Hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Hələ ötən əsrin 90-cı illərində müstəqillik əldə edildikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi qanunvericilik islahatlarınıda da arxa plana keçirmişdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu və Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdi. Gənc və müstəqil dövlətin qarşısında birinci növbədə yeni Konstitusiya layihəsinin hazırlanması dururdu. Lakin konstitusiya layihəsini hazırlamaq üçün Müvəqqəti Komissiya yaradılsa da, respublikada yaranmış böhranlı vəziyyətlə əlaqədar faktiki olaraq, heç bir iş görülməmişdir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qaydışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı. Ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü. Bu inkişafı təmin etmək üçün ölkəmizdə mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına böyük ehtiyac var idi.
Azərbaycan Respublikasının Milli Məclisinin 2 may 1995-ci il tarixli 1048 saylı qərarı ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Dövlət komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə “Hə” cavabını verdi. Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca naliyyətlərini özündə ehtiva edən bir sənəddir. Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.
Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.
Qürurla deyə bilərəm ki, ulu öndərimizin banisi, memarı və müəlifi olduğu Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi tərəqqiyə aparır. Bu gün Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilmiş, daha mütərəqqi, yüksək və qlobal uğurlara imza atmışdır. Bu uğurlar sözsüz ki, ulu öndərin təməlini qoyduğu siyasi kursu ləyaqətlə davam etdirən dövlət başçımız cənab İlham Əliyevin düzgün siyasətinin nəticəsidir.
Nəhayət ki, 30 illik həsrətə 44 gündə son qoyuldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi, Azərbaycan Ordusu torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Bu il ölkəmiz Konstitusiya gününü bütöv Azərbaycan olaraq qeyd edəcək.
Raifə Əsgərova,
Gəncə Şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin tarix müəllimi