Logo

Səhiyyə Nazirliyində Litvanın səhiyyə nazirinin müavini ilə görüş keçirilib

19.09.2022 18:42 283 baxış
IMG

Səhiyyə Nazirliyində Azərbaycanda üçgünlük işgüzar səfərdə olan Litvanın səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə həmçinin Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas da iştirak edib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Həmçinin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün optimal şərait var”.

Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində əlaqələrin genişləndirilməsi üçün də böyük potensialın olduğunu qeyd edib: “Bizim üçün Litvanın milli səhiyyə müəssisələrinin restrukturizasiyasında və Avropa standartlarına cavab verən reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi sahəsində təcrübəsi önəmlidir”.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Ausra Bilotiene-Motiejuniene ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya və standartlara uyğun modernləşdirilməsinə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

Xanım Ausra Bilotiene-Motiejuniene xatırladıb ki, cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq Memorandumun imzalanıb. “Ümid edirəm ki, bu sənəd ölkələrimiz arasında tibbi əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”, - deyə Litvanın səhiyyə nazirinin müavini əlavə edib.

Görüşdə həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, tərəflərin qarşılıqlı fəaliyyəti üçün konkret addımlar təklif olunub.

Xəbər lenti