Logo

Şagird nailiyyətlərinin qiymətləndirilməsi

01.10.2021 10:56 1098 baxış
IMG

Təhsilin keyfiyyətinin əsas göstəricilərindən biri olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyəti ilə təmin olunur. Bu fəaliyyət təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin təşkili və idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsində vacib rol oynayır.

Belə ki, qiymətləndirmə tədris prosesi, pedaqoji strategiyaların tənzimlənməsində müvafiq dəyişikliklərin edilməsi ilə birbaşa əlaqəli olaraq, şagirdin maraq və ehtiyaclarına görə aparılır. Qiymətləndirmə səmərəli öyrənmə mühiti qurmağa, təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təhsilalanların mənimsəmələrinin keyfiyyətini müəyyənləşdirməyə obyektiv şərait yaradır. Həmçinin təlim prosesinin gedişi və nəticələri haqqında hərtərəfli məlumat əldə etməyə, şagirdlərin irəliləməsini və ya geriləməsini izləməyə imkan verir, şagird şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərir, onlarda öz uğurlarına və yoldaşlarının nailiyyətinə münasibət bildirməyi tərbiyə edir, hər bir öyrənəndə məsuliyyət hissini formalaşdırır.

Məzmun standartları şagirdin müvafiq bilik, bacarıq, dəyər və səriştələrə nail olmasını təmin edən inteqrativ təlim nəticələridir. Məzmun standartları təlim nəticələri ilə reallaşır. Təlim nəticələrinin hansı səviyyədə reallaşdığı qiymətləndirmə ilə ölçülür. Təhsildə məzmun islahatı öz növbəsində qiymətləndirmə istiqamətində də yenilənmə və təkmilləşməni zəruri edir. Bu səbəbdən, təhsilin inkişafına yönəlmiş qiymətləndirmə ilə bağlı tədbirlər Azərbaycan Respublikasının ümumi təhsil sistemində yeni qiymətləndirmə siyasəti ilə tənzimlənməli və onun tərkib hissəsi olmalıdır.

Qabaqcıl təhsil sistemlərinə malik Yeni Zelandiya, Cənubi Koreya, Finlandiya, Sinqapur kimi ölkələrdə əsasən bacarıqları ölçən səriştə əsaslı qiymətləndirmə həyata keçirilir. Bu təcrübələrdən yararlanaraq mövcud qiymətləndirmə siyasətimizdəki problemləri aşkar etmək, milli prioritetlər nəzərə alınaraq uğurlu modellər əsasında yeni qiymətləndirmə siyasətini formalaşdırmaq labüddür.

Beləliklə, Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmənin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilməlidir. Belə ki, PISA, TIMSS, PIRLS yönümlü yeni qiymətləndirmə vasitələrinin məktəbdaxili və milli qiymətləndirməyə inteqrasiyası təmin olunmalı, mütəxəssislər hazırlanmalı və müəllimlər üçün təlimlər təşkil edilməlidir. Əlavə olaraq, ictimaiyyətin məlumatlandırılması üçün müxtəlif tədbirlər, “dəyirmi masa”lar, seminarlar təşkil olunmalıdır.

İlahə TAĞIYEVA,

ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri

Xəbər lenti