Dağların qoynunda başı göy səmaya ucalan bir yurd var. Bura laçın gözlü gözəllərin, laçın cürətli oğulların müqəddəs yurdudur. Bura Laçındır. Bəli. Bura Vətəndir.
Bir neçə cümlədən sonra yadıma Azərbaycan musiqisinin əfsanəvi səsi, həzin mahnılarımızın "şah" ifaçısı Akif İslamzadənin, bəsdəsi Cavanşir Quliyev, sözləri Dilsuz Mustafayevin olan "Bura Vətəndir" mahnısı düşür:
Bura Vətəndi, gülü bitəndi, əlim çatandı,
Ünüm yetəndi - bura Vətəndi.
Çox şükür zaman yetişdi yurd yerlərinə əlimiz çatdı, ünümüz yetdi. Şəhid qanı ilə Vətən - Vətənləşdi, sərhəd bütövləşdi. Yurd insanının üzü güldü, torpağının gülü yeddi rəngdə açdı.
Yenidən yuxarıda adın qeyd etdiyim mahnının digər bir bəndinə nəzər yetirək:
Bu el Şuşadı, gözəl Şuşadı, üzmə gülünü,
Gülü qoşadı - gözəl Şuşadır.
Gülün qoşalığı diqqətə çatdırılır. Deyərdim ki, bu ikiliyin bir yarı Şuşadırsa, digər yarı da Laçındır.
Laçının azadlığı günü 2020-ci ilin 1 dekabr tarixində "Qarabağın laçın oğlanıdır, Laçın" başlıqlı yazıda xüsusi qeyd edirəm: "Bu gün müqəddəs bayrağımızın Laçında dalğalanacağı tarixi gündür. 28 il bundan əvvəl günəşli may günündə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Laçın, artıq azaddır! İndi təkcə Laçın və laçınlılar deyil, həm də çoxsaylı dünya və yerli əhəmiyyətli tarixi-dini abidələr, tarixi-memarlıq abidələri, ziyarətgahlar, rayonun dəyişmiş coğrafi adları da azadlığa çıxdı.
Qarabağın laçın oğlanıdır, Laçın! O da Şuşa kimi əlçatmaz dağlıq ərazidə yerləşir. Şuşa qalasının Ağoğlan qapısı olubsa, Laçının da VI əsrə aid Alban Ağoğlan məbədi olub.
Şuşa və Laçını bir araya ona görə gətirdim ki, bütün rayonlarımızın azadlığı məhz Şuşadan keçirdi".
Həmin qürurlu günlər, aylar indiki kimi xatirimizdədi. Ordumuz əzəli və əbədi yurd yerlərini düşmən tapdağından azad edir, Ali Baş Komandan İlham Əliyev xalqa şad xəbərlər çatdırırdı. Noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndlərinin düşmən tapdağından azad olduğu xəbərinin sevincini qrup yoldaşım Ayşən Qasımbəyli xoşbəxtlik hislərinə bürünərək öz yaxınları, doğmaları və qrup yoldaşları ilə "Güləbürd, bizim kənd" deyərək bölüşmüş, paylaşmışdı. Yadımdadır. Həmin an onun sevincinin həddi-hüdudu yox idi.
Güləbürd nəğməli-muğamlı, sazlı-sözlü Türk elidir. Tarixin müəyyən dövrlərində silahlı erməni dəstələrinin törətdiyi qırğınlara baxmayaraq, bu kəndin camaatı yurduna sadiq qalıb, əliyalın insanlar yağı düşmənlə son damla qanına qədər mübarizə aparıb.
Güləbürd həm də Sarı Aşığın yurdu olmuşdur. Dərin yaradıcılığı ilə söz xəzinəmizi zənginləşdirən aşığın bir bayatısında deyilir:
Aşığam, kimsəsizə,
Rəhm elə kimsəsizə.
Nə göydə mələk bənzər,
Nə yerdə kimsə sizə.
Həqiqətən də Güləbürd kəndinin camaatı öz səxavəti, mərdi-mərdanəliyi, yüksək əxlaqı ilə seçilir, bənzərsizdir. Hələ o zaman Sarı Aşıq haqqında söz açan Əndəlib Qaracadaği yazırdı: "Zahirən bu zati pak şifteyi-ruzigardır". Əlavə edib deyərdim ki, Sarı Aşığın timsalında Güləbürd kəndinin insanlarının, həqiqətən də zati pakdır, təmizdir.
Mən bu saflığı, tərbiyəni, xanım ismətini, yüksək mədəniyyəti qrup yoldaşım Ayşən Qasımbəylinin timsalında gördüm. Sonradan bu böyük ailəni tanıdım. Soyadında olan "bəy" ifadəsini isə bu soyun əməllərində sezdim.
Hələ birinci kursun ilk semestrində "Azərbaycan Tarixi" fənnində onun tariximizə olan sevgisi, jurnalist araşdırması, yurdsevərliyi, dininə və dilinə qarşı həssaslığı da diqqətimdən yayınmamışdı. Bu, əlbəttə, əsilli-köklü Qasımbəylilər tərbiyəsindən irəli gəlir. Soyadın genetik kodu da, qazandıqları çörək qədər halaldır. Necə deyərlər: "ot kökü üstə bitər."
Acı təəssüf olsun ki, Güləbürdün - Laçının azadlığına sevinən Qasımbəylilərin ruzigarı bəd əsdi. Bəlkə də bu, qəzavü-qədərin cilvəsi idi. Nə bilmək olar?!
Düzü, Qüdrət müəllim Qasımbəylinin həyatdan vaxtsız gedişinə hər kəs kimi, mən də inanmamışdım. Tərbiyəli övladlar böyüdən, təhsilimiz üçün canının şirəsini əridən, kimsəsizə dayaq olan ziyalı bizlərə - cəmiyyətə gərək idi. Görünür, Tanrı Qüdrət müəllimi bizdən çox sevirdi. Və ona görə də 55 yaşında öz dərgahına, müqəddəs səmaya ucaltdı.
Hər zaman səmadakı ulduzları yerdəki insanlara bənzətmişəm. Dan ulduzunu isə tamam fərqli, öz yaxşılığı, nuru, saf əməli ilə fərqlənən insan bilmişəm. Qüdrət müəllim də fərqli idi.
Qüdrət Qasımbəyli Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya fakültəsini bitirdi. Doğma Universitetimizin Həmkarlar Təşkilatında çalışdı, yaradıcı fəaliyyəti, yüksək elmi biliyi, bacarığı ilə seçildi. Uzun illər Odlar Yurdu Universitetində məsul vəzifədə çalışdı. Şərəfli ömür yaşayan Q.Qasımbəyli sağlığında əməllərilə özünə rəhmət qazandı. Yanvar ayının 4-ü haqq dünyasına qovuşan Qüdrət müəllimi hər kəs: qohum-qonşu, el-oba, dost-tanış, iş yoldaşları, tələbələri, bir sözlə onu tanıyan hər kəs min-min rəhmətlə anır.
Bir zamanlar Sarı Aşığın Güləbürd həsrətindən və sevgisindən bu bayatı yarandı:
Aşiqəm Güləbirdə,
Şeh qonub gülə bir də.
Bir quş olub uçaydım
Düşəydim Güləbirdə.
Bir təsəllimiz də var ki, doğma torpaqlar düşmən tapdağından azad olunandan sonra haqqın rəhmətinə qovuşan əzizlərimiz bu fani dünyadan nigaran şəkildə, torpaq nisgili, yurd həsrətilə köçmürlər. İnanırıq ki, Qüdrət müəllimin ruhu göy üzündə, azad Laçın - Güləbürd səmasında şad və xürrəmdir.
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi