Logo

Haqq nurunda pərvəriş tapan, Ədalət işığında boy atan - Zəfər ili

13.11.2021 19:20 2125 baxış
IMG

Ötən il Azərbaycan 8 noyabr günü Şuşanın azad olunması xəbərinin xoşbəxtliyilə birgə Tanrı qatına - sonsuz səmalara yüksəldi.

27 illik həsrətdən, ağrı - acıdan sonra sonsuz səmalara xoşbəxtlik qanadını çırparaq ucalan bu millət 9 noyabr "Bayraq Günü"ndə müqəddəs üçrəngli ay-ulduzlu hilalını da göyün yeddinci qatına qaldırdı. Səhərə açılacaq 10 noyabr gecəsi isə Azərbaycan milləti üçün bütün günəşli sabahlardan da möhtəşəm idi. İndi bu möhtəşəmliyin mübarək 1 ilini qeyd edirik. Şəhərdə bayram ab-havası hiss olunur. Binəqədi rayonu 267 nömrəli məktəb-liseyin həyətindəyəm. Məktəblilərin dilində himnimizin sədaları, bağrına basdıqları şəhid şəkilləri, əllərində isə başları üzərinə qaldırdıqları üçrəngli ay-ulduzlu hilalımız. Bu uşaqların milli ruhda böyüməsinin səbəbkarları müəllimlərimizdir. Belə müəllimlərdən biri də adını yuxarıda qeyd etdiyim məktəbin ibtidai sinif müəllimi Mədinə Şaxbanovadır. Düşündük ki, bizlərə həqiqi səadət yolunu tapmaqda yol göstərən müəllimlərimizdən biri olan Mədinə xanım Şaxbanova ilə həmsöhbət olaq.

Sizi bəri başdan 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edirəm. Şanlı tarixin canlı şahidi olmaq, daxilimizdə qopan və hər an eşidiləcək qələbə səsi - bunlar necə hislərdi?  

Birincisi, sizə təşəkkür edirəm, ikincisi, bu tarixi günlərin bir parçası olduğuma görə şadam. Hesab edirəm ki, halal torpaqlarımız uğrunda apardığımız haqlı mübarizə, qalib olduğumuz haqlı müharibənin təbrik payı təkcə dünyada yaşayan azərbaycanlılara deyil, elə dünyada yaşayan ürəyi azadlıq və suverenlik eşqilə döyünən hər bir insana düşür. Çünki bizim qələbəmiz ədalətə, beynəlxalq hüquqa tapındı. Əgər yadınızdadırsa, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ay bundan əvvəl Şuşaya səfəri zamanı dünya ictimaiyyətinə səslənərək demişdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Təsəvvür edək iki nəfər müharibə aparır. Bir tərəf böyük güclərin dəstəyinə, o biri tərəf isə tək də olsa böyük Allaha, haqqa tapınır. Prezident İlham Əliyev də hakimiyyətə gəlişinin ilk günündən haqqın yanında oldu: göydə Allaha, yerdə xalqa inandı, güvəndi. Böyük güclərlə tək savaşdı, haqq səsimizi ən yüksək tribunalardan bütün dünyaya çatdırdı. İndi bu səs işğaldan azad olunmuş Vətən torpaqlarından eşidilir. Sizin suala qüvvət olaraq, daxilimizdə illərdi var-gəl edən, daim eşidilən qələbə səsi indi Şuşa ucalığından eşidilir. 

Həm tariximizin taleyinə, həm də taleyimizin tarixinə Vətən müharibəsindən qalib ölkə olaraq çıxmaq yazıldı. Bu barədə təəssüratlarınız nədir?

Hislərin bir-birinə qarışdığı, sözlərin duyğular qarşısında aciz qaldığı zəfərli günlərə, aylara, illərə şahidlik edirik. Zəfərin daxilimizdə doğurduğu xoş hisləri, illərlə inanıb gözlədiyimiz qələbənin xoşbəxtik sevincini sözlərlə ifadə etməkdə acizəm. Ordumuz dədə-baba torpaqlarımızı düşməndən azad edir və bu mübarək xəbəri də televiziya vasitəsilə Ali Baş Komandan İlham Əliyev xalqa çatdırırdı. Həmin günləri xatırladaqca, sanki bir daha o anları yaşamış oluram. O günləri ifadə etməyə kəlimələr yetmir. Bu qələbə nəticəsində həm üzərimizdən qara ləkə götürüldü, həm də bəşəriyyət üçün təhlükəli olan qara qüvvələr - terrorçu qruplaşmalar da məhv edildi. Müqəddəs Qurani - Şərifdə "Fil hadisəsi" haqqında dəyərli bir məlumat var. Deməli, Yəməndən Əbrəhə adlı biri Kəbəni dağıdaraq Allahın evini yer üzündən silmək istəyir ki, hər kəs onun ölkəsinə ziyarətə gəlsin və bu da varlansın. Böyük bir qoşun yığaraq Kəbə üzərinə hücuma keçir. Allahın göndərdiyi quşlar qoşunu darmadağın edir: Əbrəhə ölür; iki əsgər kor qalır. Ömürlərinin sonunadək Kəbənin qapısı ağzında dilənirlər. Bunu xatırlamağımızın səbəbi odur ki, Qarabağ - Şuşa da bizim üçün müqəddəs bir yurddur. O yerləri talan edən, xaraba qoyan vandalları da göydə Allah, yerdə Ali Baş Komandanımız, ordumuz və xalqımız cəzalandırdı. İndi ömürlərinin sonuna kimi dilənsinlər. Bu həm də onlara himayədarlıq edənlərə də layiqli bir dərs oldu.

Yaxşı müəllimin yaxşı şagird, tələbə yetişdirməsi fikrinə münasibətinizi bilmək istərdik... 

Giriş olaraq deyim ki, orta məktəb təhsilinin bünövrəsini ibtidai sinif təhsili təşkil edir. Bu, olduqca həssas və eyni zamanda məsuliyyətli bir prosesdir. Uşaqlarda idrak fəallığının artırılması, tədqiqatçılıq, əxz eləmək bacarığının inkişafı və müasir təlimin yeddi prinsiplərindən olan dialoji təlim metodu ilə anlaşmanın qurulması prosesi olduqca vacibdir. Bu mənada öyrədəndə təlimçi sehri, müəllim sevgisi, valideyn qayğısı, fasilitator məharəti olmalıdır. Yəni, hər mənada yaxşı olmaq, müəllimin borcudur, seçimi deyil. Amma mənim şagirdlərim - balalarım hamısı yaxşıdırlar. Bir məqamı da vurğulayım. İnsan tərbiyəçi və müəllim kimi doğulmalıdır. Bu sətirlərin müəllifi mən deyiləm, görkəmli Alman pedaqoqu Adolf Disterveqdir. Görün, nə gözəl deyib, elə deyilmi? 

Ənənə pozulur, indi siz sual verirsiniz. Mədinə müəllimə, həqiqətən gözəl fikirdir. Bəs, qalib bir xalqın birincilərinə dərs demək necə hisdir?

Olduqca gözəl hissdir. Bayaq da vurğuladığımız kimi, heç bir kəlmə bu hissi ifadə etməyə, xoşbəxtlik duyğusunu bölüşməyə yetmir ki, yetmir. Uşaqdan-böyüyə hər kəsin qəlbində sevinc hissləri, gözlərində xoşbəxtliyin işartısı bərq vurur. Şagirdlərimin yaşı az olsa da, ancaq bu qələbəyə böyük insanlar kimi sevinirlər. Bir zaman "işğal olunma" tarixlərini indi "işğaldan azad olundu" tarixləri əvəzləyib. Buna görə şəhidlərimizə, qazilərimizə bir ömürlük mənəvi borcluyuq. Fəaliyyət göstərdiyim məktəbdə rəhbərdən tutmuş şagirdə qədər hər kəs Vətən fədailərini öz işində, dərsə münasibətində yaşadır. Dərs ilinin ilk günü məktəbimizin direktoru Rəna xanım Ağazadənin çıxışı zamanı ruhundakı milliliyi, daxilindəki Vətənsevərliyi məni çox duyğulandırdı. Yüksək biliyi, kollektivlə səmimi rəfdarı, xanım-xatınlığı onun vətənpərvərlik və vətəndaşlıq kimliyindən xəbər verir. Məktəbimizdə "Zəfər ili" çərçivəsində çoxsaylı tədbirlər, önəmli layihələr həyata keçirilir. Bu yaxınlarda rəhbəri olduğum "1f" sinifində tədbirlər planı çərçivəsində "Zəfər günü" münasibətilə tədbir təşkil olundu. Bu günə şagirdlərlə bərabər valideynlər də sevinirdi. Rəna xanım Ağazadə tədbirdə iştirak edərək, sevincimizə sevinc qatdı. Şagirdlərin hazırladığı kompozisiyaları, şeir çıxışlarını dinlədi. 

Müsahibəyə görə Sizə təşəkkür edirik. Və son olaraq, oxuculara nə demək istərdiniz? 

Mən də sizə təşəkkür edirəm. Ötən ilin sentyabrında başlayan Haqq müharibəsi ölkəmizin parlaq qələbəsilə yekunlaşdı. Bu Qələbə yaddaşlarda əbədi yaşayacaq və tariximizin şərəfli dövrlərindən biri kimi daim xatırlanacaq. Səhv etmirəmsə Bismarkın fikridir ki, bəs, müharibəni hərbçilər deyil, məktəb müəllimləri udur. Bu, olduqca ibrətamiz fikirdi və həqiqətən yükünə malikdir. Cənab Prezidentimiz İlham Əliyev hakimiyyətə gələndə indi bizə qələbə yaşadan əsgərlər məktəb şagirdləri idi. Prezident özü də bu məqama dəfələrlə çıxışlarında toxunub. İlham Əliyevin hər sahədə uğurlu siayəsəti təhsil sistemində də özünü göstərdi. O zaman milli ruhda təhsil alan şagirdlər böyüdülər və Vətənin bütövlüyünü təmin etdilər. Bütün şəhidlərimizə sonsuz rəhmət, qazilərimizə möhkəm cansağlığı arzu edirəm. 

Əsgər İsmayılov,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

 

Xəbər lenti