Logo

XIX əsrdə Şuşada fəaliyyət göstərən müxtəlif orta məktəblər

09.11.2020 01:00 860 baxış
IMG

Tehsil.biz XIX əsrdə Şuşada fəaliyyət göstərən müxtəlif orta məktəblərinin siyahı və məlumatlarını təqdim edir:


1.Azərbaycanda birinci qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır.


2.1849-cu il aprelin 23-də fəaliyyətə başlayan  Şuşa müsəlman məktəbi adlı təhsil ocağı Azərbaycanda ilk müsəlman şiə məktəbi sayılıb.


3.Şuşada Gövhər ağanın öz adını daşıdığı məscidin nəzdində açdığı Gövhəriyyə məktəbi 1864-cü ildə fəaliyyətə başladı. Burada oxuyan yoxsul uşaqlarının təhsil haqqı Gövhər ağa tərəfindən ödənilirdi.


4.1875-ci ildə Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilən Şuşa Marinski Qız məktəbi dini etiqadından, mənşəyindən asılı olmayaraq, qızların təhsil aldığı xüsusi məktəb idi. Məktəb Ananyevlərin ikimərtəbəli mülkündə yerləşirdi. 


5.Səfərəli bəyin məktəbi 1883-cü ildə görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən açılan bu təhsil ocağı Şuşada ibtidai təhsil verən anadilli məktəb idi. Səfərəli bəy Vəlibəyov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müəllimi idi. O, yayda Şuşada istirahət edən zaman müvəqqəti olaraq bu məktəbi açmışdı ki, uşaqlara savad öyrətsin.


6.Qori Müəllimlər Seminariyasının məzunu Camal bəy Fətəlibəyov 1893-cü ildə Şuşada  rus-Azərbaycan məktəbi açdı.
Xalq arasında onu öz yaradıcısının adı ilə "Camal bəyin məktəbi" adlandırırdılar. Adıgözəlovların evində yerləşən bu məktəb ən çox şagirdi olan təhsil müəssisələrindən sayılırdı. 1893-cü ildə 25, 1895-ci ildə 60, 1896-cı ildə 80 şagirdi vardı. İldə hər şagirddən 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. 


7.İrəvan Müəllimlər Seminariyasının məzunu Hüseynəli bəy Rüstəmbəyov tərəfindən Şuşa üçüncü dərəcəli xüsusi məktəbi 1895-ci ilin sentyabrında açılmışdı.


8.1896-cı ilin oktyabrında Şuşa ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı. Şəhər əhalisi məktəbin bütün xərclərini öz üzərinə götürmüşdü.

Xəbər lenti