Logo

Yüz illik yolun hesabatı

17.12.2021 11:06 874 baxış
IMG

“Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

“İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin  məzmun  və  keyfiyyət göstəricələrinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Yaşadığımız 2021-ci il təkcə böyük hadisələrlə deyil, həm də Azərbaycanın tarixində əbədi həkk olunan ildönümlər və yubileylərlə də yadda qalacaq. Onların arasında 2020-ci il noyabrın 10-da Silahlı Qüvvələrimizin qazandığı qələbənin etirafı olan, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan Bəyanatın bir illiyi xüsusi yer tutur. Xatırladaq ki, 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müharibənin nəticəsi təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmədi, xalqımızın əyilən qəddini dikəltdi. Əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dünyada az-az dövlət liderinin nail ola biləcəyi, xalq və Vətən üçün taleyüklü bir düyünü açmağı bacardı. Bu, əsası 28 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 17 il ərzində Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq aparılan dövlət siyasətinin nəticəsi idi.

Bu gün o möhtəşəm tarixi hadisənin təəssüratı altında ölkəmizin və xalqımızın həyatında əlamətdar rol oynayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyini qarşılamaq, o yubileyin təşkilində iştirak etməyin yaratdığı hissləri bölüşmək qürurvericidir. Söhbət o ali pedaqoji təhsil müəssisəsindən gedir ki, tarix baxımından min illəri yaşayan Azərbaycan xalqının keçdiyi yol nöqteyi-nəzərindən bir o qədər də böyük deyil, lakin xalqın, millətin neçə yüz illər arzusunda olduğu, yaratmaq istədiyi məktəb üçün ən əsas atributun formalaşması prosesində başlıca rol oynayıb.

Söhbət müəllim hazırlığından gedir, o peşədən ki, onu XX əsrin ən nüfuzlu pedaqoqlarından biri Yan Kamenski bu cür xarakterizə edirdi: “Müəllimlik elə bir sənətdir ki, cəmiyyəti formalaşdıranın özünü formalaşdırır”.

Buna görə idi ki, Qori Müəllimlər Seminariyasında Cənubi Qafqaz xalqları kimi, azərbaycanlıların da kütləvi oxumaq perspektivi barədə tarixin ən böyük azərbaycanlılarından biri, “Əkinçi” qəzetinin naşiri Həsən bəy Zərdabi onun 1876-cı ilin may nömrəsində yazırdı: “...Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi “Kafkaz” adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16-19 yaşında ola. Orada 3 il dərs deyiləcək”.

Hədəfi ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq olan Qori Müəllimlər Seminariyası Rusiya imperiyasının ucqarları sayılan regionun həyatında çox mühüm hadisə idi. Buna görədir ki, XX əsrin ən nüfuzlu ali təhsil ocaqlarının birində- Lomonosov adına Moskva Dövlət Universitetində uzun müddət kafedra müdiri vəzifəsində çalışan Əziz Nesin Seminariyanın misilsiz əhəmiyyəti barədə deyirdi: “Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib”. Dünya miqyaslı şərqşünas-filoloq fikrini belə əsaslandırırdı: “Seminariyanı bitirən insanlar Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçir, eyni zamanda hər bir fənn tədris edilirdi”.

Yeri gəlmişkən, Qori Müəllimlər Seminariyasının 1919-cu ildə Qazaxa köçürülən Azərbaycan şöbəsinin məzunlarından biri- Xalq şairi Səməd Vurğunun böyük qardaşı, görkəmli ictimai xadim Mehdixan Vəkilov yeddi ilə yaxın müddətdə universitetimizin rektoru vəzifəsində çalışdı.

1921-ci ilin avqustunda bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılması ilə bağlı dekreti imzalayan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, görkəmli yazıçı-dramaturq Nəriman Nərimanov da Qori Müəllimlər Seminariyasının ilk məzunlarından idi. XIX əsrin sonlarında Tiflis quberniyasının Qızılhacılı kəndində müəllimlik fəaliyyətinə başlayan Nəriman Nərimanov  5 illik fəaliyyətdən sonra neft bumunu yaşayan Bakıya gəlir. Burada pedaqoji fəaliyyət göstərməklə bərabər, Cənubi Qafqazın baş şəhərində ilk pulsuz qiraətxana açmaq da görkəmli azərbaycanlının missiyalarından biri olur. Bunlar barədə geniş söhbət açmağı ona görə lazım bilirik ki, həyatının 10 ilindən çoxunu pedaqoji fəaliyyətə həsr edən Nəriman Nərimanovun Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları açmaqla bağlı təşəbbüsləri birmənalı müdafiə etməsini onun xalqımızın təhsilinə verdiyi önəmin nümunəsi kimi vurğulayaq. Onu da vurğulayaq ki, 100 illik tarixi müddətində altı nəfər tələbə ilə Azərbaycan dilində fəaliyyətə başlayan ali pedaqoji təhsil ocağı I və II dərəcəli yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədi ilə yaradılsa da günümüzə qədər 100 mindən artıq yüksək ixtisaslı müəllim kadrların hazırlığını həyata keçirən müəssisə kimi adını təhsil tariximizə yazdırıb.

Öz yüzillik tarixində bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin taleyində müəyyən çəkilmələr və qabarmalar olsa da Cənubi Qafqazın ən böyük ali pedaqoji təhsil müəssisəsi Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Əziz Ubeydulin, Bəkir Çobanzadə və digər fədakar insanların sayəsində öz missiyasını yerinə yetirə bilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmin qabarmalar və çəkilmələri həm də ölkədə gedən proseslərlə bağlı olub. Ötən əsrin 30-cu illərində ölkəmizin tərkib hissəsi olduğu SSRİ-də siyasi məqsədlərə hesablanan repressiya və yaxud Böyük Vətən müharibəsi illərində  universitetimizin professor-müəllim, tələbə heyəti ciddi kadr itkisinə uğramasına baxmayaraq, müəllim kadrlarının hazırlanması sahəsində sanballı sözünü deyə bilib. Universitetin ən çətin və taleyüklü məqamlarda belə, öz missiyasını uğurla yerinə yetirməsi işində müxtəlif zamanlarda ali pedaqoji təhsil ocağına rəhbərlik edən şəxslər bu gün də hörmət və ehtiramla anılır. Onlardan biri, Azərbaycan pedaqogika elminin ən görkəmli nümayəndələrindən olan akademik, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını xüsusi qeyd etmək istərdik.

Ömrünün böyük bir hissəsi universitetlə bağlı olan, Azərbaycan təhsili və onun təşkilatçılığı işində böyük xidmətləri ilə yadda qalan akademik bu gün yüz yaşını qeyd etdiyimiz təhsil ocağına yeni ab-hava gətirib, Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-tədqiqat işlərinə impuls verib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin son 50 illik fəaliyyəti, bu fəaliyyəti dövründə onun qazandığı uğurlar və qədəm basdığı inkişaf mərhələsi ümummilli lider Heydər Əliyev və onun tərəfindən əsası qoyulan təhsil siyasəti ilə sıx bağlıdır. Respublikaya rəhbərliyinin birinci mərhələsində Azərbaycan müəllimlərinin böyük dostu ölkə üçün müəllim hazırlanması sahəsində şəksiz lider olan bu təhsil ocağına xüsusi qayğısı ilə seçilib. Təsadüfi deyil ki, Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlarda, 1971-ci ildə Ümummilli Lider bu ali təhsil ocağında olub, kollektivin qayğıları ilə yerindəcə maraqlanıb, pedaqoji təhsil müəssisəsinin qarşısında dayanan vəzifələri professor-müəllim heyəti ilə müzakirə edib, qənaətini bölüşüb, Azərbaycanın gələcəyi olan o zamankı uşaqların təlim-tərbiyəsinin etibar olunacağı müəllim kadrların hazırlığı işində görüləcək işlərdən danışıb. Bu, universitet müəllimlərinin ölkə rəhbəri ilə ilk görüşü olub. Yeri gəlmişkən, sonralar həmin tarixi görüşün iştirakçısı olan filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Həsən Mirzəyev SSRİ məkanında yenicə parlayan respublika rəhbərinin, sonralar ucsuz-bucaqsız ölkənin siyasi rəhbərliyində ən mötəbər yerlərdən birini tutan, xarici siyasətçilərin və siyasi ekspertlərin şəxsində Sovet İttifaqının gələcək rəhbərini gördüklərini bəyan etdikləri dövlət xadiminin kollektivdə yaratdığı ovqat barədə danışmağı sevirdi. O, ölkə rəhbərinin çoxları üçün əhəmiyyətsiz, xırda iş kimi gördüyü məsələlərə toxunaraq onların, əslində, gələcək mütəxəssislərin hazırlanmasında hansı problemlər yarada biləcəyini izah edir və söhbəti ilə professor və müəllimlərin yaddaşına əbədi həkk olunduğunu deyirdi.

Onu da xatırlatmaq istərdik ki, Ulu Öndər, ümumilikdə, 5 dəfə universitetimizdə olub və o səfərlərin içində 1981-ci ildə o zamankı Azərbaycan Dövlət Pedaqoji Universitetin 60 illik yubileyi ilə bağlı səfəri nəinki Azərbaycanda, bütün SSRİ məkanındakı pedaqoji ictimaiyyət arasında böyük maraqla izlənildi. Bu marağı yaradan ancaq o deyildi ki, ali məktəbə ümummilli lider Heydər Əliyevin təqdimatı ilə verilən yüksək dövlət mükafatı- “Qırmızı Əmək Bayrağı” ordeni təqdim ediləcəkdi. Həmin marağı yaradan daha çox o amil idi ki, SSRİ-nin ali siyasi orqanı olan Siyasi Büronun 9 üzvündən biri Heydər Əliyev müəllimlərin mövcud problemlərindən söhbət açır, gələcək müəllimlərin yetişdirilməsi prosesində başlıca yer tutan ali təhsil ocaqlarında elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin zəruri olduğunu publik şəkildə bəyan edirdi. Bunlarla bərabər, Ümummilli Lider universitetimizin o zamankı kollektivinin 60 il müddətində gördüyü işlərdən, ali təhsil müəssisəsində yığılmış təcrübənin istifadəsindən də söhbət açırdı, müəllim peşəsinin nəyə görə uca sayılması barədə danışırdı:  “Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.

Onu xatırlatmağı borc bilirəm ki, Ümummilli Liderin universitetimizə hər bir səfəri kollektivimiz üçün ən unudulmaz gün kimi yaddaşda qalmış hadisədir. Buna görədir ki, ali təhsil ocağında Ulu Öndərə məxsus unikal eksponatların sərgiləndiyi Heydər Əliyev Muzeyi yaradılıb, böyük ömrün nəhəng ictimai-siyasi fəaliyyətinin nəticəsi olan çoxşaxəli irsinin təbliği üçün sistemli olaraq təşkil edilən “Heydər Əliyev məktəbinin lektoriyası” təşkil edilir.

Heydər Əliyevin təhsil ilə bağlı dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin nəticələrini digər ali məktəblər kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz gündəlik fəaliyyətində hiss edir. Bu yönümdə, 2010-cu ildə parlamentin qəbul, cənab Prezidentin təsdiq etdiyi “Təhsil haqqında” Qanun, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və digər bunlar kimi xüsusi əhəmiyyətli dövlət sənədləri imkan verir ki, universitetimiz qarşıya qoyulmuş hədəflərə çata bilsin. Onu vurğulamaq istərdik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması və onun filiallarının universitetimizin strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Bununla yanaşı, ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir.

Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavr səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadr hazırlanır və 8 fakültə, 33 kafedrada çalışan universitetimizin professor-müəllim heyəti ancaq pedaqoji fəaliyyət ilə deyil, elmi tədqiqatlarla da məşğul olur.

Bunlarla bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti elm və təhsil sahəsində beynəlxalq əlaqələr çərçivəsində dünyanın 34 nüfuzlu universiteti ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir və bunu tənzimləyən müqavilələr imzalayıb. Əməkdaşlıq çərçivəsində Türkiyənin 11, Rusiya Federasiyasının 8, Ukraynanın 2, Rumıniyanın 1, ABŞ-ın 1, Qazaxıstanın 4, Litvanın 2, İndoneziyanın 1, Birləşmiş Ərəb Əmirliyinin 1, İsveçrənin 1, Özbəkistanın 1 və Moldovanın 1 universiteti ilə əməkdaşlıq edilir. Bunlarla bərabər ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil” ixtisası üzrə Magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı məhsuldar olaraq davam edir.

Universitetimizin qoşulduğu Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilirlər.

İştirak etdiyimiz belə əməkdaşlıqlardan biri də Türkiyə Respublikasının təklif etdiyi Mövlanə Mübadilə Proqramıdır. Proqram Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətində Türkiyədəki ali təhsil müəssisələrində dərs deməklə proqramdan faydalana bilərlər. Bunlar bilavasitə universitetimiz tərəfindən və Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ sənədlər əsasında tənzimlənir, universitetdaxili müvafiq qurumlar tərəfindən həyata keçirilir.

Avropa Müəllim Hazırlığı Şəbəkəsi (ETEN), Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (İAUP), Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlığımız davam edir.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti öz keçdiyi 100 illik yol ilə qürur duyur. Özünün bir əsrlik tarixi müddətində ali təhsil müəssisəsi Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi inkişaf etmişdir. Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, dövlət və ictimai xadiminin tərcümeyi-halında universitetin adı var. Biz universitetimizlə fəxr etdiyimiz kimi, onun qürur mənbəyi olan məzunları ilə öyünürük. Onların sırasında Yusif Məmmədəliyev, Əbdüləzəl Dəmirçizadə, Mehdi Mehdizadə, Mikayıl Müşfiq, Budaq Budaqov, Həsən Mirzə, Afad Qurbanov, İsmayıl Şıxlı, Əli Nağıyev və digər şəxsiyyətlər var. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının 11 prezidentindən 3-ü - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, həmçinin 3 vitse-prezidenti - Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.

Sadaladığımız faktlar bir qəzet üçün hazırlanan məqaləyə sığan epizodlardır. Öz yüzillik tarixi ərzində universitetimizin həyatında bu cür epizodlar çox olub və ona da inanırıq ki, olmaqda da davam edəcəkdir. Ümumiyyətlə, onu xatırlatmaq istərdim ki, yaşadığı 100 ili Azərbaycanın təhsil tarixində ən şərəfli səhifələr yazan Azərbaycan Dövlət Pedaqoji Universitetinin missiyasında birinci mərhələ hesab etmək olar. Daxili əminliyimiz var ki, o missiya davam edəcək.

Bu ümid dolu əminliyi isə insanlara yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gələcəyimizlə bağlı dediyi sözlərdir:  “Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər. Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir”.

Mahirə HÜSEYNOVA,

ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor

Xəbər lenti