Logo

Arzusu şəhidlik olan qazimizə son vida - Şahanə Müşfiq yazır

09.04.2022 18:40 485 baxış
IMG

Şahanə MÜŞFİQ
 

Düz iki il keçib o qanlı-qadalı günlərdən. Düz iki ildir ki, gah sevinirik, gah üzülürük, gah gülürük, gah ağlayırıq. Amma unutmuruq ki, unutmuruq... Müharibə unudularmı?! Əlbəttə, yox! Özü də çoxillik torpaq həsrətinə son qoyan, böyük Zəfər və üç minə yaxın şəhidlə tarixə yazılan bir müharibə əsla unudulmaz. Hə, bu müharibəni unudulmağa qoymayan bir başqa amil də qəhrəman qazilərimiz arasından əskilənlər, onun növbəti qurbanlarıdır. Keçdikləri ağır döyüşlərin bədənlərində, ürəklərində, sağlamlıqlarında açdığı yaraları sağalmayan, günlərini, aylarını ağrılarla, əzablarla keçirib sonda bu ağrılara təslim olan yeni qurbanlarımız...

Onlardan biri də Ələkbər Fəxrəddin oğlu Axundovdur. Biz bu qəhrəman qazimizi aprelin 5-də, qardaş Türkiyədə müalicə alarkən itirdik. Ələkbər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Dram, teatr və kino aktyorluğu" ixtisasının 2016-2020-ci illər məzunudur. Bizim onunla tanışlığımız da məhz bu vəsiləylə olmuşdu. Universitetimizin Vətən müharibəsi iştirakçılarını araşdırarkən tanış olmuşduq onunla. Bu haqda yazacağımız kitab üçün söhbətimiz də baş tutmuşdu. Təəssüf ki, Ələkbər müharibədə çox pis xəstələnmiş, xəstəliyi müharibədən sonra da ağırlaşaraq davam etmişdi. Xəstəxanada müalicə aldığından və vəziyyəti heç də yaxşı olmadığından onunla söhbətimizi virtual etməyə məcbur qalmışdıq. İndi bu yazını hazırlayarkən onun səsini yenidən gözyaşlarıyla dinləyirəm. Ağrılardan çətinliklə nəfəs aldığı halda "bir də müharibə olsa, bir də gedərəm" - deyən səsin daha bu dünyada mövcud olmadığını bilmək çox böyük əzabmış... Qazimizi rəhmətlə anaraq onun mənə danışdığı müharibə xatirələrini öz dilindən sizə təqdim edirəm:

"2020-ci ilin iyulun 3-də həqiqi hərbi xidmətə yola düşmüşəm. Öncə gənc əsgər kimi "Nasosnu"da N saylı hərbi hissədə olduq. Sentyabrın 18-i bizi bölərək Qusarda N saylı hərbi hissədə yerləşdirdilər.

Sentyabrın 26-da bizə dedilər ki, sabahdan 10 günlük təlimlərə gedirsiniz. Gilizlər verdilər və ad-soyadımızı, bir də ən yaxınımızın nömrəsini yazmağımızı tapşırdılar. Soruşduq bu nə üçündür, demədilər. Biz isə uşaq deyildik ki, az-çox nə baş verdiyini anlayırdıq. Evin tək uşağı olduğumçün o gilizdə kimin nömrəsini yazacağımı bilmədim və bir yaxın dostumun nömrəsini yazdım. Həmin gilizlər üstümüzdə idi ki, döyüşdə bədənimiz parçalansa, o giliz vasitəsiylə kimliyimiz bilinsin.

Sentyabrın 27-si səhər saat 06:00-da həyəcan siqnalı verildi və maşınlara minərək cəbhəyə yola düşdük. Ertəsi gün günorta saatlarında Ağcabədi Hindarxına çatmışdıq. 3 gün orda qaldıqdan sonra bizi Füzuliyə göndərdilər. Rabitə bölüyü olaraq biz rabitə qovuşağını quraşdırmaq üçün bir az da önə getmişdik. İki dağın arasında idik. Düşmən rabitəni vurmaq məqsədiylə bizi hədəf aldı. Təxminən məndən 15 metr aralıya yandırıcı bomba atdılar. Şükür ki, onda heç bir xəsarət alanımız olmadı. Təcili oranı tərk edib Füzulinin Əhmədbəyli kəndinə gəldik.

Döyüş yolum Füzuli, Cəbrayıl, Xocavənd ərazilərində olub. Gənc əsgər olduğumuzçün bizi çox da önə buraxmırdılar. Amma rabitə bölüyü olaraq da rabitəni quraşdırmalı idik və buna görə də dəfələrlə Cəbrayıla, Xocavəndə getmişik. Orda da neçə dəfə ölümlə üz-üzə gəlmişik. Qarşımıza qəlpəli, yandırıcı bombalar, minamyotlar atıblar. Şükür ki, bu təhlükələrdən salamat qurtara bilmişdik.

Oktyabrın 29-da Cəbrayıla yola düşdük. Orda ermənilərin hərbi hissələrində qalırdıq. Həmin müddətdə oranı da vurmağa çalışırdılar. Hər anımız təhlükə idi. Komandirimiz, cənab mayor Şahnəzərov sırada bizə dedi ki, mən özüm ölərəm, amma qoymaram əsgərlərim ölsün. Çünki mən burda 20 ailənin övladına cavabdehəm.

Şükür ki, müharibədə yaralanmadım. Amma revmatizm xəstəliyi tapdım. Müharibədən sonra qanımda problemlər yarandı. İndi də bunlara görə əziyyət çəkirəm. Hazırda yataq xəstəsiyəm. Sinirlərim zədələnib, sol ayağım topuq nahiyəsindən aşağı keyiyib, gizildəyir, yandırır. Sağ əlimdə iki barmağımı hiss etmirəm. 

Bütün bunlara rəğmən, müharibədə iştirak etmək həqiqətən də qürurvericidir. Qarabağ döyüşlərində vuruşmağımla fəxr edirəm. Əgər bizi daha da qabağa, ən qabağa göndərsəydilər ki, get, döyüş, mən onda da arxama baxmadan irəliləyərdim. Biz dəfələrlə komandirimizdən ən önə getmək üçün icazə istəyirdik. O isə deyirdi ki, siz hələ çox gəncsiniz, uşaqsınız, nə yaşınız var ki, gedib canınızı tapşırasınız. Deyirdik, biz kimdən artığıq və ya əskiyik ki, onlar gedir, biz getmirik? O isə deyirdi ki, onlar orda can qoyur, siz də burda can qoyursunuz. Hamımız müharibənin içindəyik.

Heç yadımdan çıxmır ki, Füzulidə yağış yağanda torpaq saqqız kimi olurdu. Ayaqqabılarımıza elə bərk yapışırdı ki, az qalırdı ayağımızdan çıxartsın. Həmin şəraitdə çadırlarda yatır, növbədə dayanırdıq. Başımız üstündə dronlar uçurdu. Dronları görəndə gizlənirdik ki, bizi görməsin, yoxsa mütləq vururdu. Hər anımızda kəlmeyi-şəhadətimiz dilimizdə ölümümüzü gözləyirdik.

Orda başımıza çox hadisələr gəlib, çox təhlükələrlə üzləşmişik. Təəssüf ki, indi hamısını xatırlamıram. Çünki müharibədən sonra sağlamlığımla bağlı çox həkimlər gəzdim.

Şəhidlik arzum idi. Çox istəyirdim ki, şəhid olum. Hərbi xidmətə gedəndə sevinərək getmişdim ki, Vətən torpaqlarını qorumağa gedirəm. Döyüşlərdə də bircə an tərəddüd etmədim. Əgər mənim bu etdiklərim vuruşmaq sayılırsa, xidmət sayılırsa, həvəslə, bütün mənliyimlə xidmət etdim. Lakin kiminin bəxtində şəhidlik varmış, kiminin yox. Mən orda xəstəlik tapdım, amma şəhidlik məqamına ucalmadım.

Allah bir daha bu xalqa müharibə göstərməsin. Çünki neçə-neçə analarımız oğulsuz, xanımlarımız ərsiz, övladlarımız atasız qaldı. Hansısa evli olan, ata olan şəhidimizin yerində mən olmaq istərdim. Təki, onun uşaqları ağlar qalmazdı. Mən subayam, mənimçün anam, atam ağlayacaq ancaq. Allah eləməsin, amma yenə də döyüş olsa, mən yenə də getməyə hazıram. Çünki damarlarımda azərbaycanlı qanı axır. Mən Azərbaycan oğluyam. Özüm qarabağlı yox, bakılıyam. Amma yenə də Qarabağ uğrunda döyüşməyə hər an hazıram".

Müharibədən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarıyla Ələkbər Axundov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarıyla təltif olunmuşdu.

Təəssüf ki, bu sözlərin müəllifi, Qarabağ döyüşlərində iştirakından qürur duyan, şəhid olmadığı üçün heyfislənən qazimiz müharibədə tapdığı xəstəliklərdən qurtula bilmədi. Azərbaycandakı müalicələr nəticəsiz qaldıqdan sonra bir ümidlə Türkiyəyə getmişdi, müalicə olunub, əməliyyatlardan uğurla çıxıb vətəninə, ailəsinin, dostlarının yanına qayıdacaqdı. O, qayıtdıqdan sonra biz onunla görüşəcək və ADMİU-nun Vətən müharibəsi qəhrəmanlarına həsr edəcəyim kitabı ona da hədiyyə edəcəkdim. Lakin 23 yaşlı, qəlbi inamla, sevgiylə dolu bu gənci bombaların, güllələrin altından sağ çıxaran fələk ona iki illik ağrılardan, əzablardan sonra ölümü qıydı. Əgər o dünya varsa, əminəm ki, Ələkbər kimi oğullarımızın yeri cənnətdir.

Şəhidlərimizin ailəsinin göz yaşından danışan, "mən subayam, mənimçün ancaq anam, atam" ağlayacaq deyən Ələkbər üçün bu gün təhsil aldığı ali məktəb, dostlar, tanışlar, adını eşidib, üzünü görməyən bizlər də ağlayırıq! Ancaq əlbəttə, övladını itirən ananın, atanın əzabının miqyası təsvirə gəlməz. Biz əziz qəhrəmanımızın dəyərli valideynlərinə məhz onun xatirəsini yaşada bilmələri üçün sonsuz səbr arzulayır, başsağlığı veririk! Allah sənə rəhmət eləsin, qəhrəman Ələkbər Axundov!

P.S. Ələkbər söhbətimizdə yataq xəstəsi olduğunu, vəziyyətinin ağırlığını yazmamağımı xahiş etmişdi. Amma onu bu dünyadan məhz o xəstəlikləri qopardı deyə müqəddəs ruhundan üzr istəyərək onun danışdıqlarının hamısını yazdım. Ümid edirəm məni əfv edərsən, igid qardaşım!

Xəbər lenti