Logo

“Ana & Bala-5” Sağlamlıq Yay Düşərgəsi çərçivəsində təlimlər və psixoloji treninqlər təşkil olunub

30.08.2022 13:48 303 baxış
IMG

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Ana & Bala-5” Sağlamlıq Yay Düşərgəsi keçirilib.

Assosiasiyadan verilən məlumata görə,təşkilatın sədri Ayaz Hüseynov çıxışında düşərgə çərçivəsində qanın laxtalanma pozulması ilə bağlı biliklərin artırılması və Hemofiliya Məktəbi çərçivəsində təlimlərin vacibliyini xüsusi vurğulayıb.

Təlimlərə məhz damardaxili inyeksiyadan başlanılıb. Bildirilib ki, qanın laxtalanma pozulmasından əziyyət çəkən uşaqların sağlamlığının qorunması üçün valideynlərin damardaxili inyeksiya etmək bacarıqları çox vacibdir. Bununla istənilən zaman valideyn təxirəsalınmaz təcili yardım üçün öz övladına inyeksiya edə biləcək və ağırlaşmaların qarşısını almış olacaq.

Damardaxili inyeksiyanın təlimçisi Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində 45 il təcrübəsi olan tibb bacısı Sonaver Məhərrəmova olub.

Düşərgə zamanı, həmçinin psixoloq Təhminə Rüstəmova tərəfindən valideynlərlə təlimlər, psixoloji treninqlər keçirilib. Təlimin məqsədi valideynləri maarifləndirmək, övladları ilə bağlı problemləri müzakirə etmək, habelə övladları ilə ünsiyyətdə yaranan çətinliklərin həlli yollarını analiz etmək və valideynlərə dəstək olaraq motivasiyalarını artırmaq olub. Bununla paralel olaraq uşaqlar üçün psixoloji müayinə keçirilib, onların psixoloji durumları dəyənləndirilib, valideynlərə uşaqlar ilə bağlı məsləhətlər verilib.

Hemofiliya Məktəbində fizioterapiyaya xüsusi yer verilib. Belə ki, təlimdə hemofiliyanın verdiyi fəsadlar arasında oynaqdaxili hematomalar, hemartrozlar və kontrakturaların aradan qaldırılmasında fizioterapiyanın faydaları və sosial aspektləri haqqında Respublika Kliniki Xəstəxanasının fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizovanın məruzəsi dinlənilib. Bununla bərabər, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova fizioterapiyanın təkmilləşdirilməsi və əlçatanlığı sahəsində assosiasiyanın fəaliyyəti və gələcək planlar barədə məlumat verib. Təlimlərin sonunda müayinələr keçirilib.

Həmçinin Hemofiliya Məktəbində stomatoloq Aybəniz Şahmuradova tərəfindən stomatoloji təlim və müayinələr keçirilib. Bildirilib ki, qanın laxtalanma pozulması olan pasiyentlərin ağız boşluğunun sağlam olması ağırlaşmaların qarşısını almış olur və dövlət tərəfindən təmənnasız təmin edilən laxtalandırıcı dərman preparatlarına qənaətə gətirib çıxarır.

İlk dəfə olaraq Hemofiliya Məktəbində pediatr Təranə Cəlilova tərəfindən “Hemofiliya və somatik xəstəliklər mövzusunda” təlim keçirilib. Qanın laxtalanma pozulmasından əziyyət çəkənlərin somatik xəstəliklərinin müalicəsində nələrə diqqət edilməsi və dərman seçimi barədə ətraflı məlumat verilib. Təlimlər zamanı valideynlərin sualları da cavablandırılıb.

Hemofiliya Məktəbində, həmçinin hematoloq Sevil Cəlilova tərəfindən “Trombositopatiyalar və digər laxtalanma pozulmaları” mövzusunda onlayn təlim keçirilib, qanın laxtalanma pozulmasının simptomatikası və müalicəsi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Düşərgədə, həmçinin TƏBİB-in Tibbi Xidmətlərin Təşkili departamentinin əməkdaşları Romella Osmanova və Səkinə Əzizli də iştirak ediblər.

Daha sonra Hemofiliya Məktəbində keçirilən seminarın iştirakçılarına sertifikatlar təqdim edilib.

Xəbər lenti