Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı 2022-ci il yanvarın 23-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 12 yanvar saat 18:00-dək davam edəcək.
İmtahanının strukturu, xüsusilə də esse tapşırıqları ilə bağlı məlumatları bir daha təqdim edirik.
İmtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test və esse tapşırıqları üzrə struktur aşağıdakı kimidir:
Test tapşırıqları:
• 100 sualdan ibarətdir;
• Bütün namizədlər üçün Azərbaycan dilində təqdim olunur;
• Qanunvericilik və ümumi sahəvi biliklər (70 sual), ümumi dünyagörüşü (10 sual), verbal, rəqəmsal məlumatlarla işləmə və mücərrəd düşünmə (20 sual) üzrə biliklər yoxlanılır;
• Hər bir test tapşırığı 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavablar üzrə alınan nəticəyə təsir etmir;
• 150 dəqiqə davam edir.
Test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt bitdikdən sonra 15 dəqiqəlik fasilə elan edilir.
Esse tapşırıqları:
• Esselər ictimai-siyasi, sosial-iqtisadi, cəmiyyət və mədəniyyət, dövlət və idarəetmə, təhsil, humanitar və sosial məsələlər, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sahələrində baş verən aktual hadisə və proseslər, həmçinin bütün bəşəriyyəti narahat edən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən mövzularda aiddir;
• Hər namizədə 3 fərqli esse mövzusu təqdim olunur. Namizəd 1 mövzu seçir və həmin mövzunu həm Azərbaycan, həm də qeydiyyat zamanı seçdiyi xarici dildə yazır;
• Xarici dil seçimi yalnız esse tapşırığı üçün nəzərdə tutulub;
• Esselərin yazılması üçün ayrılan vaxt 90 dəqiqədir;
• Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər.
Esse tapşırıqlarının yoxlanılması zamanı:
- tərcüməyə dair tələblər nəzərə alınmır (mövzu eyni olsa da, cümlələr və fikirlər fərqli formada ifadə edilə bilər);
- dil bacarıqları və məlumatların düzgünlüyü qiymətləndirilir.
Esse tapşırıqlarının qiymətləndirilməsinə qoyulan tələblər:
- essenin tərkib hissələri (giriş, əsas hissə və nəticə) ayrı-ayrı abzaslarla fərqləndirilməlidir;
- esse yazısı 200-250 söz həcmində olmalıdır;
- mövzu dolğun və tam şəkildə əhatə olunmalıdır;
- fərdi baxışlar və fikirlər məntiqi ardıcıllıqla verilməli, çıxarılan nəticələr məntiqli və inandırıcı olmalıdır;
- mövzu ilə bağlı sərbəst mühakimə yürüdülməlidir;
- ifadə olunan fikirləri ehtiyac yarandığı halda əsaslandırmaq üçün sitatlardan, nümunə, təcrübə, fakt və başqa mənbələrdən yerli-yerində istifadə edilməlidir;
- istifadə olunan fakt və nümunələrin mövzuya uyğunluğu gözlənilməlidir;
- esse dilin qrammatik və leksik qaydalarına əməl olunmaqla orijinal və neytral üslubda, mövzuya uyğun söz ehtiyatı istifadə olunmaqla yazılmalıdır.
Daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün qeyd olunan linkdən istifadə edə bilərsiniz: https://exidmet.dim.gov.az/elimt/XINTest/elan