdə 349 müəllimin iştirakı nəzərdə tutulur. Rəşad Xudiyev prosesdə iştirak edəcək müəllimlərə uğurlar arzulayaraq bildirib ki, təhsilverənlərə dəstək məqsədilə məlumatlandırıcı və dəstək xarakterli görüşlər bundan sonra da davam etdiriləcək.

Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifələrinin icraçısı Şikar Hüseynov iştirakçılara slaydlar vasitəsilə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu barədə ətraflı məlumatlar verib, müəllimləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırıb.

 

 

 

 


 

Xəbər lenti