Logo

Zehnimizi bürüyən lağlağı dumanı - Şahanə Müşfiq yazır

25.02.2022 19:18 458 baxış
IMG

Şahanə MÜŞFİQ
 

Bir neçə gün qabaq bir tədbirdə iştirak edirdim. Çıxışçıdan sonra mövzuyla bağlı "nacizanə" fikrimi deyib, kiçik bir iradımı bildirdim. Bu iradımı kimsədən çəkinmədən və başqa heç bir pis niyyətim olmadan dilə gətirmişdim. Haqlı olduğuma isə adım qədər əmin idim, elə indi də əminəm. Çünki çıxışı başdan-sona sözbəsöz dinləmişdim. Nə danışıldığından, necə danışıldığından və özümün nə dediyimdən yaxşı xəbərdar idim. Nəysə, bildirdiyim iradın nəticəsi kimi tədbirdə iştirak edən bəzi insanlar söhbətin məğzini dəyişdilər, özlərinin "anladıqları" formaya salmağa cəhd etdilər. Mənim çıxışıma guya öz aləmlərində cavab verirmiş kimi görünən "ağıllı" çıxışlarından isə bircə cümlə "yaxasını, başını yırta-yırta qışqırırdı": "Ay camaat, mən düz 45 dəqiqədir davam edən bu məruzənin bircə cümləsini belə dinləməmişəm!"

Bəli, onlar dinləmədikləri məruzə haqqında bəlağətli danışır, hələ bir məni-məruzəni dinləyib, fikir bildirəni borclu çıxarmağa çalışırdılar. Çox təəssüf ki, bunlar qələm adamı, yazıçı, jurnalistlər idilər. Hələ onlardan biri gedib tədbirdən iri bir reportaj da yazdı. Mənim anlamadığı çıxışımı öz aləmində şərh də elədi.

Yox, nə o reportaj müəllifindən incidim, nə də o tədbirdəkilərdən. Çünki bu, heç də yad mənzərə deyildi. Cəmi 20-30 nəfərlik auditoriyada cəmiyyətimizin mənzərəsi elə aydın, elə dəqiq görünürdü ki, buna diksinməmək əldə deyildi. Bu hadisədən sonra yenidən kənara çəkilib dünyanın və ölkəmizin gündəmini, bu gündəm mövzularının dövr elədiyi sosial şəbəkələri "gözlərim dörd" şəkildə izləyirəm. Çoxunuza yaxşı tanış olan o səs-küy həm başımı aparır, həm də içimi qapqara bir dumana qərq edir. Hər dəfəsində ruhumu saran o məyusluq bu dəfə daha qatı, daha ağırdır.

Köhnənin adamları kimi bu söhbəti burda qoyub, keçim başqa mövzuya. Sizcə, böyük bir toplum olaraq, biz niyə narazı olduğumuz, bəyənmədiyimiz məqamları dəyişməyə, öz istədiyimiz şəklə salmağa qadir deyilik? Axı nə çox "qulağımızın dibində" haqsızlığa səsini çıxarıb haqqını tələb edən, bir olub istədiyinə nail olan xalqlar. Biz isə bunu cəmi bir dəfə bacardıq: 2 il öncə Vətən müharibəmizdə. Hə, onda ayağa da qalxdıq, yumruq kimi birləşdik də, xalq da olduq, vətəndaş da. Nəticədə nə oldu?! İstədiyimizi aldıq, 30 illik problemi cəmi 44 günün içində həll etdik.

Yaxşı, bəs sonra? Sonra boşaldılmış şar kimi qəfil yatdı havamız. Yenidən hərəmiz öz küncümüzə çəkildik, yenidən başımızı saldıq sosial şəbəkələrin içinə, yenidən gündəmimizi səfeh-səfeh mövzular zəbt etməyə başladı. Yəni, torpaqlarımızı düşməndən təmizlədik də, gündəmimizi səfehlərdən təmizləməyə acizik.

Hə, qayıdıram sualımın üstünə, nədir bizə mane olan?! Yəqin bu yazını oxuyan sizdən bəziniz səsli, bəziniz səssiz, öz cavab versiyalarınızı deyəcəksiniz. Əgər sizdən birinizin ağlına mənim fikrimi soruşmaq gəlsə, onda belə cavab verərdim ki, bizə mane olan elə biz özümüzük. Bir hadisənin mahiyyətinə varmadan, anlamadan, dinləmədən, ağızdangötürmə, qulaqdandolma şəkildə, özümüzün yozduğumuz formada şərh edir, öz bildiyimizi "dədəmizə belə vermək istəmirik". Kimsə kiminsə "toyuğuna "kış" deyibsə, həmən qaçır telefonda onun şəklinin üstünə özünün ağlına gələn cümləni yazıb, paylaşır ki, bəs filankəs bizi söydü, filankəs uyğunsuz söz dedi. Heç kimin də vecinə deyil, maraqlansın, görsün, o filankəs kimdir, xalqı harda söydü, nə vaxt söydü, bu cümləni hansı müsahibədə, hansı çıxışda işlətdi? Elə ucdantutma hər kəs başlayır onu söyməyə.

İkinci məsələ isə lağ-lağıçılığımızdır. Belə olanda qayıdıb Mirzə Cəlili, Sabiri, "Molla Nəsrəddinçiləri" rəhmətlə anır və deyirəm ki, axı o behiştliklər bizə satiranı, yumoru öyrədəndə, problemlərə lağ-lağı edəndə nə biləydilər, onların nəticələri, kötücələri olan biz bu gün sosial şəbəkələrdə guya babalarımızın yolunu gedirmiş kimi görünüb əndazəni aşacaq, yolumuzdan çıxıb, ora-bura vurnuxacağıq. Yəni bütün məsələ bizim ciddi və qeyri-ciddi bütün hadisələrə, gündəm mövzularına lağ-lağıyla yanaşmağımız, hər şeyi gülməyə salmağımızdır. Biz hər şeyə, hər kəsə gülürük. Güldükcə qeyri-ciddiliyi daha da yayır, meydanı təlxəklərə peşkeş edirik. Sonra da bir əlimiz, bir dizimiz olur ki, axı niyə gündəmimiz cürbəcür mənasız, lüzumsuz mövzulardır?! Bu yerdə Ukraynada və dünyada son günlər baş verən hadisələr düşür yadıma və fikirləşirəm ki, bəlkə də Üçüncü Dünya müharibəsi başlayıb artıq. Sadəcə lağlağı dumanı gözlərimizin önünü və zehnimizi elə tutub ki, hələ bir çoxumuz bunu aydın görə və anlaya bilmirik.

Xəbər lenti