18 fevral-17 mart 2025-ci il tarixlərində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrinin İKT, iaşə, turizm, sənaye, nəqliyyat, mədəniyyət, tekstil, bərbər, kənd təsərrüfatı və tikinti istiqamətləri üzrə 200 nəfər ixtisas fənn müəllimi və istehsalat təlimi ustası üçün xüsusi “Ustad dərsləri” təlimi uğurla həyata keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, təlimin əsas məqsədi təhsilverənlərin peşəkar inkişafını dəstəkləmək və onların pedaqoji bacarıqlarını artırmaqdır.
Təlim çərçivəsində iştirakçılar emosional intellektin vacibliyini və onun karyera inkişafına təsirini öyrənməklə yanaşı, həmçinin effektiv əks-əlaqə metodları, yumşaq bacarıqlar və pedaqoji yanaşmalar barədə müzakirələrdə də iştirak ediblər.
Təlim iştirakçıları “nümunəvi dərs modeli” praktiki tapşırığına da cəlb ediliblər. Təhsilverənlər 45 dəqiqə ərzində təlim nəticələri və qiymətləndirmə meyarlarına əsasən mövzuların seçilməsi, interaktiv mühitin yaradılması, praktik tapşırıqların verilməsi, qrup işlərinin təşkili, tədris prosesində əks-əlaqənin rolu və tələbələrlə effektiv ünsiyyət qurmaq və refleksiyaların aparılması kimi mövzular üzərində praktik tapşırığı icra ediblər.
Qeyd edək ki, bu təlimlər peşə təhsili sahəsində keyfiyyətin artırılmasına və təhsilverənlərin peşəkar bacarıqlarının inkişafına dəstək məqsədilə təşkil olunub.