Sevdiklərimizlə bərabər yaşamaq, həyatı paylaşmaq daha asan, daha zövqvericidir
İnklüzivlik bir keyfiyyətdir. İndiyədək bu keyfiyyətin təmin olunduğu barmaqla sayılacaq qədər -uzun müddət, sadəcə Bakıda 4 belə sinif olub.
Bakıda 246 nömrəli tam orta məktəb, Qubada 2 nömrəli məktəb-lisey, Gəncədə 39 nömrəli, Sumqayıt şəhərində 4 və 21 nömrəli, Şirvanda 10, Şəki şəhərində 12 nömrəli tam orta məktəblərdə də inklüzivlik təmin edilib.
Qazax şəhər 2 nömrəli tam orta məktəb “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində bu tədris ilində 7 bölgədə yaradılan 8 inklüziv məktəbdən biridir. Bu məktəb də yuxarıda adını çəkdiyimiz 7 məktəb kimi xüsusi meyarlar əsasında seçilib.
Məktəbin tədris işləri üzrə direktor müavini Könül Kərimova “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, 20 nəfərdən təşkil olunan inklüziv sinifdə 2 nəfər əlilliyi olan şagird təhsil alır və onları məktəbə cəlb eləmək elə də asan olmayıb: “Valideynlər uşaqlarını evdən çıxarmağa utanırdılar. Başqalarının onların uşaqlarını ələ salacaqlarından ehtiyat edirdilər. Ancaq indi uşaqlarını məktəbə o qədər ürəklə gətirirlər ki... Hiss olunur ki, artıq heç bir narahatlıqları qalmayıb”.
Həkim dedi ki, onun dərmanı MƏKTƏBdir
Sinifdə kim dərsdən qalsa da, Ləman Abdullayeva və Əsmər Hacıyeva hər gün məktəbdədir. Onlar sinifdəki yoldaşlarına çoxdan qaynayıb-qarışıblar.
Uşaqlardan biri - Əsmər Hacıyevanın hekayəsini anası Əfsanə Əliyevadan dinlədik. Öyrəndik ki, uşaqlıqda keçirdiyi qıcolmalardan sonra əqli inkişafı zəifləyən qızcığazın müalicəsi davam edir: “Həkimi onu məktəbəhazırlığa göndərməyi tapşırdı. Mən də qızım öncə məktəbəhazırlığa getsin istədim. Amma artıq gecikmişdik. Dekabr ayında Əsmərin 6 yaşı tamam olacaq. Sinifdə hamı məktəbəhazırlıq sinfində oxuyub. Əsmər birbaşa birinci sinifdən başladı. O, nə məktəbəhazırlıqda oxuyub, nə də bağçaya gedib”.
Ana ötən ilə nisbətən uşağının daha yaxşı danışdığını, məktəbə ayaq açandan isə hətta mahnı da oxumağa başladığını söyləyib:“Əvvəl çox çətin idi. Əsmər bir neçə gün alışa bilmədi məktəbə, ağlayıb burda qalmaq istəmədiyini deyirdi. Artıq daha yaxşıdır, məktəbə daha həvəslə gəlir. Evdə öz-özünə “Gözəl vətən” mahnısı oxuyur, öyrəndiyi idman hərəkətlərini göstərir, 10-a qədər sayır. Məktəb başlayandan xeyli öyrəndikləri var”.
2 nömrəli məktəbdə uğurlu başlanğıc
Tədris işləri üzrə direktor müavini Könül Kərimovanın sözlərinə görə, uğurlu başlanğıc həm də aparılan işin nəticəsi olub: “Müəllimlərlə yanaşı, biz - məktəb rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları da təlimlərdən keçdik.Təlimçimiz Günay Çəndirli idi.O, bu təlimlərdə dərslərin necə qurulmasından tutmuş əlilliyi olan uşaqlarla sinifdə davranışa qədər bir çox məqama diqqət çəkdi. Onların məktəbdə qarşılaşa biləcəkləri problemlərlə bizi tanış elədi. Günay Çəndirli təlimlərdən sonra valideynlərlə də görüşdü. Bu görüşün də nəticəsi ürəkaçan oldu. Valideynlər Günay xanımdan xahiş edirdi ki, tez-tez gəlib təlimlər keçsin. Düzdür, təlimlərə qədər də sinifdə əlilliyi olan uşağın təmsil olunmasından narahatlıq ifadə edən valideyn olmamışdı. Ancaq təlimlərdən sonra valideynlərin uşaqların bir yerdə təhsil almasına daha həvəsli yanaşdığını müşahidə edirdik. Görüşdə təqdim edilən videoçarxlar iştirakçıların hər birinə təsir etdi. İnanın ki, hamı göz yaşlarıyla izlədi. Amma təlimlərdən sonra daha məlumatlı oldular və inklüzivliyin təmin olunmasının onların uşaqlarında əlavə müsbət keyfiyyətlər formalaşdıracağı qənaətinə gəldilər. Hətta bütün siniflərdə inklüzivliyin təmin olunmasını arzulayanlar belə oldu”.
Uşaqların köməkçisi
Layihə çərçivəsində sinifdə bir korreksiyaedici pedaqoq da işləyir. Pəri Eyyubova burda uşaqların əsas köməkçisidir: “Hər gün səhər saat 8-dən gəlir, 5-6 saat uşaqlarla bərabər olur, kitab-dəftərlərini çıxartmalarında, bir sözlə desək,uşaqların ehtiyac duyduğu, çətinlik çəkdiyi hər işdə onlara yardım edirəm”.
Aralarındakı fərqi heç biri hiss etmir
İndiyə qədər əlilliyi olanlar evdə fərdi dərs alırdı. Bu yolla onların təhsil hüququ təmin olunsa da, asosial olur, həmyaşıdları, tay-tuşlarıyla bərabər böyümək imkanından məhrum qalır, beləliklə, dövlətin böyüyən nəsil üçün yaratdığı şəraitdən hamıyla bərabər səviyyədə istifadə etmək şansından yararlana bilmirdilər. Artıq inklüzivliyin təmin olunduğu siniflərin sayı artır. Təkcə Bakıda yox, Azərbaycanın bölgələrində də. Təbiidir ki, say artdıqca imkanlardan yararlananlar da çoxalır. Üstəlik, onları məktəb özü axtarıb tapır, sinifdə yerlərini almalarında israrlı davranır. Elə 2 nömrəli məktəbdə olduğu kimi. Direktor müavini Könül Kərimovanın sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların məktəbəmüraciət etməyini gözləməyib, məktəb özü də axtarışlara başlayıb. Müvafiq strukturlara müraciət olunub, ərazi üzrə əlilliyi olan uşaqların siyahısı əldə edilib və hər iki şagird təhsilə cəlb olunub. Şagirdlərdən biri fiziki, digəri əqli əlilliyi olan uşaqdır. Məktəbin başladığı bir ay müddətində əlilliyi olan uşaqlar sinif yoldaşlarıyla elə dostlaşıblar ki, aralarındakı fərqi heç biri hiss etmir. Başqaları dərs buraxır, amma Əsmərlə Ləman hər gün dərsdədir. Əsmər deyir müəllimini də, məktəbi də çox sevir.
Uşaqlar məktəbi çox sevir
Layihə çərçivəsində hələlik hər məktəbdə bir inklüziv sinif var. 2 nömrəli tam orta məktəbdə IC sinfi inklüzivliyin təmin olunduğu ilk sinifdir.
Dərya Hacıyeva Əsmər Hacıyevayla dostluq edir. Dediyinə görə, sinifdəki qızların çoxu biri-biriylə dostdur. Dəryanın nənəsi Hürü Nəsibova deyir ki, təlimlərə o da gəlib. Heç əvvəldən də uşaqların bir yerdə oxumağından narahat olmayıblar: “Təlimdə söhbətin nədən getdiyini anladıq, nəinki narahatlıq keçirən oldu, əksinə hamının xoşuna gəldi. Sağlamlıq problemi hər kəsdə ola bilər. Birinin problemi görünür, başqasının problemi yox. Uşaqlar məktəbi çox sevir. Dəryanın Əsmərlə bir sinifdə oxuması onun üçün hər hansı problem yaratmır. Dərya müəllimini də, dostu Əsməri də çox sevir”.
Sinifdə “problem”
Məktəbin psixoloqu Afət Əsgərova da şagirdlərin biri-birinə, məktəbə, o cümlədən yeni mühitə alışmalarına kömək edir. Hər il ilk növbədə I sinfə qəbul olunan uşaqların məktəbə sosial-psixoloji hazırlığı ilə maraqlandıqları kimi, bu il də birincilər onların öncəliyidir: “Bu il məktəbimizdə yaradılan inklüziv sinif xüsusilə diqqət mərkəzindədir. Sinifdə korreksiyaedici pedaqoq olsa da, şagirdlərin qarşılıqlı münasibətlərini mütəmadi nəzarətdə saxlayıram. Biri-birinə münasibətini, o cümlədən fərdi inkişaflarını izləməyə çalışıram. Sinifdə əlilliklə bağlı problem olmur. Məktəbdə problemli münasibətlərlə qarşılaşanda bunu vaxtında aşkarlamaq üçün də testlər keçiririk. Valideynlərə və sinif rəhbərlərinə sorğu anketləri paylayırıq. Sinifdə problemli uşaqlar, ya da problemli münasibətləri olanlar varsa, bu yolla öyrənirik. Sadəcə ilk dəfə məktəbə gələn şagirdlərimizin deyil, yuxarı sinif şagirdlərinin də problemlərinə biganə qalmır, imtahan öncəsi stresini azaltmağa yönələn, yaxud peşə istiqaməti seçmək istəyənlərə yardım məqsədli testlərimiz, söhbətlərimiz olur. Nəinki məktəbdə, ailədə problemləri olanlarla da söhbətlər apararaq onların psixoloji gərginliyini azaltmağa çalışırıq. Düzdür, valideynlər də, uşaqlar da problemlərindən danışmır, problemlərini paylaşmaqda maraqlı olmurlar. Amma mümkün olan hər yola əl atır, ehtiyacını hiss etdiyimiz hər kəsə kömək etməyə cəhd göstəririk”.
3 meyar üzrə seçim
Beləliklə, Qazaxdakı 2 nömrəli tam orta məktəb də olmaqla, 7 regionda 8 məktəbdə başlayan bu proses Təhsil Nazirliyinin BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. Layihəni Təhsil İnstitutu icra edir.
Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin aparıcı mütəxəssisi Aysel Qasımova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində layihə çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, seçilən, sadəcə məktəblər olmayıb: “Qiymətləndirmə meyarları 3 əsas istiqamətdə hazırlanıb. İnklüziv siniflərin təşkil olunacağı ümumtəhsil məktəblərinin seçimi, inklüziv siniflərə cəlb olunacaq sağlamlıq imkanları məhdud uşaqların qiymətləndirilməsi və seçilməsi, məktəblərin hər birinə korreksiyaedici pedaqoqun seçimində müəyyən edilən parametrlər üzrə meyarlar hazırlanıb”.
Beləliklə, həm məktəb, həm şagirdlər, həm də korreksiyaedici pedaqoq seçilib.
“İnklüziv”
İnklüzivliyin təmin ediləcəyi məktəblər seçildikdən dərhal sonra orada iş başlayıb. Təsərrüfat hesablı Tikinti və Təchizat İdarəsi seçilmiş məktəblərdə infrastrukturu fiziki əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırmaq üçün tikinti və təmir işləri həyata keçirib. Bütün uşaqların məktəbə daxil olması, burada hərəkəti və keyfiyyətli təhsil ala bilməsi üçün müvafiq şərait yaradılıb.
Dünyada qəbul edilmiş qaydalara görə bir sinifdə 2 əlilliyi olan uşaq təhsil ala bilər. Azərbaycanda da belə olacaq. A.Qasımovanın sözlərinə görə, uşaqların seçilməsi üçün Psixoloji Tibbi Pedaqoji komissiyalarla iş aparılıb, komissiya üzvlərinə təlimlər keçilib. Onlar ilk növbədə uşaqlara əlçatanlığın necə təmin olunması barədə təlimatlandırılıblar: “İinklüziv siniflərdə şagird sayı ənənəvi siniflərdə olduğundan daha azdır. Şagird sayı 30 və daha artıq olan siniflərdə əlilliyi olan uşaq yerləşdirilmir. Beynəlxalq tələblərə görə sinifdə 2-dən daha artıq əlilliyi olan uşaq varsa, müəllimin həmin sinifdə işinin keyfiyyəti olmaz”.
İnklüzivliyin təmin edilməsi təkcə infrastrukturla bağlı yox, həm də uşaqlarla işləyəcək komandanın xüsusi hazırlığından sonra baş verib. Məktəblərdə inklüziya mədəniyyətinin formalaşdırılması üçün valideynlərlə,əlilliyi olmayan uşaqlarla, o cümlədən məktəb heyəti ilə ayrılıqda görüşlər keçirilib.
Müəllimlərlə aparılan iş, sadəcə görüşlərlə məhdudlaşmayıb. Onlar sağlamlıq imkanı məhdud şagirdə dərs demək üçün xüsusi hazırlıq keçiblər. İbtidai sinif müəllimləri ilə başlayan bu proses davam edir. Ancaq proses ibtidai sinif səviyyəsi ilə məhdudlaşmayacaq, ayrı-ayrı fənn müəllimləri də təlimlərə qatılacaqlar: “Bu prosesə, sadəcə ibtidai sinif müəllimləri deyil, artıq yuxarı siniflərdə dərs keçən ayrı-ayrı fənn müəllimləri, direktor və direktor müavinləri də cəlb edilir.Üzərimizə düşən əsas iş müəllimlərə metodiki dəstəyin göstərilməsidir. İnklüziv təhsil əməkdaşlıq tələb edir və müəllimlər bu prosesdə tək qalmamalıdırlar. Ona görə də, təlimçilərimiz həm də mentorluq xidməti göstərəcək, hər ay bölgələrə səfər edərək dərslərə qatılacaq, lazım olan dəstəyi göstərəcəklər. Mütəmadi keçirilən mnitorinqlərlə mövcud çətinliklər müəyyənləşdiriləcək. Hazırda ilkin rəy sorğuları yekunlaşmaq üzrədir. Videoçarxlar, “Məktəbəqədər qruplarda inklüziv təlimin təşkili” adlı metodiki vəsait hazırlanıb. İbtidai siniflərdə dərs deyən müəllimlərin masaüstü kitabı kimi istifadə edə biləcəyi metodiki vəsait üzərində isə iş gedir”.
İnklüziya mədəniyyətinin formalaşdırılması
Təhsildə inklüzivliyin təmin edilməsi istiqamətində başlayan proses yenidir. Layihə əməkdaşları yorulmadan işləyir, hətta layihədə nəzərdə tutulmayan işləri də görürlər: “Bir görüş, bir neçə dəfə aparılan söhbətlə əlilliyə münasibəti dəyişmək olmaz. Ona görə də, inklüziya mədəniyyətinin formalaşması üçün tədbirlər davam etdiriləcək. Tədbirlərimizin miqyasını genişləndirməyi düşünürük. Məsələn, layihə çərçivəsində “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilən tədbir keçirdik. Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Şəki, Quba və Qazax rayonlarında inklüziv siniflər təşkil olunan məktəblərdə şagirdlər və onların valideynləri ilə ayrı-ayrılıqda görüşlərimiz oldu. Ümumilikdə 151 şagird və 145 valideynin iştirak etdiyi görüşlər zamanı şagirdlərlə müxtəlifliyə tolerantlıq mövzusuna toxunduq və interaktiv məşğələlər təşkil etdik. Valideynlərlə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzuları müzakirə etdik.İnklüziv siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi də nəzərdə tutulub. Əslində, indiyədək layihədə nəzərdə tutulanlardan çox iş görülüb. Yerlərdə yaranan problemlərə dərhal münasibət göstərilir, proseslər düzgün koordinasiya edilir və hər problem müzakirə olunur. İnanırıq ki, bu gərgin işimizin müsbət nəticəsi olacaq”.
Onları sevməyi öyrənək
Bu inam hər kəsdə var. Nəzərə alsaq ki, sağlamlığını itirmək hər kəsin qarşılaşacağı problemdir, o zaman sağlamlığını müxtəlif səbəblərdən itirənlərə aşağılayıcı, fərqliliklərini ən kobud şəkildə hiss etdirən münasibət başadüşülən deyil. Bu uşaqların inklüziv təhsil hüququnu təmin etmənin ən yaxşı yolu cəmiyyətimizdə əlilliyə və müxtəlifliyə tolerant münasibətin təminatından başlayır. Gəlin, mərhəmət etməyi yox, onları sevməyi öyrənək. Öncə sevək, sonra uşaqlarımıza da sevdirək. Çünki sevdiklərimizlə bərabər yaşamaq, həyatı paylaşmaq daha asan, daha zövqvericidir.
Ruhiyyə DAŞSALAHLI