Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının həyata keçirilməsidir. Bu il agentlik tərəfindən ortalama icra müddəti 30 gün olmaqla, tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, il ərzində daxil olan müraciətlərin 80 faizinin icrası ilə bağlı müsbət qərar verilib.
Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirir. Belə ki, son dövrdə bu istiqamətdə görülən işlər çərçivəsində digər dövlət qurumlarının məlumat bazaları ilə qarşılıqlı inteqrasiya təmin olunub, elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib. Vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Nəticədə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq, məlumatlılıq və yüksək müştəri məmnuniyyəti təmin olunub, sənədlərin emalında operativliyə və insan faktoru minimuma endirilib. Bu tədbirlər nəticəsində tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.
Agentlik mütəmadi olaraq ekspert bazasını gücləndirib və aidiyyəti sahədə fəaliyyət göstərən Avropanın qabaqcıl qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirib. Görülən işlərin davamı olaraq növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur.
Agentliyin tanınma ilə bağlı digər fəaliyyət istiqaməti vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasının həyata keçirilməsidir. Bununla əlaqədar ilk dəfə cari ilin sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub. Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilir. Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq