Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bir sıra infrastruktur layihə üzrə təməlqoyma, eləcə də tikilib başa çatdırılmış obyektlərin açılışı ilə müşayiət olunur. Bəllidir ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı.
Nəyə görə Ağdam?
Çünki Ağdam Qarabağın giriş qapısıdır və 27 ildə düşmənin vəhşiliyi burada heç bir həyat əlaməti saxlamamış, şəhər səhralığa bənzər bir xarabalığa çevrilmişdi. Ağdamın həm strateji əhəmiyyəti, həm də bu acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq buradan başlanması zərurətini yaradırdı. Beləliklə, 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.
2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev daha bir neçə vacib obyektin təməlinin atılması, bir neçə obyektin açılışı üçün yenidən Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi.
Belə ki, Ağdamı qaranlıqdan çıxaracaq 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi.
Burada ən son innovativ texnologiyalar əsasında Prezidentin xüsusi nümayəndəliyinin qərargahı fəaliyyət göstərir. Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.
Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.
Heydər Əliyev Fondu tərəfindən aparılan Ağdam Cümə məscidinin bərpa-restavrasiya işlərini də xüsusi qeyd etmək lazımdır; Ağdamın tarixi abidələrinin qorunması, bərpası da diqqət mərkəzində saxlanılır.
Göründüyü kimi, Ağdam canlanır. İrəlidə bu doğma yurdumuzu daha da canlandıran hələ nə qədər layihələr var! Elə bir neçəsinə Prezident İlham Əliyevin növbəti səfəri aydınlıq gətirdi.
Bunlar nədən ibarətdir?
Məlumdur ki, Qarabağın gözəl iqlimi, füsunkar təbiəti onun turizm potensialından xəbər verir. Bu potensialı üzə çıxarmaq, inkişaf etdirmək həm də turizm infrastrukturunun qurulmasına bağlıdır. Bu məqsədlə 110 nömrədən ibarət olacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməli qoyuldu. 2024-cü ilin dekabrında otel Ağdam ziyarətçilərinin, qonaqların istifadəsinə veriləcək.
Bundan başqa, Ağdamın sənaye potensialının üzə çıxarılması üçün Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq. Bu, çox vacibdir, çünki qayıdışdan sonra Ağdam sakinlərinin məşğulluq məsələlərinin həllində buradakı müəssisələrin rolu böyük olacaq.
2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulan 209 mənzildən ibarət 6 yaşayış binasının inşasına və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə start verildi. Bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.
Ağdam üçün nəzərdə tutulan tibb müəssisələri bununla kifayətlənmir.
Növbəti mərhələdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, psixiatriya və vərəm əleyhinə xəstəxanalar, Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq. Yəni, bir rayonun sıfırdan formalaşması üçün nə lazımdırsa, bütün işlər Ağdamın inkişaf planına daxil edilib və mərhələli şəkildə yerinə yetirilir.
Ağdama qaz xətlərinin çəkilişi layihəsi hazırda işlənilir, eyni zamanda içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.
Sözsüz ki, Ağdamın qısa zaman içərisində öz sakinlərini qəbul edə bilməsi burada infrastrukturun tam formalaşmasına bağlıdır, bu işlərin daha da sürətlənməsinə isə dövlət vəsaitləri ilə yanaşı, həm yerli, həm də xarici investorların sərmayələri sayəsində nail olmaq mümkündür.
Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam keçəcək.
Vəfa ALLAHVERDİYEVA