Logo

Tarix Muzeyində Sasanilər dövrünə aid gümüş sikkə dəfinəsi saxlanılır

04.11.2020 09:19 249 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1958-ci ildə Tovuz rayonunun İbrahimhacılı kəndində tapılmış gümüş sikkələrdən ibarət dəfinə (80 sikkə) qorunur.

 

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tapıntı numizmat alim Əli Rəcəblinin sayəsində muzeyə təhvil verilib, numizmatik təyinatı müəyyənləşdirilib. Təyinata əsasən, dəfinədəki gümüş sikkələr Sasani şahənşahları - I Qubad, I Xosrov, IV Hörmüz və II Xosrovun hakimiyyəti dövründə Dərbənd, Bərdə, Bakı, Naxçıvan və digər şəhərlərdə zərb edilib.

 

Dəfinədəki birinci gümüş sikkə I Qubadın ikinci hakimiyyətinin 14-cü ilinə (531-ci il), sonuncu sikkə isə II Xosrovun hakimiyyətinin 27-ci ilinə (617-ci il) aiddir. Sasani gümüş drahmalarının üst tərəfinin mərkəzinə sağa istiqamətlənmiş, başında tac və bəzək əşyaları taxmış şahənşah, ətrafına pəhləvi dilində dini ifadələr, hökmdar titulu ilə adı, ətrafında Ay, ulduz və digər naxışlar yer alırdı. Arxa tərəfində isə mərkəzə atəşgah və onu qoruyan iki mühafizəçi, onların sol tərəfinə zərb tarixi, sağ tərəfinə isə monoqramlar (zərbxana) həkk edilirdi.

 

Muzeydə qorunan bu sikkə dəfinəsi Sasani dövrü numizmatika tariximizin tədqiqi baxımından əhəmiyyətlidir. Səksən ildən artıq bir dövrü əhatə edən bu dəfinə erkən orta əsrlərdə Azərbaycanın pul təsərrüfatını açıqlamağa yardım edir.

Xəbər lenti