İyun ayının son günləri idi. Xeyli yol getdikdən sonra qarşıda görünən əzəmətli palıd ağacını hədəflədik. Nəfəs almağı çətinləşdirən istidə böyük qol budaqlı, şaxələnmiş tilifli yarpaqlı, nəhəng gövdəli, başı göy səmaya ucalan ağacın kölgəsində əyləşdik. Bu zaman hardansa iri bir su damcısı telefonumun üzərinə nüzul etdi. Düzü, bir anlıq duruxdum. Və bu əsbaba cavab tapa bilmədim: çətini telefonumu əlimə alıb, Feysbuk səhifəmə daxil olana qədər. Oxuduğum ilk xəbər: "Jurnalistika fakültəsinin dosenti İlham Mazanlı haqq dünyasına qovuşdu" - oldu. Kölgəsində əyləşdiyim ağacın üzərində günəş şüaları xoşbəxtcəsinə dolaşırdı. Bir tələbənin isə xoşbəxtlik duyğuları ərşə çəkilmişdi. Artıq həmin damcının nüzul etmə səbəbi də aydın olmuşdu: bu, kədərdən doğan iri bir göz yaşı idi. Doğrusu, ilk baxışdan ağacın şaxələnmiş tilifli yarpaqları, sanki insan əlini xatırladan qol-budaqları daxilimdə bir narahatlıq da yaratmışdı. Deməli, insan qəlbinin gizlinlərinə, təbiətin sirrinə agah olan braziliyalı söz adamı Paulo Koelyonun: "Budağından şübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən" - fikirləri həqiqətmiş. Demək ki, hər ağac kölgəsi də ürəklərə sərinlik gətirmirmiş. Elə Əbdürrəhim bəy Haqverdiyevin "Ağac kölgəsində" olduğu kimi. Bu esseni yazanda yadıma Hesse düşdü. Axı o deyirdi ki, ağacları dinləməyi öyrəndiyimiz an... onlar evimizə çevrilirlər? Bu ağac isə evimizə çevrilmədi, əksinə evimizin - fakültəmizin bir üzvünü bizdən aldı. Və bizdən uzaqlara apardı...
Eşitmişdim ki, İlham müəllim yaşadığı kənddə körpü saldırıb. Məncə, tək bu fikir yetər ki, onun gözəl əməl sahibi olduğunu anlamış olaq. İnanıram ki, saleh əməl sahibi olan İlham müəllim nur dəhlizinin daxilində yerləşən sırat körpüsündən keçərək cənnətdədir.
İlham Mazanlı
Fakültəmiz oktyabr ayında digər bir xəbərə sarsıldı. Bu, gənc jurnalist Nurlan Salamovun işıqlı dünyadan vaxtsız-vədəsiz gedişi idi.
Bu gün onlara nə əlimiz çatır, nə də ünümüz yetir. Ancaq şəkilləri, publisist yazıları, elmi araşdırmaları, geniş kontekstdə götürsək Jurnalistika sahəsində gördüyü işləri bizlər üçün əlçatandır və hardasa təsəlli yerimizdir.
Mən də daxil olmaqla yüzlərlə tələbə imzasının tanınmasında, onların sabahkı uğurlu həyata atılmasında hər zaman öz mənəvi dəstəyini canla-başla göstərən bir ünvan var. Bu, Bütöv Azərbaycan qəzetidir. Tələbə adını qazanmamışdan öncə də bu doğma qəzeti vərəqləyir, müxtəlif tələbə imzaları ilə tanış olurdum.
Əlimdə tutduğum qəzetin 2014-cü il 4-10 sentyabr buraxılışına baxır, "sosial" bölmədə Nurlan Salamovun "Unutmaq, yoxsa qəbul etmək" başlıqlı yazısını oxuyuram. Yazı oxucuya ünvanlanan bir sualla başlayır: "Həyatınızdan gedənləri unudursunuz, yoxsa getdiklərini qəbul edirsiniz?". Müəllif oxucuya fikirləşməyə, düşünməyə zaman vermirmiş kimi, dərhal da ünvanladığı sualın ardınca yazır: "Cavab verməyə tələsməyin, bir az düşünün". Eləbil həyatdan vaxtsız gedəcəyini bilir, bu sualı da yeddi il bundan öncə, məhz bu gün üçün bizlərə verirmiş. Və onu tanıyanları cavabda səbirsizlik göstərməməyə, çapıqlıq etməməyə çağırırdı.
Yazının sonunda bir daha üzünü oxucuya tutaraq: "Bəs sizlər, bəli, bu dəqiqə bu yazını oxuyan oxucu, məhz siz heç düşündünüzmü ki, siz də bu dünyadan, ya da kimlərinsə həyatından gedəndən sonra unudulacaqsınız, yoxsa qəbul ediləcəksiniz?" - deyə, sanki həyacan və narahatlıq içində eyni sualı yenidən ünvanlayır.
Nurlan Salamov digər yazılarında evin təməli olan əzizlərinin əbədiyyətə qovuşmasından yazır: hər sətrində ağrı və kədər var; bu kədərdən doğan narahatçılıq...
... Gənc jurnalistin həyatı nə qədər çətin və məşəqqətli idisə, hər yaşadığı il də onun həyatının dönüş nöqtəsinə çevrildi. O, düşüncələrini, hisslərini, yaşadıqlarını, əzablarını yazıları ilə çatdırır və rahatlıq tapırdı. Ancaq çox təəssüf ki, onun qələminin mürəkkəbi soyuq bir payız havasında dondu. Və əbədi olaraq yazmadı.
İndi bizlər itirdiklərimizi anaraq, xatırlayaraq yazırıq. Onlar üçün könlümüz şikəstəli, sinəmiz bayatılı olsa da, ancaq yaralı sözlərimizin əli əsalıdır.
Nurlan Salamov insanı dünyaya gəldiyi gündən bəri incə bir cizginin üzərində görürdü. Bu incə cizgi, elə bayaq İlham müəllim haqqında söylədiyim sırat körpüsüdür. Nurlan Salamov da eynilə müəllimimiz İlham Mazanlı kimi nur dəhlizinin daxilində yerləşən sırat körpüsündən keçərək cənnətdə, öz hücrəsindədir. Yenə də jurnalistika eşqinə yazır və yaradır.
Nurlan, sən çox xoşbəxtsən. Çünki bu həyatda olmadığın günlərdə belə, hər kəs səni xatırladı. Hətta mələklər yenə də səni qoruyur. Gülçin Cəmil və Aləmdə Nəsibi deyirəm. Elə biz də səninləyik. Düzü, mən səni profil şəklinlə tanıdım: gülər çöhrənlə.
Nurlan Salamov
Bu il fakültə müəllimini səssiz-səmirsiz, tələbəsini vaxtsız-vədəsiz itirdi, ancaq unutmadı.
Tanrının ilham payı - İlham Mazanlı və Tanrının nur payı - Nurlan Salamov. Ruhunuz şad, məkanınız cənnət olsun.
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi