Logo

Milli müəllim kadrları hazırlayan təhsil ocağı

07.01.2022 14:05 950 baxış
IMG

İrəvan Müəllimlər Seminariyası pedaqoji fikir salnaməmizə yaddaqalan
səhifələr yazıb

“Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Milli yaddaşın bərpasına hədəflənmiş Sərəncam

Hər bir millət  gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Təkcə bu günü deyil, sabahı-gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı  öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixində imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında”  Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu sərəncam  İrəvan mahalında  azərbaycanlıların  min illər boyu   yaratdığı  tarixi  irsə  sahib çıxmaqla  tarixi yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa hədəflənib.

Üləma, füzəla və şüəra şəhəri-İrəvan

Zəngi çayının sahilində dağlarla əhatə olunmuş düzənlikdə salınan qədim Azərbaycan şəhəri İrəvan bölgədə təhsil-tərbiyə mədəniyyətinin, maarifin və maarifçiliyin inkişafında mühüm rol oynamışdır. XX əsrin əvvəllərinə kimi şəhər əhalisinin  mütləq əksəriyyətini azərbaycanlılar təşkil  etmişdir.  Erməni ensiklopediyasında da özünə yer tapan xronoloji cədvələ görə, İrəvan  438 il (1390-cı ildən 1828-ci ilədək) azərbaycanlılar tərəfindən idarə olunmuşdur. 1828-ci ildə İrəvan xanlığı Rusiya tərəfindən ilhaq edildikdən sonra burada əhalinin milli tərkibi nəzərə alınmadan Erməni vilayəti təşkil edilmiş, İrandan 40 min və Osmanlı dövlətindən 84600 erməni qədim Azərbaycan torpağına yerləşdirilmişdir. Ciddi demoqrafik dəyişikliyə baxmayaraq, həmin illərdə şəhər əhalisinin  9710 nəfərindən 7331 nəfəri  (75,5%) azərbaycanlı olmuşdur. “Üləma, füzəla və şüəra” (F.B.Köçərli) yurdu kimi tanınan İrəvan şəhəri qısa bir vaxtda ictimai-siyasi, ədəbi-bədii və pedaqoji fikrin mərkəzinə çevrilmiş, Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbülqasım İrəvani, Abbas Məhəmmədzadə, Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Rəşid bəy İsmayılov, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Maqsud Məmmədov, Heydər Hüseynov, Cəfər Xəndan,  Əhməd Cəmil, Mirəli Seyidov, Kamil Əliyev kimi onlarla görkəmli ziyalıların ana yurdu kimi tanınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır”.

İrəvanda maarifçilik mühiti

İrəvan quberniyasında yaşayan azərbaycanlılar Bakı və Gəncə quberniyalarından sonra  sayca üçüncü yeri tuturdu. Burada ənənəvi məktəb və mədrəsələrin geniş şəbəkəsi mövcud idi. Təpəbaşı, Zal xan, Sərtib xan, Hacı Novruzəli bəy, Qala, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib, Hacı İmam  və Göy məscidin (yaxud Hüseynqulu xan) məscidlərinin nəzdində yüksək tipli  mədrəsələr fəaliyyət göstərirdi. Yalnız Hüseynqulu xan məscidində 200 şagirdin oxuması  yerli əhalinin təhsilə böyük diqqət göstərməsinin bariz ifadəsidir.1830-cu ildə Cənubi Qafqazda 1134 məscid mövcud idi ki, onların da əksəriyyətinin nəzdində ya mollaxana, ya da mədrəsə fəaliyyət göstərirdi. QTD-nin popeçiteli 1867-ci ildə Qafqaz sərdarına yazdığı illik hesabatında bildirirdi ki, məscid nəzdindəki müsəlman məktəblərinin və oradakı şagirdlərin heç olmazsa, təxmini sayını müəyyən etmək təşəbbüsümüz heç bir nəticə vermədi. Hər halda onların sayı çox böyükdür, 800-dən çox məktəb, heç olmasa 15 min şagird var. Onların da xeyli hissəsi İrəvan azərbaycanlılarının payına düşürdü. 1878-ci ilin məlumatına görə, İrəvan quberniyasında 60 məscid məktəbi fəaliyyət göstərirdi.

İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf edir. Yerli xalqları itaətdə saxlamaq, ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək, çarizmin hökmranlığını  möhkəmləndirmək  məqsədilə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi (1829) qəbul olundu. Bu nizamnaməyə görə, cənubi Qafqazda 20 qəza məktəbinin açılması nəzərdə tutulurdu. 1832-ci ildə İrəvan şəhərində  ilk dünyəvi məktəb - ikisinifli qəza məktəbi yaradıldı. Qəza  məktəbi 1839-cu ildə  üç sinifli qəza məktəbinə, 1869-cu ildə 4 sinifli  progimnaziyaya, 1881-ci ildə gimnaziyaya çevrildi. Gimnaziyanın 600-ə yaxın azərbaycanlı məzunu olmuşdur. Görkəmli Azərbaycan maarifçisi F.B.Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu gimnaziya ilə bağlı olmuşdur. İrəvan şəhərində yeni üsullu ana dilli məktəblərin meydana gəlməsi də həmin dövrə təsadüf edir. Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə Kazım Əsgərzadə 1882-ci ildə,  Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə  Təbrizdən İrəvana gələrək orada yeni üsullu məktəblər açdılar. İrəvan quberniyasında ildən-ilə  qəza məktəblərinin və ibtidai kənd məktəblərinin  yaradılması  xalq müəllimlərinə zəruri ehtiyac yaratmışdı.  O dövrdə  ibtidai məktəblər üçün  xalq müəllimləri seminariyalarda  və müəllimlər institutlarında hazırlanırdı.

Müəllim seminariyaları

XIX əsrin  I yarısında  Qərbi Avropa ölkələrində müəllim  seminariyaları geniş yayıldığı halda, Rusiyada ilk pedaqoji  seminariya 1786-cı ildə təşkil edilmişdi. Üçillik təhsil müddəti olan seminariyanın əsas məqsədi ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaqdan ibarət idi. XIX əsrin 60-cı illərində Rusiyada müəllimlər seminariyasının geniş şəbəkəsi yaradıldı. Yeni yaranan seminariyalarının layihəsinin müəllifi  görkəmli rus pedaqoqu K.D.Uşinski idi. Onun  hazırladığı “Müəllim seminariyasının layihəsi” 1861-ci ildə nəşr edilmişdir. Rusiya XMN ölkədə seminariyaların fəaliyyətini tənzimləmək məqsədilə 1870-ci ildə “Müəllimlər seminariyası haqqında əsasnamə” təsdiq etdi. Həmin dövrdə Moskva, Peterburq, Xarkov, Kazan,  Odessa təlim dairələrində  xeyli  müəllim seminariyaları fəaliyyət göstərsə də, seminariyalar regionlar üzrə düzgün paylanmamışdı. Belə ki, Rusiyanın milli ucqarları bu bölgüdən kənarda qalmışdı.  Yalnız  yeni əsasnaməyə və  1875-ci ildə təsdiq edilmiş  təlimati xarakterli məktuba əsasən Kubanda (1871),  Qoridə (1876) və İrəvanda (1881) müəllim seminariyaları açıldı. Kuban müəllimlər seminariyasında cəmi 1 nəfər azərbaycanlı təhsil aldığı halda, Qori və İrəvan seminariyalarının hər birində 300-dək azərbaycanlı xalq müəllimi hazırlanmışdır. “M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişlərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün  həmin xidmətləri göstərmişlər”. Azərbaycan təhsil və pedaqoji fikir tarixinin  görkəmli tədqiqatçısı Hüseyn Əhmədovun bu fikirlərini eyni ilə İrəvan  Müəllimlər Seminariyasına da aid etmək olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda da vurğulandığı kimi, İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Seminariyanın məzunları azərbaycanlıların yaşadığı bölgələrdə dünyəvi məktəblərin açılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində fəal iştirak etmiş,  İrəvanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində maarifin yayılmasında böyük fədakarlıq göstəriblər.

(Ardı var)

Fərrux RÜSTƏMOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

Azərbaycan Müəllimi

Xəbər lenti