Bir neçə il bundan öncə səmada üç hadisənin birgəlik anı yaşandı: Adəm övladı ayı "qırmızı", "mavi" və "böyük" formada görmüş oldu. Təbiət belə bir kuryoz hadisəyə sonuncu dəfə on doqquzuncu əsrin ikinci yarısında şahidlik etmişdi. Elə həmin əsrin, həmin yarısında, digər bir hadisə də baş verdi. Naxçıvanın Şərur qəsəbəsində ayın doğduğu, ətrafın aydın olduğu gün yaşandı: İbrahim Səfi dünyaya təşrif buyurdu. Bunların hər ikisi təbiət hadisəsi idi. Tək fərqi onda idi ki, birində ay batırdı, digərində isə ay doğurdu. Sonradan İbrahim Səfinin məşəqqətli və mənalı ömrünü də üç epoxaya böləcəkdik. "Qırmızı Ay" - rəssamın çətin keçən uşaqlıq və gənclik illəri, "Mavi Ay" - onun yaradıcılıq fəaliyyətinin Türkiyə və Avropa mərhələsi, sonuncu "Bütöv Ay" - haqqın dərgahına qovuşan İbrahim Səfinin bugünədək sənətkar böyüklüyünü, ucalığını qoruyub saxlaması...
İbrahim Səfi bu dünyaya rəssam kimi gəldi - öz quru fırçası ilə. Rəssam kimi də yüzüncü fərdi sərgisinin açılış axşamı bu dünyadan getdi - boyası qurumamış rəsmləri ilə.
Yaratdığı əsərlər onu həyatın yüzlük tərəzisində düzlük çəkisində saxladı...
... Yüz il yaşamadı, amma yüzüncü sərgisi ilə yaşadı. Rəssamın şaqraq fəaliyyəti də, elə cismi də o an yaşlandı və yaslandı.
Bəlkə, bu, Tanrının rəssam üçün ən böyük mükafatı və qismət payı imiş. Nə bilmək olar?
Sevimli şairimiz Vahid Əziz bir şeirində "Mənə yüz il ömür arzulamayın" - deyir. Bir çox yaradıcı insan bu ömrü elə şairtək arzu etməyə bilər. Ancaq yaradıcılıq uğurlarının yüzü başa vurması, zənnimcə, arzulanandı.
Vaxtilə yazıçı Qabriel Qarsiya Markes "Yüz ilin tənhalığı" romanında bir nəslin yaranmasını və məhvini yazıçı qələmi ilə əks etdirdi.
İbrahim Səfi də rəssam fırçası ilə böyük bir nəslin yetişməsinə nail oldu. Yaradanın rəssama bəxş etdiyi "ömür sərgisi", sonuncu tədbirin "sərgi ömrü" öz yaşam missiyasını başa vuraraq müfəssəl bir "romana" çevrildi. Bu "romana" belə ad verərdim: "Yüz sərginin ucalığı", yaxud "Yüzüncü sərginin tənhalığı".
Markes yuxarıda adını vurğuladığım əsərində kitaba qarşı diqqətsiz, etinasız yanaşmanın ağır nəticəsini qeyd edir, beləcə, dünyanın sonunun çatacağını oxucuya çatdırır. Həqiqət də bunu göstərir. Sözsüz ki, ədəbiyyat, incəsənət, elm... adamı özündən sonra cəmiyyət üçün miras qoyduğu əsərləri, əl işləri... (əgər varsa) ilə mənəvi yaşayır. Ancaq unudulanlar, yaddan çıxanlar, yaddaşdan silinənlər, özləri və yaradıcılıq işləri mənimsənilənlər də az olmur.
Əziz oxucu, bir zamanlar Türkiyədə yaradıcılıq fəaliyyətilə məşğul olan dünyaşöhrətli azərbaycanlı rəssam İbrahim Qafar oğlu Səfiyevin də (İbrahim Səfi) unudulmaması üçün dövlət tərəfindən işlər görüldü. Ümumiyyətlə, mənəvi sərvətlərə sahib çıxmaq həm də hər bir Vətəndaşın borcudur.
Filologiya elmləri namizədi, Milli Mədəniyyətimizin təbliği İB-nin sədri Jalə Cəfərovanın fəaliyyəti də vətəndaşlıq təəssübkeşliyindən, mənəvi borcdan qaynaqlanır. Jalə Cəfərovanın Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın və Türkiyənin ortaq dəyəri olan İbrahim Səfinin Avropadakı həyat və yaradıcılığının tətqiqi” mövzusunda təşkil etdiyi tədbirin qayəsi, amalı və əfkarı da, məhz milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı rəssam İbrahim Səfi irsinin yaşadılması, tanıdılması və gələcək nəsillərə ötürülməsinə göstərilən həm ziyalı, həm də sadə vətəndaş xidməti idi.
Məşhur italyan rəssamı Leonardo da Vinçi rəsm əsərini görünən poeziya adlandırırdı. İbrahim Səfi isə "Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var" - deyirdi.
Jalə xanım Cəfərova günəşə könül verən İbrahim Səfi haqqında dəyirmi masa təşkil etdi: könül qoyaraq, könül alaraq. Həmin gün yüksək temperaturla müşahidə olunan hava da sakit və günəşli idi. Ədəbi və əbədi günə çevrilən tədbir işıqlı fikirlərə şahidlik edirdi.
Qışın üçüncü ayında keçirilən tədbir həm də üç: poetik, təbiət və ədəbi hadisənin episentrinə çevrildi.
Tarixi məkan - Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası da dünyaşöhrətli rəssam İbrahim Səfi yaradıcılığının böyüklüyü ilə çiyin-çiyinə idi.
Tədbirin baş tutacağı Milli Kitabxanaya yol alanda, sanki Sahil bağı qulağıma qışın son günlərinin nəğməsini pıçıldadı. Ancaq bağ gözlərimə yaz "donu" geyinmiş gənc qız kimi görünürdü. Bəlkə də ruhumu isidən bu hadisə ilhamını təbiətdən alan İbrahim Səfi yaradıcılığı ilə qısa zaman ərzində tanışlığımdan yaranmışdı? Yaxud, rəssamın kolleksiyasında yer alan saysız gül, çiçək rəsmləri, təbiət gözəlliklərindən yaranan qalın və parlaq boyalı tablolarındakı sehrdən irəli gəlirdi?! Güman etməyək, təsdiq edək. Bəli, tam da elə idi!
Səfəvi simvolizmində "Günəş" yaradıcılıq ünsürü sayılır. Əsil-nəcabəti, soykökü Səfəvilərdən gələn İbrahim Səfi haqqında baş tutan tədbirə də günəş pəncərədən öz al-əlvan şəfəqləri ilə boylanaraq "qonaq" gəlmişdi. Sanki Səfəvi əcdadları da, elə rəssamın öz ruhu da bu tədbirdən hali idi, razı idi. Qonaqlar da sözlərinin, qəlblərinin isti hərarəti ilə məkana doğmalıq qatırdı.
Jalə xanım Cəfərovanın gözlərində müşahidə etdiyimiz kədər, bir anlıq ərşə çəkilmiş, sevinc və xoşbəxtlik qığılcımları ilə əvəzlənmişdi. Özünün axarıncı mənəvi missiyasını başa vurmaq üzrə idi. Azərbaycanlı rəssamın ilk rəsm əsəri olan "Araz balıqçıları"ndan danışdıqca, Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahimin sənətinə olan sevgisini vurğuladıqca,
böyük Atatürkü canlı çəkən ilk rəssamlardan biri olduğunu qürurla dilə gətirdikcə, rəsm sehrbazının Türk sevdasından doğan "Bursa görünüşü", "Anadolu sahilinin görünüşü", "Qarxana rayonu", "Sultaniyyə məsçidinin görünüşü" rəsmlərini tədbir iştirakçılarına söylədikcə, sanki, Jalə xanım sözlərini fırça ilə yaddaşımıza sonsuz incəliklə, yüksək zövqlə, böyük məharətlə "çəkirdi".
Musiqidə səslərin yerini dəyişməsinə baxmayaraq, iki melodik xətt polifonik qovuşur və mənasını qoruyub saxlayır.
Tədbir də iki xətt üzrə öz möhtəşəmliyini qoruyub saxladı, təbiiliyini itirmədi: İbrahim Səfi rəsmlərindən yaranan "söz", "fikir", "düşüncə" və Jalə Cəfərova sözlərindən yaranan "rəsm", "boya", "çalar"...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi