Məktəblərdə mövzu ilə bağlı “açıq dərs”lər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük gərgin döyüşlərlə işğal altında olan torpaqlarımız azad olundu. Məcburi koçkün düşmüş vətəndaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Lakin düşmən azad olunmuş ərazilərə minlərlə mina , çoxlu sayda partlamamış hərbi sursatlar basdırmış ki, bu da əhali üçün ciddi təhlükə yaradır.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının təhsil naziri “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partalayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi haqqında müvafiq əmr imzalayıb.
Bu əmrə əsasən Cəbrayıl rayonu Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində tarix müəllimi Şəbnəm Hatəmzadə VI sinifdə Həyat bilgisi fənnindən çağrışaqədərki hazırlıq rəhbəri Xəyal Hüsiyev isə X sinifdə “Mina təhlükəsizliyi” mövzusunda “açıq dərs” keçirib. Dərslərdə Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev, Əhliyət Adıgözəlov və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisi Zamiq Aslan, II Qarabağ müharibəsi qazisi Həsən Müzəffərli iştirak ediblər.
VI sinifdə keçirilən “açıq dərs”də Ş.Hatəmzadə şagirdlərə minanın təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verib. Həmçinin şagirdlərə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilib və maarifləndirici söhbətlər aparılıb. Müəllim VI sinif şagirdləri ilə mina təhlükəsizliyi ilə əlaqədar olaraq rollu oyunlar təşkil edib. Mövzunun möhkəmləndirilməsi məqsədi ilə müəllim iş vərəqləri paylayıb və nəticələr qiymətləndirilib.
X sinifdə keçirilən “açıq dərs”də çağrışaqədərki hazırlıq rəhbəri X.Hüsiyev şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışıb, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılıb, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat verilib, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları öyrədilib, şagirdlərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsi izah olunub.
Tədbirdə Minatəmizləmə Agentliyinin mütəxəssisi ANAMA-nın fəaliyyətindən danışıb, məktəblilərə mina təhlükəsindən qorunmaq üçün maarifləndiriçi bukletlər və əyani vəsaitlər təqdim edib.
Dərsdə iştirak edən II Qarabağ müharibəsi iştirakçısı H.Müzəffərli öz xatirələrini danışaraq minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq üçün hansı addımların atılması barədə şagirdləri məlumatlandırıb.
***
Ağdam rayon 32 nömrəli tam orta məktəbin şagirdləri arasında partlayıcı sursatların riskləri barədə məlumatlığın artırılması məqsədi ilə təlim keçirilib. Tədbirdə Təhsil Nazirliyinin ümumi təhsilinin təşkili və idarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, ANAMA-nın mütəxəssisi Zamiq Aslan, Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi Sevinc Bayramova, metodisti Səadət Dadaşova və İkinci Qarabağ müharibəsinin qazisi Elnur Abbasov iştirak ediblər.
Məktəbin hərbi rəhbəri Elgiz Əliyev gənclərin çağrışaqədərki hazırlığı fənnindən Xb sinfində “Mühəndis maneələri” mövzusunda nümunəvi dərs keçib. Dərsdə partlamamış sursatların insan həyatı üçün necə təhlükəli olduğu, onların aşkar edilməsi və bu zaman necə hərəkəti etməli olduqları və s. haqqında geniş məlumat verilib. Sonra ANAMA-nın mütəxəssisi mövzu haqqında şagirdləri maarifləndirib, onların suallarını, cavablandırıb. Vətən müharibəsinin qazisi Elnur Abbasov şagirdlərə döyüşlər zamanı minalardan necə qorunduqlarını və döyüş xatirələrini danışıb.
***
Bakı şəhərində fəaliyyət göstərən Laçın 29 nömrəli tam orta məktəbdə müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə çağrışaqədərki hazırlıq rəhbəri Yaşar Cəfərov tərəfindən X sinif şagirdləri üçün “açıq dərs” təşkil edilib. ANAMA-nın mütəxəssisi mina təhlükəsizliyi ilə bağlı şagirdləri məlumatlandırıb.
Tədbirdə mövzu ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov, Qarabağ qaziləri Saleh Şirinov, Muğan İsayev, Sahib Hüseynov çıxış ediblər. (muallim.edu.az)