Logo

Elbrus İsayev: İnklüziv təhsil mərkəzlərinin yaradılması labüddür

11.04.2025 11:45 105 baxış
IMG

"Mütəxəssislərin inklüzivliklə bağlı konfranslarda bir araya gələrək müxtəlif disput və dialoqlarda iştirakı, əlbəttə ki, bu sahədə yeni tədqiqatların ortaya gəlməsini və mərkəzlərin yaranmasını labüd edir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” adlı III Beynəlxalq konfransda səsləndirib. 

O bildirib ki, təhsildə inklüzivlik həm “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın, həm də “Təhsil haqqında” Qanunun müvafiq maddələrinin icrası baxımından kifayət qədər aktual məsələdir. Bu gün universitetlərimizin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması, eyni zamanda, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki yerlərinin müəyyən olunmasında bu indikatorun mühüm əhəmiyyəti var:

“Bakı Slavyan Universiteti növbəti dəfə çox düşündürücü, prioritet məsələyə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edir. Konfransa dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərinin mütəxəssisləri dəvət olunub. O cümlədən ölkəmizin bir sıra ali təhsil müəssisələrinin rəhbərləri konfransda iştirak ediblər. Bu konfransların artıq praktik əhəmiyyətini görürük. Ötən illər ərzində bu konfranslarda aparılan müzakirələrdən irəli gələn nəticələr müxtəlif universitetlərdə inklüziv təhsil mərkəzlərin açılması ilə nəticələnib. O cümlədən Bakı Slavyan Universitetində belə bir mərkəz yaranıb və artıq bu ildən Naxçıvan Dövlət Universitetində biz İnklüziv Təhsil Mərkəzinin açılışını etmişik. Bu Mərkəzdə bizim inklüziv təhsil sahəsində çalışan tədqiqatçılar cəmləşir. NDU-da həm təhsilin magistratura, həm də doktorantura səviyyəsində tədqiqatçılar bu sahədə müxtəlif yeni elmi-tədqiqat işləri yerinə yetirirlər. Əlbəttə ki, inklüziv təhsil sahəsində yerli və beynəlxalq əməkdaşlıq çox mühümdür və bu işlərdə öncül olan BSU-nu uğurlu layihə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, konfransda yerli və xarici mütəxəssislərin səsləndirdiyi fikirlər qarşılıqlı dialoq platforması yaradacaq və dialoqdan çıxan nəticələr ümumilikdə təhsilimizin mühüm prioritetlərindən biri olan effektiv inklüziv təhsil sisteminin qurulmasına öz töhfəsini verəcək”, – deyə o əlavə edib. 

Xəbər lenti