Logo

Təhsil və dəyər

06.10.2021 10:25 871 baxış
IMG

Məşhur ensiklopediyaların birində yazılır ki, nəyə qiymət verilirsə, o dəyərdir. Deməli, qiymətli və dəyərli olmaq üçün dəyərlərə sahib olmaq gərəkdir. Biz biliklərə qiymət veririk. Bəs ədalət,  həqiqət, mərhəmət, vətənə sevgi, xeyirxahlıq, azadlıq, bərabərlik, düzgünlük kimi dəyərlər də qiymətləndirilməli deyilmi? 

Dəyər sistemi şəxsiyyəti daim mənəvi yüksəklikdə saxlayır, onu insani, sosial və saf ideallara bağlayır, əsl vətəndaşa, xeyirxah insana, fədakar dosta, yorulmaz peşəkara, cəsur əsgərə çevirir. 

Qəhrəmanlıq da dəyərdir və o, satılmır, yaxud mübadilə edilmir. Həmin qəhrəmanları ailələrimizdə və məktəblərimizdəki aşılanan dəyərlər yetişdirib. 

ABŞ ordusu ilə bağlı məşhur bir tədqiqat var. Alimlər əsgərləri irəli aparan, cəsur edən, ölümün üstünə yürüdən amilləri öyrəniblər. Bəlli olub ki, ölkəsinə sevgi ilə yanaşı, digər insani və bəşəri amillər də burada rol oynayır. Hətta fərdi amillər də. Məsələn, digər döyüş yoldaşlarının gözündən düşməmək kimi bir düşüncə. Bu da şəxsi ləyaqət hissidir. Bu da dəyərdir. Və biz bunu 44 günlük Vətən müharibəsində gördük...Azərbaycan Ordusundan fərari olmadı.
Yeri gəlmişkən: Rusiyanın Elm və təhsil naziri və sonra ilk qadın Maarif naziri olmuş, professor Olqa Vasilyeva müsahibələrinin birində maraqlı məsələyə toxunub: “ABŞ-da bütün siniflər Vaşinqtondakı Veytnam müharibəsində həlak olmuş əsgər və zabitlərin Memorialını ziyarət etməlidirlər. Hər ştatın uşaqlarına həlak olanlar haqqında ətraflı məlumatlar verilir. Bir neçə il öncə mən də həmin Memorialı ziyarət etdim. Digər xarici vətəndaşlarla memoriala enərkən bir-birimizlə sakit danışığımızı 13-14 yaşlı bir uşaq gördü və avtomatik olaraq barmağını dodağına yapışdırıb, susmağı işarə etdi. Yəqin ki, mən ölkəmdə hələ uzun illər Əbədi məşəlin qarşısında belə hərəkət edən uşağa rast gəlməyəcəm”. Bunun özü də bir nümunədir.
Təhsil və tərbiyə  müasir dövrdə ona görə şəxsiyyətyönümlü sayılır ki, o dəyərlərin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Aşılanan dəyərlər uşaqları və gəncləri mənən sağlam etməklə yanaşı, onları gücləndirirməlidir. Onlar öz ideallarını yaratmalı, xeyirxah və çalışqan, yorulmaz və cəsur olmağı öyrənməlidirlər. Onlar çağımızın tələblərinə cavab verən peşəkarlardan olmaq üçün məqsədə sahib olmalıdırlar. Onlar valideynlər, vətən və bəşəriyyət qarşısında borcunu anlamalı və ödəməlidirlər. Onlar yaxşı qonşu, iş yoldaşı, vətəndaş, əsgər, iş tərəfdaşı, ailə başçısı olurlar. Bunlara isə yalnız biliklərlə nail olmaq mümkün deyil, bunlar dəyərlərin sayəsində gerçəkləşir. 

Tez-tez eşidirik: “Filankəs dəyərli adamdır”. Yəni qiymətli adamdır, yəni onu sevirlər, onun əməlləri, sözləri qiymətləndirilir. O, buna öz dəyərləri ilə nail olur. Dəyərlərin olmalıdır ki, sənə dəyər versinlər. Ona görə də dəyərlər təkcə mənəvi tələb deyil, müasir dövrdə sosial həyat və karyera üçün də praqmatik tələbdir. Yəni dəyərlər həm də uşaqlara və gənclərə uğur qapılarını açır. Dəyərlər sistemi formalaşmamış gənclər daim itələyici və uğursuz münasibətlərə tuş gəlirlər. 
Hesab edirəm ki, bu ilə bir fürsət kimi baxılmalı,  Azərbaycan məktəbinin aşılamaq istədiyi dəyərlər sistemi ilə bağlı elmi-pedaqoji konsepsiya yenidən formalaşdırmalı və bunu aşılamağın metodologiyasını müasir dövrə uyğunlaşdırmalı, bu sahədəki işlər gücləndirilməlidir. 
Sosial şəbəkələrdə dövlətin, millətin, ayrı-ayrı şəxslərin əleyhinə iyrənc mövqe ortaya qoyanlar dəyərlərə sahib olmayanlardır. Məktəb icbari təhsil pilləsindən ciddi tərbiyə işləri həyata keçirməlidir. “Bir uşaq belə tərbiyədən kənarda qalmamalıdır” tezisi “Bir uşaq delə təhsildən kənarda qalmamalıdır” tezisi ilə yanaşı səslənməlidir. Yeni dövrdə, İnformasiya cəmiyyətində müəllimlərimiz buna ciddi şəkildə hazırlaşmalıdırlar.  
Azərbaycan məktəbinin aşılamq istətiyi dəyərlər sistemi ilə bağlı elmi-pedaqoji konsepsiya yenidən formalaşdırılmalı və bunu aşılamağın metodologiyası müasir dövrə uyğunlaşdırılmalı, bu sahədəki işlər gücləndirilməlidir.

Çünki mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür. 

Dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Məktəbin üzərində belə yüksək vəzifənin olması onun rolunu əvəzsiz edir.

Etibar Əliyev

Xəbər lenti