Logo

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13.10.2025 13:56 41 baxış
IMG

Oktyabrın 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi altı nəfərlik nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) rektoru, professor Dr. Bayram Yılmaz ilə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı professor B.Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlıq həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verir. Ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini daha da gücləndirəcəyini diqqətə çatdıran rektor birgə layihələrin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm faydalar verəcəyinə əminliyini bildirib.

Göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirən rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edib. Əməkdaşlığın qurulmasında məqsədin tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq elmi tədqiqatların dəstəklənməsi və birgə layihələrin icrası olduğunu bildirən A. Eminov imzalanan Memorandumun yalnız bir sənəd deyil, gələcəyə uzanan bir körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qurulan yeni əməkdaşlığın təfərrüatlarının müzakirəsi ilə davam edən görüşün sonunda MDU-nun rektoru A. Eminov və DEU-nun rektoru B. Yılmaz iki universitetin qarşılıqlı əməkdaşlığı istiqamətində olan Memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər ikili diplom proqramlarını icra edəcək, təhsil və elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərəcək, ortaq elmi layihələr, beynəlxalq konfranslar və seminarlar təşkil edəcək, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcəklər. Həmçinin tərəflər qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu, ortaq magistratura səviyyəsi üzrə proqramlarının təşkili, innovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, birgə elmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi, ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq, habelə ortaq təlim və kursların təşkili kimi fəaliyyətlərdə iştirak edəcəklər.

Qeyd edək ki, bu əməkdaşlıqla Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək Azərbaycan–Türkiyə təhsil əlaqələrində yeni bir mərhələyə imza atmış olur.

 

 

 

 


 

Xəbər lenti