Logo

“Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir”

08.02.2022 20:41 698 baxış
IMG

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri olmaqla yanaşı heç təsadüfi deyil ki, həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir olaraq onun icrasına - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi böyük aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir.  Bu gün Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi, Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir.

Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli şəkildə çalışaraq 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsini uğurla tamamlamışlar. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev çıxışında layihənin tamamlanması ilə bağlı bildirmişdir ki: “Milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi”ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır”.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıraraq 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,5 milyard kubmetri Türkiyəyə, təqribən 7 milyard kubmetri İtaliyaya, qalan həcmi isə komandanın digər üzv ölkələri olan Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.

Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb və bunun nəticəsində “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

Hazırda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılması mühüm hadisə kimi dəyərləndirilir.

İclasda diqqətçəkən məqamlardan biri də bərpaolunan enerji mənbələrinin reallaşdırılması ilə bağlı idi. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik.

Bildiyimiz kimi, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Bu, tamamilə dağıdılmış ərazidir. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Bu məsələ artıq Cənub Qaz Dəhlizi Məşvərət Şurası tərəfindən də maraqla izlənilir və dəstəklənir. Burada diqqətçəkən məqam odur ki, respublikamızda bərpaolunan enerji mənbələrinin reallaşdırılması üçün indiki mərhələdə kifayət qədər potensial, bilik və təcrübə mövcuddur, bu istiqamətdə tətbiq edilə bilən texnologiyalar var. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələyə toxunaraq, təkcə Xəzər dənizində bərpaolunan enerji mənbələri potensialının mövcudluğunu xatırlatdı. Bu, xarici tərəfdaşlarımız tərəfindən də ölkəmiz üçün mühüm imkan kimi dəyərləndirilir.

Sənan İsfəndiyar oğlu Əliyev,
ADPU-nun Tədris departamentinin direktoru,
iqtisad üzrə fəlsəfə doktoru, dosent, 
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Xəbər lenti