Logo

“I Qarabağ Müharibəsi olmayıb” - ifadəsi Müstəqil Azərbaycanın dörd illik hərb tarixinin inkar olunması deməkdir

04.11.2021 20:01 519 baxış
IMG

Məlum olduğu kimi son günlər “I Qarabağ müharibəsi olmayıbdır” fikri üzərində ciddi müzakirələr aparılmaqdadır.  Müxtəlif informasiya vasitələri və sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu mövzu hərb tariximizin mühüm bir dövrünü əhatə etməklə (1991-1994-cü illər) bərabər, həmçinin elmi və nəzəri təhlil xarakterli yanaşmanın da vacibliyini ortaya qoyur. 

“I Qarabağ müharibəsi olmayıbdır”- ifadəsini işlətmək nə dərəcədə elmi-nəzəri baxımdan doğrudur. Bu suala cavab vermək üçün ilk növbədə 1991-1994-cü illər dövründə yenicə müstəqiliyini bərpa etmiş dövlətçilimizin hüquqi və siyasi əsaslarına diqqət yetirmək lazımdır. Həmçinin Qarabağ bölgəsində baş verən hərbi proseslərin mahiyyətini və doğurduğu nəticələri də diqqətdə saxlamağa ehtiyac vardır.  

Məlumdur ki, XX əsrin sonlarına doğru Sovet imperiyasının tənəzzül prosesi, eyni zamanda etnik münaqişələr fonunda da təzahür edirdi. Sovet imperiyasından miras qalan Dağlıq Qarabağ münaqişəsi də o zamankı sovet rəhbərliyinin səriştəsiz siyasəti və ermənipərəst mövqeyi nəticəsində yenidən alovlanmağa başlamışdı. Bunun nəticəsi idi ki, artıq 1988-ci ilin fevralında erməni vandalları Ağdam rayonunda ilk iki azərbaycanlını qətlə yetirmişdir. Bu hadisə praktiki olaraq Qarabağ münaqişəsinin alovlanması üçün ilkn atəşlərdən biri idi. 

Qarabağ münaqişəsinin alovlanması 1988-ci ildən etibarən başlasa da, dövlətlərarası müharibəyə çevrilmə faktı 1991-ci ilin sonlarına təsadüf edir. Belə ki, 1991-ci ildə Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsindən sonra bu münaqişə böyüyərək Qarabağ müharibəsinə çevrilmişdir. Müstəqilliyin bərpasına qədər Azərbaycan bir xalq olaraq erməni işğalçılarına və onların havadarlarına qarşı müqavimət göstərirdisə də, müstəqillikdən sonra isə Azərbaycan müstəqil dövlət olaraq öz ərazilərinin qorunması uğrunda mübarizəyə başladı. 

Dövlətin əsas atributlarından biri olan ordu quruculuğunu həyata keçirmək üçün hələ 5 sentyabr 1991-ci ildə Valeh Bərşadlının rəhbərlik etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılmış və bütün özünümüdafiə qüvvələri Müdafiə Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra mövcud real şərait və daxili imkanlar hesabına ordu quruculuğu istiqmətində  ciddi işlər görülmüşdür. Həmçinin Qarabağ bölgəsində erməni separatizminə qarşı hərbi-siyasi və hüquqi müstəvidə mübarizə aparmaq üçün müvafiq addımlar atılmağa başlamışdır. Məhz bu addımların tərkib hissəsi olaraq 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqqında qanun qəbul edir. 

Sovet imperiyasının işğalından yenicə azad olan Azərbaycan Respublikası bir tərəfdən öz müstəqilliyini qorumaq üçün şimaldan gələn hərbi təhlükəyə qarşı mübarizə aparmaq, digər tərəfdən isə erməni işğalına qarşı ciddi tədbirlər görmək məcburiyyətində idi. Bu dövrdə Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən Rusiya bütün imkanlarından istifadə edərək, Azərbaycanın iqtisadi, siyasi, ərazi bütövlüyünə təhlükə yaradan addımlar atır və yaxud bu tipli təşəbbüsləri himayə edirdi. Rusiya rəhbərliyi Müstəqil Azərbaycan Respublikasını cəzalandırmaq üçün erməni kartından məharətlə istifadə edir, Qarabağ bölgəsinin ermənilər tərəfindən işğal olunması üçün onlara hər cür siyasi və hərbi dəstəyi göstərirdi.  Bunun nəticəsi idi ki, 1992-ci ilin 25-26 fevral tarixində bəşəriyyətin ən böyük cinayəti Xocalı soyqırımı törədildi. Bu soyqırım zamanı Azərbaycan Hərbi Qüvvələrinin bütün hədəflərinin zərərləşdirilməsində SSRİ-nin - Rusiyanın 366-cı motoatıcı diviziyası xüsusi rol oynamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, ümumilikdə Qarabağ bölgəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasında Rusiya silahlı qüvvələrinin bu və ya digər formada iştirakı olmuşdur. 

Mövcud siyasi və hüquqi sənədlər, gerçək hərbi faktlar onu deməyə əsas verir ki, Azərbaycan torpaqları Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Dünya hərb tarixinin prinsiplərinə nəzərən, iki müstəqil dövlətin arasında baş verən hərbi əməliyyatlar müharibə hesab olunur. Bu baxımdan 1991-1994-cü illərdə Müstəqil Azərbaycan Respublikası ilə işğalıçı Ermənistan Respublikası arasında baş verən hərbi münaqişə bütün parametrlərinə görə müharibə idi. Bu müharibə məzmun və nəticəsindən asılı olmayaraq  dövlətlərarası müharibə idi. 1994-cü ilin may ayında Qarabağ müharibəsində atəşkəsə nail olmaq üçün imzalanan Bişkək protokolunda  münaqişə tərəflərindən birinin Ermənistan olması da bu faktı təsdiq edir.    

Qeyd edək ki, I Qarabağ müharibəsində tərəflər arasında çoxsaylı hərbi əməliyyatlar, şiddətli döyüşlərin baş verməsi danılmaz faktdır. Hətta bu döyüşlərin bir qismində Azərbaycan Ordusu parlaq qələbələr qazanmışdır. 1992-ci ilin iyun ayında Azərbaycan Ordusunun başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın yarısı erməni işğalçılarından azad olunmuşdur. Həmçinin 1992-ci ilin 8 avqustunda Azərbaycan Ordusu Gədəbəy rayonunu Başkənd qəsəbəsini düşmən işğalından azad etmişdir.  

Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazililərinin azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan ordusu minlərlə erməni döyüşçüsünü məhv etmişdir.   

1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin Ali Baş Komandanlığında hərbi əməliyyatlar davam etdirilmiş, 1993-cü ilin dekab -1994-cü ilin fevral ayı ərzində 2000 nəfərdən çox erməni hərbçisi məhv edilmişdir. Bu döyüşlərdə Horadiz qəsəbəsi də daxil olmaqla bir çox məntəqələr düşməndən azad edilmiş, Azərbaycan ordusu Arazboyu ərazilərdə 40 km irəliləyərək düşməni geri oturmuşdur. 

I Qarabağ Müharibəsində minlərlə erməni işğalçısını məhv edən Azərbaycan Silahlı Qüvvələri 25 min nəfərə qədər şəhid vermişdir. 

Onu da qeyd etmək lazımdır ki, bu 1991-1994-cü illərdə Müstəqil Azərbaycan Respublikası düşmənə qarşı hərbi müstəvidə mübarizə aparmaqla yanaşı, beynəlxalq aləmdə də Ermənistan Respublikasının bir işğalçı dövlət olduğunu təsbit etməyə çalışmış, erməni işğalına son qoymaq üçün beynəlxalq təşkilatlar səviyyəsində ciddi hüquqi sənədlər qəbul  olunmuşdur. Məhz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağın Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin azad olunması haqqında qəbul etdiyi qətnamələri (822, 853, 874, 884 nömrəli qətnamələr) bu qəbildəndir. 

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1991-1994-cü illərdə Azərbaycan Ordusu Ermənistan və onların havadarları ilə baş verən müharibədə  məğlub olaraq öz ərazilərinin bir hissəsini müvəqqəti olaraq itirdi. Lakin buna baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxladı və qısa zamanda öz hərbi-siyasi və iqtisadi gücünü bərpa edə bildi. 

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixində baş verən 44 günlük II Qarabağ Müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev öz qəhrəman ordusu ilə Erməni Silahlı Qüvvələrini darmadağın edərək işğal altında olan Qarabağ torpaqlarını azad etdi. 

1991-1994-cü illərdə Ermənistanla-Azərbaycan arasında baş verən müharibə təkcə Dağlıq Qarabağ ərazilərini əhatə edən bir lokal münaqişə deyildi, həmçinin Ermənistanla həmsərhəd olan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları, eyni zamanda Fizuli, Ağdam bölgəsinin azad olunması uğrunda aparılan müharibə idi. Bu dövrdə baş verən hərbi münaqişənin dövlətlərarası xarakter daşıdığını, hərbi əməliyyatların arealını, həmçinin nəzəri və hüquqi aspektlərini təhlil etdikdə bu qənaətə gəlmək olur ki, Ermənistanla-Azərbaycan arasında baş verən hərbi konflikt müharibə idi və bu müharibə Azərbaycan torpaqlarının azad olunması uğrunda aparılırdı.   

I Qarabağ Müharibəsi (1991-1994-cü illər) Azərbaycan hərb tarixinin ən mühüm mərhələlərindən biridir. Bu müharibə dövründə Azərbaycan dövləti itkilər verərək torpaqlarının bir hissəsini itirsə də, hərbi əməliyyatlar nəticəsində minlərlə erməni silahlı hərbçisi məhv edilmiş, digər ərazilərin işğalının qarşısı alınmışdır.  

Aparılan təhlilər, hərbi-siyasi qənaətlər onu deməyə əsas verir ki, “I Qarabağ Müharibəsi olmayıb” - ifadəsini işlədərək, bu fikirlər üzərində təhlillər aparmaq, I Qarabağ Müharibəsinin mahiyyətinin və məzmununun təhrif edilməsi, Müstəqil Azərbaycanın dörd illik (1991-1994-cü illər) hərb tarixinin inkar olunması deməkdir.

Mübariz Ağalarlı

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,    ADPU-nun dosenti

Xəbər lenti