“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda keçirilən konfransın elmi əhəmiyyəti böyükdür.
AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib. Komitə sədri Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən tədbirin aktual mövzuya həsr olunduğunu bildirib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Bildirib ki, atmosferin və ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması, su qıtlığı, iqlim dəyişiklikləri və s. planetimizin tarazlığına birbaşa təsir edən faktorlardır.
Komitə sədri tədbirin Beynəlxalq Biomüxtəliflik Günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək, bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin təbiətin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına xüsusi önəm verdiyini deyən Sadiq Qurbanov qeyd edib ki, Ümummilli Lider biomüxtəlifliyin qorunmasını Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsi kimi görürdü. Böyük şəxsiyyət təbiətə qarşı edilən hər hansı zərəri yalnız ekoloji fəlakət deyil, həm də milli sərvətə qarşı hörmətsizlik kimi dəyərləndirirdi.
Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi “Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır” sözlərini xatırladan Sadiq Qurbanov hazırda ölkəmizdə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonaları” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımdır.
“Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq, karbon emissiyalarını azaltmaq və bərpaolunan enerji mənbələrindən istifadəyə keçidi sürətləndirmək məqsədi daşıyır”, - deyən komitə sədri ölkəmizin bu sahədə bir sıra beynəlxalq və milli təşəbbüslərə qoşulduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı hədəfləyir.