Logo

Sinqapur peşə təhsil sistemi - ARAŞDIRMA

16.12.2020 17:58 904 baxış
IMG

Sinqapurun təhsil və təlim sistemi iqtisadiyyat və elmi sahələrində qazanılan uğurlarında mühüm rol oynamışdır. Sinqapur (və Koreya) iş mühitindəki işçilərin özünü inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Misal üçün müəssisələrin işçi təliminə marağını artırmaq üçün təhsil vergi siyasətini tətbiq etmişdir. Sinqapurun texniki peşə təhsil sistemi bu gün “dünya standartlarına cavab verən model” sayılır. Sinqapur hökuməti 1964-cü ildə 4910 şagirdin təhsil aldığı ilkin peşə təhsil məktəbinin əsasını qoydu. Burada təhsilalanlar orta məktəblər üçün buraxılış imtahanlarından məqbul qiymətlər almayan şagirdlər idi. 1970-ci illərdə isə bir neçə Beynəlxalq Satış Mərkəzləri və peşə təhsil müəssisləri fəaliyyətə başladı.

 

İşsizlik problemini həll etmək, çoxmillətli şirkətləri cəlb etmək və güclü bir istehsal sektorunu inkişaf etdirmək məqsədilə hökumət üçün lazımi bacarıqların mövcudluğunu təmin etmək önəmli amil idi. Hökumət təhsili müxtəlif səviyyələrdə yüksəltmək üçün sistematik siyasət və tövsiyələrə əməl etdi. Məsələn, “məktəbdən çıxma problemi” və “akademik meylli” olmayan şagirdlərin qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün “akademik qabiliyyəti daha az olan” şagirdlər peşə təhsil müəssisələrinə istiqamətləndirdi.

 

Hökumət  mütəmadi olaraq müxtəlif islahatlar həyata keçirirdi. Bu islahatlardan ən diqqət cəlb edəni isə 1993-cü ildə təhsil və təlimə daha çox subsidiya vermək üçün qəbz sisteminə (voucher system) bənzər bir planın tətbiq olunması idi. Bu plana əsasən Təhsil Nazirliyi 6 ilə 16 yaş arası hər bir uşaq adına açılmış EduSave hesabına müntəzəm olaraq müəyyən bir ödəmə həyata keçirirdi. Valideynlər övladlarının istədikləri əlavə təhsili təmin etmək üçün həmin qaynaqlardan istifadə etməyə başladılar.

 

Ölkədəki texniki və politexnik təhsil yalnız son məntəqə, sənayeye hazır çıxış ixtisası kimi deyil, eyni zamanda universitetə qəbul üçün kollec təhsilinə alternativ olaraq da görülür. Məsələn, bir çox tələbə və onların valideynləri politexnik məktəblərə qəbula üstünlük verirlər. Çünki burada kollecdəki akademik təhsil əvəzinə təcrübə yönümlü təhsili üstün tuturdular.  Digərlərinin isə politexnik məktəblərini seçmə səbəbi burada birbaşa məşğulluq imkanlarına gətirib çıxaran geniş proqram və kurslar olmasıdır.

 

Bu kurs və proqramlara daxil olan  dizayn, interaktiv və rəqəmsal media, biomedikal və həyat elmləri, otelçilik və turizm menecmenti kimi yeni sahələr də daxildir. Hökumət, fərqli bilik və bacarıqların səviyyələrini özündə birləşdirdikləri üçün politexnik və universitetlər (ali təhsil) arasında müxtəlifliyi qoruyub saxlayırdı. Politexniki bilik və bacarıqların təmin olunmasında ən effektiv yol kimi işəgötürənlərin tələb və təklifləri və eyni zamanda hökumətə bildirdikləri rəylərdir. Politexniki yolla təhsil Sinqapurun sənayeləşməsində “onurğa sütunu” rolunu oynamışdır deyə bilərik. Bu institutların ölkənin iqtisadi, sosial və texnoloji inkişafına dəstək olacaq texnoloqlar və orta səviyyəli mütəxəssislər yetişdirmək və istehsal etmək kimi əsas missiyası vardır. Məzunların məşğulluq nisbəti davamlı olaraq yüksəksəlmişdir. Statistik məlumatlara istinadən Sinqapurda məşğulluq göstəricisi 2005-ci ildə 90% səviyyəsində olmuşdur. Peşə/texniki təhsilə müraciət edənlərin göstəriciləri orta-ixtisas təhsilə nisbətən daha yüksəkdir.

 

Sinqapur təcrübəsi dünya səviyyəsində tanınan Texniki Təhsil İnstitutunun (Institute of Technical Education-İTE) hansı uğurlarla dünya səviyyəli peşə təhsil müəssisəsinə çevrildiyini göstərdi. 1965-ci ildə müstəqillik qazandıqdan bu yana peşə təhsil sistemi iqtisadi inkişafın müxtəlif mərhələlərinə cavab olaraq inkişaf etmişdir.

 

İqtisadiyyat yenidən qurularaq işçi qüvvəsi intensivliyindən kapital intensivliyinə, daha sonra bilik intensivliyinə keçdikdə, peşə təhsil sistemi işçi qüvvəsinin müvafiq bilik, bacarıq və dəyərlərə sahib olmasını təmin etdi. Təhsil və təlim sistemlərinə məktəbi bitirənlərin, sənayenin və cəmiyyətin ehtiyaclarına uyğun olaraq yenidən baxıldı, təkmilləşdirildi və yenidən quruldu.

 

ITE tərəfindən yaradılan peşə təhsil müəssisələrinin dünya iqtisadiyyatındakı aktuallığı, keyfiyyəti və dəyərlərinə görə yerli və qlobal səviyyədə geniş miqyasda tanındığını deyə bilərik.

 

Asiyada inkişaf etmiş ölkələrin əksəriyyətində və xüsusilə də Cənubi Asiya bölgəsində Əfqanıstan, Banqladeş, Hindistan və Pakistan kimi inkişaf etməkdə olan ölkələrdə peşə təhsil sistemi iqtisadi inkişafında böyük rol oynasa da, buradakı peşə təhsil sistemi lazımi səviyyəyə gəlib çatmamışdır. Qeyd olunan ölkələrdə hökumət tərəfində bu sektorun inkişafına daimi kapital qoyuluşu mövcuddur. Buna baxmayaraq əldə olunan nəticələr hələ də qənaətbəxş deyildir. Azərbaycan Peşə Təhsil Sistemində olduğu kimi burada da iki əsas problem mövcuddur: peşə təhsil müəssisələrinin keyfiyyəti, peşə təhsil müəssisələri ilə istehsal müəssisələri arasında əlaqənin zəifliyi.

 

Cənubi Asiya ölkələri ilə yanaşı Azərbaycan da bura daxil olmaqla inkişaf etməkdə olan ölkələr peşə təhsil sistemin inkişaf etdirilməsində və modelinin yenidən işlənilməsində Sinqapur kimi özünəməxsus peşə təhsil modeli olan qabaqcıl dünya təcrübələrindən faydalana bilər.

 

Qadir QAFAROV

Azərbaycan Texniki Universiteti (AzTU)

Cəmilə ATAKİŞİYEVA

Sabirabad Peşə Liseyi

Xəbər lenti