"Düşündüyünü həmişə deməyə borclu deyilsən, ancaq borcundur ki, dediyini hər vaxt düşünəsən". Fikirlər intibah dövrünün fransız yazıçısı Mişel de Montenə məxsusdur. Söylədikləri təpədən-dırnağa qədər bugünkü yazının ruhuna yaxındır. Biz də deyəcəklərimizi illərdi düşünürük.
Düşüncə qatarımız öz relsi üzərindədir. Xatirə və ənənə tirlərinin köməyi ilə oxucu qəlbinə yol alıb, yol tapmağa çalışacağıq.
Ötən ilin 8 aprel günündə baş tutan görüşü iki qələmlə təsvir edəcəyik: biri Hülyanın, biri də Əsgərin əlində; fikirlər də həmmüəlliflərin qəlbində.
O zaman Jurnalistika fakültəsinin dəyərli müəllimlərindən olan Əli Hacıyev bu görüşü təşkil edəndə Hülya birinci, Əsgər də ikinci kursda oxuyurdu.
2021-ci il idi. Bəşəriyyəti də məlum virus qollarına sarımışdı. Qarşıda bizi hansısa yumşalmalar gözləyirdi. Çünki dövlətimiz Haqq savaşında olduğu kimi, virusla "müharibə"dən də qalib çıxmışdı. Bəli, bu virus bütün bəşəriyyətə "müharibə" elan etmişdir.
Yazıçı Valentin Rasputin "Fransız dili dərsləri" adlı hekayəsində müharibədən yeni çıxmış cəmiyyəti təsvir edərkən, fədakar müəllim obrazını canlandırmağı unutmur. Çünki sarsılmış ruhları, puç olmuş ümidləri, hətta xaraba qalmış yerləri, məhz müəllim biliyi, elmi "sağaldacaq", gülüstana çevirəcək. Cəhalət dərdinin dərmanı da, elm qapılarının açarı da, mərifət bağının meyvəsi də müəllim dünyasının mənəvi nurundadır... Bir də və ən əsas da müəllim yaşından asılı olmayaraq şagird, tələbə timsalında bütün cəmiyyət üçün əziz, doğma olmalıdır. "Bizim Cəbiş müəllim" kinosu da dediklərimizin əyani sübutudur.
Məğzdən gen düşməyək. Yuxarıda adını çəkdiyimiz hekayədə müəllimin səmimi və doğmalıqdan doğan fikirləri yer alır:
- Hərdən müəllim olduğunu unutmaq yaxşıdır, yoxsa elə adam olarsan ki, hamı səninlə darıxar. Məncə, müəllim hər şeyi ciddiyə almamalıdır, ancaq öyrətməklə məşğul olmamalıdır.
Əlbəttə, müəllim həm də dost olmalıdır.
Bizim ötənilki aprel görüşü hekayədə baş verənlərdən hardasa fərqli idi. Birincisi, cahanın canını boğazına yığan virusun apardığı "savaş" bitməmişdi. İkincisi, bir-birimizi ancaq onlayn şəkildə - internetin imkanlarından istifadə edərək görə bilirdik. Bu çətin məqamda Əli Hacıyevin müəllim fədakarlığı, fakültə ənənələrinə sadiqliyi, peşəsinə bağlı olmasını görmüş olduq.
Yaddaşımızın xatirə boğçasını tam açmışıq. Xoş anları yazıya köçürürük. Heç çəkinmədən həmin anı dostluğun günü, dostluğun görüşü də adlandıra bilərik. Fakültəmizin birinci kursları - "JK-059A", "JK-061A", "JK-063A", "JK-065A" qrup tələbələri günə rövnəqlik qatır. Adama elə gəlir ki, "Microsoft Teams" proqramı bizə qoşulub, biz ona yox.
Yaxşı yadıma düşdü, bir də görüşə bizdən bir kurs yuxarıda oxuyan Əsgər İsmayılov da qatılmışdı - "JK-010A" qrupundan.
Müəllimimiz Əli Hacıyevin səsini tez-tez "Microsoft Teams" platforması üzərindən eşidirik.
Bəzi xırda məqamlara düzəliş edir. Birazdan fakültəmizin dəyərli qonağı aparıcı, diktor, ssenarist, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr müavini Rafiq Həşimov görünür. Bu görüşün sevincinə söz yetmir. Bir tərəfdən də Rafiq müəllimə əlimiz yetmir. Hər dəfə ekrandan sevə-sevə izlədiyimiz aparıcını, yenə də ekrandan görürük. Məlum virusun gətirdiyi məhdudiyyətə üzülürük. Maraqlı bir məqam da baş verir. Rafiq Həşimovun səsi ilə Əli Hacıyevin səsi həm də bir-birinə bənzəyir. Hər iki səsdə ecazkarlıq var.
Ən maraqlısı da odur ki, Rafiq Həşimov Jurnalistika fakültəsi haqqında bütün ruhu, canı ilə danışır. Fakültənin dünənindən və bugünündən söz açır, tələbələr haqqında ürəkdolusu xoş fikirlərini söyləyir. Bir də fakültə müəllimlərinin adın sevgi ilə bir-bir çəkir, onları dərin hörmətlə xatırlayır...
Bu adi bir görüş deyildi. Qısacası, bir görüşdə min hikmət, min düşüncə, min lütfü ehsan vardı.
Bu an ekranda ziyasını səmalara saçan gün kimi Ziyafət Əlisoy görünür. Görüşün aparıcısıdır. Rafiq Həşimovun tələbə səmimiyyəti qarşısında görüşün gənc aparıcısı da sıxılmır, əksinə rahatdır.
Ziyafətin söz ziyafətinə, həqiqətən söz ola bilməz. Olduqca istedadlı tələbədir. Bir-bir qonaqla həmsöhbət olan tələbələri tanış edir. Növbəli şəkildə qonağa verilən sualların tələbə müəllifinin adın çəkir. Tələbə işi yerli-yataqlı, səliqə-sahmanlı...
Çox keçmir ki, fakültəmizin istedadlı tələbələrindən olan Bəsti Rəfizadənin Rafiq Həşimov haqqında hazırladığı videoçarx nümayiş olunur.
Ədalət üçün deyək ki, Bəstinin timsalında gənc tələbə-jurnalistlərimiz ayrı-ayrılıqda savadlı və fərqli üslublara malikdirlər. Tələbələr ilk günlərdən ölməz şəhidlər, əbədiyaşar qəhrəmanlar haqqında silsilə yazılarla mediada, televiziya efirlərində çıxış edirlər. Nigar İmanovanın "Mənə söz vermişdi ki, gələcək", "Bir gəncin ömür hekayəsi", "Kəşfiyyatçımız mənim kəşfimlə" yazıları qanla torpaq alan şəhidlərimiz haqqında canla yazılan esselərdəndir...
İşinə əmanət kimi baxan, məsuliyyət və vicdanla yanaşan Rafiq Həşimovun fəaliyyəti də öz-özlüyündə bir qəhrəmanlıq nümunəsidir. Ötən ay Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında Vətən müharibəsi dövründə medianın fəaliyyətinə həsr olunan kitabların təqdimat mərasimi baş tutdu. Həmin tədbirdə biz - tələbələr Rafiq Həşimovun şəhidlər haqqında olduqca duyğulu, təsirli çıxışını dinlədik.
Rafiq Həşimov bu görüşdə də duyğulu idi. İllər bundan öncə özünün də təhsil aldığı, tələbəsi olduğu doğma Universiteti, əziz bildiyi Jurnalistika fakültəsi ilə yenidən görüşürdü. Doğma qonağın daxili həyəcanını da anlayırıq. Bu da məsuliyyətdən irəli gəlirdi. Rafiq Həşimovun səsi qədər, daxildən doğan məsuliyyəti, ciddiyəti də ecazkar görünürdü. "Bu daxili həyəcan, ecazkar bir qüdrətlə bütün şagirdləri.. ürəkdən tərpədir və bütün gücü ilə tutub silkələyirdi". "S.Rəhimov" Bundan sonra biz də səsin sehrindən ayılırdıq. Bizlər həm də Rafiq Həşimov timsalında, sanki Rafiq Hüseynovu da görürdük.
Hiss olunan, aydın sezilən bir mənzərə də vardı: tanınmış aparıcının çöhrəsində və qəlbində olan hədsiz xoşbəxtlik işartıları...
Bir vaxtlar Daniel Defonun "Robinzon Kruzonun macəraları" kitabı Rafiq Həşimovu başqa dünyalara aparmışdır. Bu dəfə də sevimli aparıcı, əziz Rafiq Həşimov tələbə dünyasının içində, başqa bir aləmdə idi. Biz bunu tam qəlbimizlə duyur, anlayır və hiss edirdik.
Hülya Mirzəyeva,
BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi