Səidə Əhmədova: “Müasir məktəb direktoru adekvat professional özünüqiymətləndirmə xüsusiyyətinə malik olmalıdır”
Səidə Əhmədova 1976- cı ildə Ağsuda anadan olub. 1993- cü ildə Bakıdakı 269 nömrəli tam orta məktəbi qurtarıb. 1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının pedaqogika və psixologiya fakültəsini qurtardıqdan sonra 1999-2017- ci illər arası Bakı şəhəri 61 nömrəli məktəbdə psixoloq vəzifəsində işləyib. 2017-2019-cu illərdə Sankt- Peterburqun V.M.Bexterev adına Psixonevroloji Elmi-Tədqiqat İnstitutunda klinik psixologiya fakultəsini bitirib.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TDM-nin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri vəzifəsində işləyir. Respublika Təhsil Şurasının üzvü, “Psixologiya və sosial tədqiqatlar” jurnalının baş redaktor müavini, “Motivator” qəzetinin baş redaktorudur.
Bu gün o, təhsil idarəsində psixoloq kimi direktor və direktor müavinlərinin işə qəbulu müsahibəsində yaxından iştirak edir. Buna görə də onunla əlaqə saxlayıb, bəzi suallarımızı cavablandırmasını xahiş etdik.
- Səidə xanım, direktor və direktor müavini işə qəbul olmaq üçün imtahan verdikdən sonra onlara müsahibədən keçmək nə üçün lazımdır?
- Qeyd etməliyəm ki, dövlət ümumi təhsil müəssisələrinə direktor və müavin vəzifəsinə işə qədul üzrə müsabiqədə uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Namizəd iti hafizəyə malik ola bilər, qanunvericiliyə dair müsabiqə suallarını layiqincə cavablandırıb, müvafiq bal toplaya bilər. Lakin bu, yetərli deyil. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları ilə yanaşı, idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri, özlərini ifadəetmə bacarıqları və psixoloji hazırlıq səviyyələri mütəxəssislər tərəfindən dəyərləndirilir, sonda qiymətləndirmə işi aparılır.
- Məktəb direktoru yiyələndiyi bacarıq və səriştələrlə yanaşı, konkret hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?
- Müasir məktəb direktoru adekvat professional özünüqiymətləndirmə xüsusiyyətinə malik olmalıdır. Əks təqdirdə o, öz fəaliyyətini, eləcə də pedaqoji kadrların fəaliyyətini təhlil edə bilməyəcək. Yüksək özünüqiymətləndirmə rəhbərə inkişaf etməyə imkan vermir, çünki özünün bütün məsələlərdə kompetent olduğuna əmindir və gələcəkdə özünü inkişaf etdirməyə cəhd göstərməyəcək. Aşağı özünüqiymətləndirmə isə əksinə, şəxsiyyətin inkişafını tormozlayır. Bu halda rəhbər özünə əmin olmur, rəhbərlik etdiyi məktəbin təhsil mühitində innovativ texnologiyaya daxil olmaqdan ehtiyat edəcək. Adekvat professional özünüqiymətləndirmə, məhz şəxsi professional imkanlarını maksimum real qiymətləndirmək professional uğura aparan yoldur.
- Bir halda biz özünüqiymatləndirmədən danışdıq, onda ortaya belə bir sual çıxır. Özünüqiymətləndirmə nədir və onun neçə növü var?
- Özünüqiymətləndirmə şəxsiyyətin özünüdərketmə strukturunun ayrılmaz hissəsidir. Ənənəvi olaraq özünüqiymətləndirmə şəxsi və professional keyfiyyətlərə ayrılır. İnsanın fəallığı, peşəkar fəaliyyətin subyekti kimi, onun peşəyə, həmçinin özünə münasibətində, qabiliyyət və imkanlarında, daha dəqiq desək, peşəkar özünüdərkin formalaşmasında özünü göstərir. İnsanın özünə münasibətinin professional formalaşması situsiya və predmetlərə, başqa insanlara, fəaliyyət vasitələrinə münasibətindən sonra gəlir.
Özünüqiymətləndirmənin 3 növü: yüksək, aşağı və adekvat növləri ayırd edilir. Özünüqiymətləndirmə şəxsiyyətin “real” və “ideal” obrazları arasında özünüdərkin refleksiv komponenti hesab olunur. Şəxsiyyət professional sferada özünüreallaşdırma ilə bağlı olan həyat məqsədləri, fiziki və şəxsi keyfiyyətləri, öz imkan, bacarıq və tələbatları olan fərddir. Və bu fərd cəmiyyətdə özünü təsdiq etmək, müəyyən statusa malik olmaq, başqa obyektiv və subyektiv səbəblərdən bir sıra dövlət və özəl müəssisələrində işə qəbulla bağlı elanlara müraciət edir.
- Psixologiyada fərdilik anlayışı da var. Yuxarıdakı sualda fərd anlayışına toxundunuz. Sizcə, fərdiliyi necə başa düşməliyik, onun xarakteristikası nədir?
- Fərdiliyin vacib xarakteristikası nəzarət lokusu hesab olunur. İnsanın əməllərinə, eləcə də bütövlükdə həyatına görə məsuliyyəti öz üzərinə götürmə həddini müəyyənləşdirməklə bu anlayışı ilk dəfə psixologiya elminə Julian Rotter gətirmişdir.
İnsanlar onlar üçün əhəmiyyətli hadisələrin səbəblərini necə izah etmələri və onları harada lokallaşdırmaları ilə bir-birindən fərqlənirlər. Lokallaşdırmanın iki tipi mövcuddur.
- Bu tiplər hansılardır?
- Eksternalllıq (nəzarətin xarici lokusu) və internallıq (nəzarətin daxili lokusu). Birinci tip insanlar baş verən (başına gələn) hadisə və proseslərin özündən asılı olmayan səbəblərdən, xarici təsirlərin, məsələn, başqa insanların müdaxiləsi və ya, sadəcə təsadüflər nəticəsində olduğunu hesab edir.
İkinci tip insanlar isə əksinə, müəyyən hadisə və proseslərin başvermə səbəblərini şəxsi səylərinin nəticəsi kimi interpretasiya edir.
-- Xarici və ya daxili lokusu olan məktəb direktorları haqqında nə deyə bilərsiniz?
- Xarici lokusu olan məktəb direktoru öz səhvlərini ya digər insanların (məs: müavinlərin, müəllimlərin), ya da şəraitin (situasiyanın) üzərinə atacaq, nəticədə baş verən situasiyanı obyektiv təhlil edə bilməyəcək. Aydın təzahür edən internal (daxili) lokusuna malik olan məktəb rəhbəri obyektiv şəkildə yaranmış xarici şəraitin, məsələn, kollektivdə əsəb pozuntusuna gətirib çıxaran uğursuz hadisələrin günahını öz üzərinə götürür. Belə rəhbər problemə adekvat reaksiya vermək və onları öz məsuliyyəti çərçivəsində həll etməyə cəhd göstərir.
Koqnitiv aktivliyə malik olan internallar həm gələcək, həm də keçmişdə əhəmiyyətli olan bir çox hadisələri əhatə edən daha geniş perspektivlərə malik olurlar. Bu halda onların davranışı müvəffəqiyyət qazanmağa istiqamətlənən bacarıqların inkişafına və informasiyaların daha dərin emalının inkişaf yoluna yönəlir. Beləliklə, onların nailiyyət tələbatları artma tendensiyasına malik olur. Realda bütovlükdə internalların xarici davranışlarını müşahidə etsək, onların eksternallarla müqayisədə özlərinə kifayət qədər əmin olan insan təəssüratı yaratdıqlarının şahidi olarıq. Elə bu səbəbdən onlar həyatda daha çox yüksək ictimai mövqe tuturlar. Eksternallarda emosional qeyri-sabitliklə praktik düşüncə arasında əlaqənin olduğu, internallarda nəzəri düşüncəylə emosional sabitliyə meylliliyin olduğu müəyyən edilmişdir.
- Məktəb direktorunun psixoloji portretinin tərtib edilməsinin kontekstində nə əsas götürülməlidir?
- Bu işdə şəxsiyyətin peşəkar istiqamətlənmə kimi xarakteristikası əsas götürülməlidir. İstiqamətlənmə - peşə seçimi, uğur qazanma üsulları kimi vacib maraqların, inancların, idealların yekunda insanın həyatında ən əhəmiyyətli məsələləri müəyyən edən dayanıqlı sistemidir. İstiqamətlənmə özünə və qarşılıqlı fəaliyyətə yönəlməklə iki növə ayrılır. Özünəistiqamətlənmiş rəhbər başqalarının maraqlarından asılı olmayaraq, hər şeydən əvvəl işdə öz iddialarını, şəxsi rifah mötivlərini üstün tutmaqda, nüfuza, şəxsi prioritetlərinə cəhd etməkdə görür. Qarşılıqlı fəaliyyətə istiqamətlənmiş rəhbər isə, həmkarları ilə yaxşı ünsiyyət qurmağı bacaran, işgüzar münasibətlərə, kollektivlə əməkdaşlıq etməyə çalışan və qrup işinin yüksək məhsuldarlığına nail olan rəhbərdir.
- Müasir şəraitdə yalnız məsələləri həll etmək istiqamətini prioritet götürən rəhbər tələb olunur. Bu haqda yeni məktəb direktorlarına nə tövsiyə edərdiniz?
- Yuxarıda qeyd olunlara yekun vuraraq, müasir məktəb direktorunun psixoloji portretinin bəzi aspektlərini müəyyən etmək olar: bu, hər şeydən əvvəl, adekvat şəxsi və peşəkar özünəqiymətləndirmə, internal nəzarət lokusu olan tendensiya və əlbəttə, işgüzar peşəkar istiqamətlənmədən ibarətdir. Belə olan halda unutmamalıyıq ki, bu keyfiyyətlər məktəb rəhbərlərinə müasir şəraitdə uğurlu olmağa, adekvat qərarlar qəbul etməyə və öz fəaliyyətinin nəticələrinə cavab verməyə kömək edəcək.
Şakir CƏFƏROV,
Filologiya üzrə fəlsəfə doktoru