Logo

Dini sahədə dövlət siyasəti: reallıqlar və hədəflər

11.11.2021 17:23 482 baxış
IMG

Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Azərbaycan dünyada zəngin milli-mənəvi dəyərlərə malik olan dünyəvi dövlət kimi tanınır. Xalqımız tarixin ən keşməkeşli, siyasi-ideoloji qadağaların mövcud olduğu dövrlərində belə mütərəqqi dini ənənələri qoruyaraq onlara sadiq olmuşdur. Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan dinin cəmiyyətdə özünə mühüm yer tutması üçün əlverişli şərait yaratdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərində də inkişaf mərhələsinin bünövrəsi qoyuldu.

Azərbaycan Respublikasının dini sahədə dövlət siyasətinin əsas məqsədi vicdan və dini etiqad azadlığının təmin olunması, dünyəvi dövlət modelinin möhkəmlənməsi, dini müxtəlifliyin və dinlərarası dialoqun qorunması, dövlət orqanları ilə dini qurumlar arasında əməkdaşlığın tənzimlənməsi, dini təhlükəsizliyin təmin edilməsi və s. ibarətdir. Dini sahədə dövlət siyasəti dövlətin dünyəviliyi, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanır.

Dünyəvi dövlət-din modelini möhkəmləndirən uğurlar

Azərbaycanın dövlət-din münasibətləri modelinin möhkəmləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin vəzifələri aşağıdakılardır:

  • dövlət maraqlarının müdafiəsi;
  • vicdan və dini etiqad azadlığına dair konstitusion normaların təmin olunması;
  • dövlət orqanları ilə dini qurumlar arasında münasibətlərin hüquqi tənzimlənməsi;
  • dini konfessiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması;
  • dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dini maarifləndirə işinin təşkili;
  • dini müxtəlifliyin qorunması və dinlərarası dialoqun inkişaf etdirilməsi;
  • ölkədə dinlərarası düşmənçilik və nifrət yaratmaq məqsədi güdən, çoxəsrlik dini adət-ənənələrə və mütərəqqi dini dəyərlərə zidd olan materialların yayılmasının qarşısının alınması;
  • dini sahədə gedən proseslərin təhlili və proqnozlaşdırılması;
  • dini fəaliyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
  • dini qurumların əsaslandırılmış təklif və tövsiyələrinin nəzərə alınması;
  • dini qurumların fəaliyyətinin qanunun tələblərinə uyğun təşkilinə nəzarət olunması;
  • dini qurumların dünyəvi dövlətçilik prinsipinə hörmətlə yanaşmasının təşviqi və s.

Yuxarıda göstərdiyimiz vəzifələrin uğurla yerinə yetirilməsi Azərbaycana dünya birliyində multikulturalizmin və tolerantlığın inkişaf etdiyi dünyəvi dövlət kimi böyük etimad qazandırır. Ölkəmizdəki dini dözümlülük mühiti müxtəlif millətlər və dini konfessiyalar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin edir. Azərbaycançılıq məfkurəsi milli-dini kimliyi, tolerantlığı və vətəndaş həmrəyliyini təşviq edən ideoloji baxışlar sistemi kimi çıxış edir.

Azərbaycanda multikultural və tolerant dəyərlərin, dini müxtəlifliyin qorunması sahəsində məqsədyönlü dövlət siyasəti aparılır. Ölkəmizdə 970 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Ölkəmizdə yaşayan əhalinin 96 faizi müsəlman, 4 faizi isə qeyri-müsəlman olsa da, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşır.

Azərbaycanın dövlət-din münasibətləri modelini möhkəmləndirən amillər içərisində dini müxtəlifliyin və mütərəqqi dini dəyərlərin qorunması, dinlərarası dialoqun inkişafı mühüm yer tutur. Prezident İlham Əliyevin dediyi kimi: “Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi, Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”. 

d edək ki, dövlət-din münasibətləri modelinin və mütərəqqi dini dəyərlərin əhəmiyyətinin ictimai fikrə çatdırılması üçün dini maarifləndirmə işinin səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Azərbaycanın dövlət-din münasibətləri modelini təşviq edən dini maarifləndirmə işinin aparılması, mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin inkişafına dair proqramların hazırlanaraq həyata keçirilməsi və s. baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir.

Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır ki, bu da dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsinə, dini müxtəlifliyin qorunmasına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycandakı dini konfessiyalarla sıx əməkdaşlıq edir, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət və birgəyaşayışın möhkəmlənməsi, eyni zamanda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparır. Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət və Din” qəzeti nəşr olunur. Qurumun xətti ilə dini maarifləndirmə xarakterli müxtəlif ədəbiyyat çap edilir və televiziya kanallarında yayımlanan dinlə bağlı verilişlərdə (İTV-də “Cəmiyyət və Din”, SPACE TV-də “İnam” və Mədəniyyət televiziya kanalında “Haqqın dərgahı”) dini maarifləndirmə işi həyata keçirilir. Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilir, sosial şəbəkələrdəki rəsmi hesablar üzərindən film və videoçarxlar nümayiş olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini durumla bağlı təhlillər aparır, dini duruma mənfi təsir edən daxili və xarici faktorları öyrənərək mümkün təhdidlər barədə proqnozlar və təkliflər hazırlayır. Azərbaycanın dövlət-din münasibətləri modeli, tolerantlıq təcrübəsi, dövlət orqanları ilə dini qurumlar arasındakı münasibətlər, dini təhlükəsizlik və s. məsələlərlə bağlı Dövlət Komitəsinin hazırladığı materiallar yerli və xarici KİV-də dərc edilir. Bundan əlavə, Azərbaycan İlahiyyat İnstitutunda çalışan alimlər dünya dinləri, dövlət-din münasibətləri, dinin sosiologiyası və s. haqqında elmi araşdırmalar aparır, yerli və xarici elmi nəşrlərdə çoxsaylı məqalələrlə çıxış edirlər.

Milli-dini kimliyin qorunması

Azərbaycan xalqının milli-dini kimliyini qorumaq dini sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixən milli-dini kimliyin formalaşmasına və möhkəmlənməsinə ölkəmizin yerləşdiyi coğrafi ərazi, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri, dini-etnik tərkibi və s. mühüm təsir göstərmişdir. Məlumdur ki, milli-dini kimlik müxtəlif komponentlərdən ibarətdir. Onun birinci komponentinə keçmiş, indi və gələcək arasındakı varislik prinsipi daxildir. İkinci komponenti mənəvi-əxlaqi dəyərlər təşkil edir. Üçüncü komponent isə özündə milli-dini inkişafa dair baxışları ehtiva edir.

Müasir dövrdə qloballaşmanın milli-dini kimliyə təsirinin öyrənilməsi aktualıq kəsb edir və bu məsələyə dair müxtəlif yanaşmalar mövcuddur. Bir qrup mütəxəssis hesab edir ki, qloballaşma milli-dini kimliyə və yaxud özünəməxsusluğa mənfi təsir göstərir. Digər mövqeyə görə, qloballaşma milli-dini kimliyə siyasi-ideoloji, dini xarakterli çətinliklər törətməyə çalışsa da, bu əks nəticə verir – xarici təsirlərə müdafiə reaksiyası kimi milli-dini özünüdərk güclənir.

Qloballaşma tərəfdarlarının fikrincə, milli-dini kimliyin müxtəlif təsirlərə məruz qalması qaçılmazdır. Çünki mili-dini kimlik keçmiş dəyərləri qoruyub saxlamağa çalışmaqla, qlobal kimliyin formalaşmasına çətinliklər yaradır və cəmiyyətdə mənəvi yeniləşmələrin qarşısını alır. Qloballaşmaya əks mövqe tutanlar isə bildirirlər ki, qloballaşma milli-dini kimliyə və özünüdərkə mənfi təsir göstərir. Qeyd edilir ki, müxtəlif xalqların milli-dini kimliyini süni şəkildə eyni çərçivəyə salmaq milli-mədəni və dini-etnik problemlərə gətirib çıxara bilər. Mütəxəssislərin fikrincə, qloballaşmanın dünyada yaratdığı paradoksallıq bundan ibarətdir ki, o, nə qədər güclüdürsə, milli ideyaya bağlılıq möhkəmlənir və milli-mədəni ənənələrə qayıdış sürətlənir. Qloballaşma milli-mənəvi dəyərlərin qorunması üçün müəyyən çətinliklər yaratsa da, dolayısı yolla milli-dini kimliklə bağlı dərketməni fəallaşdırır.

Ümumdünya tarixindən məlumdur ki, milli-dini kimliklə uzlaşmayan, hətta bəzən ona zidd olan mənfi təsirlər dini-etnik zəmində problemlərin yaranmasına gətirib çıxarır. Dünya xalqlarının milli-dini kimliyini, mənəvi irsini, adət-ənənələrini süni şəkildə standartlaşdırmaq tolerantlığın və multikulturalizmin mahiyyəti ilə ziddiyyət təşkil edir. Dini-mədəni müxtəlifliyin əhəmiyyətinin azaldılması və hansısa mücərrəd ümumi dəyərlər şablonun yaradılması cəhdləri dünyada birmənalı qarşılanmır ki, bu da təsadüfi deyil. Çünki multikulturalizmin və tolerantlığın əsas xüsusiyyəti xalqların milli-dini kimliyinə hörmət etməkdən və dini-etnik müxtəlifliyə dözümlü yanaşmaqdan ibarədir.

Prezident İlham Əliyevin siyasətində müasir dövrün çağırışları ilə xalqımızın milli-dini kimliyinin mahiyyətindən irəli gələn tələblərin uzlaşdırılması mühüm yer tutur. Bu sahədə siyasət aparılarkən qloballaşma ilə milli-dini kimlik arasındakı qarşılıqlı təsirə mühüm diqqət yetirilir. Belə ki, milli-dini kimlik ölkəmizin davamlı inkişafında və onun dünya birliyində böyük nüfuz qazanmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də dini şüurun məzmununa ciddi təsir göstərir, özündə dünyəvi dövlət-din münasibətləri modeli ilə bağlı baxışları ehtiva edir.

Tolerant mühit və dinlərarası həmrəylik

Dini dözümlülük tarixən Azərbaycanda inkişaf edərək xalqımızın həyat tərzinə çevrilmişdir. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz tolerantlığın inkişafına böyük töhfələr verir. Azərbaycandakı dini müxtəliflik və dinlərarası dialoq tolerantlığı səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Ölkəmizin ərazisində yaşayan müxtəlif millətlər dini dözümlülük şəraitində özlərinin dini dəyərlərini qoruyub saxlayır. Dinlərarası həmrəyliyik dini konfessiyalar arasında qarşılıqlı eimadı gücləndirir.

Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər normativ hüquqi aktlar dini müxtəlifliyin və tolerantlığın təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirir. Müxtəlif millətlərin, etnik qrupların və dini konfessiyaların dini-mədəni dəyərlərinin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdəki tolerant mühit dini münasibətlərin demokratik prinsiplər əsasında inkişafı üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə multikulturalizmin inkişafına və tolerant dəyərlərin qorunmasına həsr olunan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir: “Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilibdir ki, bütün bunların bir məqsədi var – sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyllərin qarşısı alınsın”.

Azərbaycanda dini dözümlülük mədəniyyətinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti böyük əhəmiyyət daşıyır. Fond həyata keçirdiyi layihələrlə humanizm, dini həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin təşviqi istiqamətində mühüm işlər görür. Fondun uğurla reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlər, kilsələr və sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlər yalnız Azərbaycanı deyil, xarici ölkələri də əhatə edir.

Dini dözümlülük dini müxtəlifliyi qoruyan və dinlərarası dialoqu genişləndirən mühüm vasitələrdən biridir. Bununla bağlı olaraq Prezident İlham Əliyev bildirib: “Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya – bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk”. Azərbaycanda mövcud olan tolerant mühitin və dini həmrəyliyin əhəmiyyəti özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Həmin dövrdə müxtəlif dinlərə etiqad edən ölkə vətəndaşları vahid amal uğrunda birləşib, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həmrəylik nümayiş etdirdilər. Onların Vətən müharibəsində döyüşlərdə fəal şəkildə iştirakı ölkəmizdə yaşayan müxtəlif dini etiqadların nümayəndələrinin azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyinin ifadəsidir.

Dinlərarası dialoqun inkişafı

Dinlərarası dialoq cəmiyyətdə sabitləşdirici faktor rolunu oynayır. Bu dialoq zamanı insanlar özlərinin dini-mədəni təcrübəsini, tələbatlarını və arzularını bölüşür, mənəvi-əxlaqi dəyərlər zənginləşir. Dinlərarası dialoq müxtəlif dinlərin nümayəndələri arasında dini həmrəylik yaradan mühüm vasitələrdən biridir. Elmi nəşrlərdə və beynəlxalq təşkilatların materiallarında “dinlərarası dialoq” ifadəsi müxtəlif aspektlərdən izah edilir. Hesab olunur ki, bu dialoq öz mahiyyətinə görə: dinlərarası əlaqələrin açıqlığına, dini müxtəlifliyə, tolerant dəyərlərə əsaslanan sosial prosesdir; tolerant şəraitdə dini-mədəni qarşılıqlı təsiri ifadə edən sosio-mədəni praktikadır; dərk edilmiş və məqsədyönlü fəaliyyətə söykənən, müxtəlif dini dünyagörüşü olan insanlar arasında tolerant münasibətləri təmin edən strategiyadır; dini ünsiyyət formasıdır və s.

Dinlərarası dialoq mütərəqqi xarakter daşıyan bütün dini dəyərlərə hörmətlə yanaşmaq deməkdir. Azərbaycan dünyada dinlərarası dialoqun inkişaf etdiyi məkan kimi tanınır. Prezident İlham Əliyevin dinlərarası dialoqla bağlı apardığı siyasətə görə, müxtəlif dini ənənələrə bir-birindən təcrid olunmuş şəkildə baxıla bilməz. Ona görə də dini konfessiyalar dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, bir-birləri ilə sıx əməkdaşlıq etməlidir. Müasir dövrdə bəşəriyyəti narahat edən qlobal problemlərin aradan qaldırılması üçün dinlərarası dialoqun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dialoqun möhkəmlənməsində ölkəmizin maddi-mədəni potensialı, əlverişli coğrafi mövqeyi və dini-etnik mühiti vacib rol oynayır. Prezident İlham Əliyev xalqımızın dinlərarası dialoqa daim böyük dəyər verdiyini bildirərək deyib: “Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən də belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyllərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.

Müasir dövrdə dinlərarası dialoq həm də beynəlxalq münasibətlərə təsir göstərən ciddi faktorlardan biridir. Ona görə də Azərbaycan dövlətinin siyasətində dinlərarası dialoqun yalnız milli çərçivədə deyil, həm də beynəlxalq səviyyədə genişləndirilməsi nəzərdə tutulur. Bu siyasətə əsasən, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasını dinlərarası dialoqdan kənar təsəvvür etmək mümkün deyil. Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərdə (Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Sammiti və s.) çıxış edən dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər və b. Azərbaycanın dövlət-din münasibətləri modelini, dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirir, bunun dünya ölkələri üçün böyük örnək olduğunu bildirirlər.

Dini fanatizmə və ekstremizmə qarşı mübarizə: keçilmiş yol və mövcud vəziyyət

Dini sahədə dövlət siyasətində fanatizmə və radikalizmə, onların bütün təzahürlərinə qarşı mübarizə mühüm yer tutur. Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, Azərbaycanda dini durum sabitdir. Dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların ölkəmizdə təbliği qanunla qadağandır. Dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dövlət siyasətinin məqsədləri aşağıdakılardır:

  • dini sahədə təhlükəsizliyin təmin edilməsi;
  • dini ekstremist fəaliyyətin aşkarlanması, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;
  • dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi və s.

Dini fanatizmə və ekstremizmə qarşı daha effektiv mübarizə məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müvafiq dövlət hakimiyyəti orqanları birgə tədbirlər planları hazırlayaraq həyata keçirirlər. Ötən illər ərzində dindən siyasi məqsədlərə nail olmaq vasitəsi kimi istifadə etmək cəhdlərinin, habelə din pərdəsi altında dövlətin dünyəviliyinə zidd olan əməllərin qarşısı qətiyyətlə alınmışdır. Hazırda ölkədə dini sabitliyin qorunub saxlanılması və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət orqanlarının qarşısında dayanan əsas vəzifələrdən biridir.

2010-cu və 2019-cu illərdə Dünya dini liderlərinin Bakı şəhərində keçirilmiş sammitlərində müzakirələr zamanı belə bir ümumi rəy ifadə olunmuşdur ki, Azərbaycanın dövlət-din münasibətləri modeli vicdan və dini etiqad azadlığının təmin edilməsi, dini müxtəlifliyin qorunması və dinlərarası dialoqun möhkəmlənməsində böyük əhəmiyyət daşıyır. Dini müxtəliflik Azərbaycan cəmiyyətinin harmonik inkişafını təmin edən mənəvi dəyərlərdən biridir. Bu sahədə dövlət siyasəti aparılarkən Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ-hüquqi aktlarında, müvafiq beynəlxalq konvensiyalarda öz əksini tapmış prinsiplər və dəyərlər əsas götürülür. Bu isə dini fanatizm və ekstremizm kimi zərərli meyllərin Azərbaycanda özünə yer tapmasının qarşısını alır. Qeyd edək ki, həmin tədbirlərin Bakı şəhərində təşkili heç də təsadüfi deyildi. Çünki əsrlərdir ki, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayırlar. Sammitlərdə çıxış edən dünya dini liderləri bildirmişlər ki, Azərbaycanın bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi onun qlobal səviyyədə dinlərarası həmrəyliyə böyük töhfələr verdiyinin ifadəsidir.

Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fanatizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində zərərli dini-ideoloji təsirlərin, dinlərarası düşmənçilik və nifaq yaratmaq meyllərinin qarşısını almaq məqsədilə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, dini məzmunlu başqa məlumat materiallarının yayılmasına nəzarəti həyata keçirir. Eyni zamanda, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmasını təmin edir.

Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, Azərbaycan Respublikasının din sahəsində dövlət siyasəti mükəmməl elmi-nəzəri bazaya söykənir. Bu siyasətin prinsipləri və vəzifələri, dövlət-din münasibətləri modelinin əsasları və dini münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Milli maraqlara əsaslanmaq, rasionallıq və məqsədyönlülük dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycanda vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dövlət-din münasibətləri modelinin möhkəmlənməsi, dinlərarası dialoqun inkişafı və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində dini sabitlik qorunur.

Mübariz QURBANLI ,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

"Dövlət və din" ictimai fikir toplusu

Xəbər lenti