Logo

Ailədaxili münasibətlərin uşaq psixologiyasında rolu

02.10.2022 21:38 878 baxış
IMG

Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır.

Dövrümüzün aktual problemlərindən biri də ailə daxili konfliktlərdir. Bəs biz bu mözudan niyə yan keçə bilmirik? Bu mövzuya hamının yanaşması çoxşaxəlidir. Ailə qurmaq özü də çox məsuliyyətli işdir, daha dəqiq vəzifədir. Yeri gəlmişkən dildən-dilə dolaşan “Ailə qurmaq asan, amma saxlamaq çətin” deyimini mütləq formada vurğulamalıyıq. Bəs niyə yaşadığımız dövrdə bu deyimi tez-tez işlədirik? Təəssüf ki, yeni həyata qədəm qoyan cütlüklər birinci növbədə ailə qurma strukturu anlayışından uzaqdırlar. 

Ailə nədir? Ailə necə qurulmalıdır? Əgər bu suala fərdlər evlənməzdən öncə cavab tapsa, bu cavab onu qane etsə, sualın ağırlığının məsuliyyətini anlasa təbii haldır ki, evdə konfliktlərin də, boşanan ailələrin sayı sürətli şəkildə azalacaq.   

Hər bir ailədə dəyər sistemi zəruridir. Əgər ailədə dəyər sistemi olmazsa, bu zaman kindən doğan qərəzli hərəkətlər olacaqdır. Bu səbəbdən ailə sağlam bünövrə, təməl üzərində qurulmalı, “mən” ifadəsi “biz”lə əvəz olunmalıdır. Mütərəqqilik də məhz bundadır – biz olmaqda. 

Dəyər sistemlərindən biri də dinləmə bacarığının formalaşmasıdır. Bu xüsusiyyət ailədən qaynaqlanır. Qarşımızdakı insana fikrimizi sağlam şəkildə çatdırmaq, onun söhbətini səbrlə dinləmək zəruri məsələlərdəndir. Qarşılıqlı dinləmə bacarığı qurulduqda sağlam ünsiyyət qurmaq uğurla yekunlaşır. Əgər hər hansısa fikir zidd olarsa, ortaq qərarla bunu nizamlamaq mümkündür, buna ortaq məxrəc deyirik. Əlbəttə, bu, ailədən gələn mədəniyyət formasıdır. 

Mədəniyyətin əsas hissəsindən biri də tərbiyədir. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündən götürülmüşdür. Məşhur rus dilşünası Vladimir Dal "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Tərbiyə olmazsa, mədəniyyət də formalaşmaz. Hər bir dövlətin, millətin mədəniyyətinin quruluşu müxtəlifdir. Hər bir valideyinin də borcudur ki, öz uşağını körpəlikdən hansı millətə mənsubdursa ona uyğun formada tərbiyə, mədəniyyət versin.
Mədəniyyət,tərbiyə özüdə fərdin həyat dəyərlərinin göstəricilərindəndir.

Bəs biz necə edək ki, uşaqlarımızı düzgün psixologiyada yetişdirək?Bu suala hər bir ailə qurumunun yanaşması müxtəlifdir. Bəzən uşaqlar valideynlərinin istəmədikləri hərəkətləri etdikdə, valideynlər buna acıqlanır, amma o cür “xeyr” deməyi bacarmalıdırlar ki, bu söz onlara “xeyir” kimi səslənsin. Kobud və aşağılayıcı formada olmamaq şərti ilə bunu bacarmalıdırlar. Çünki uşaqlıq dövrü, onlar üçün həssas və kövrək məqamdır. Uşaqların həssas olduğu kimi ana və ataları da uşaqlarına həssas davranmağı bacarmalıdırlar. Uşaqlarının uğurlarında onlara həddindən artıq tərif də etmək olmaz. Bu onlarda lovğalıq kimi hisslərin yaranmasına səbəb olar. Bu o demək deyil ki, uşaqlarımızın uğurlarına göz yumaq. Bunun normal şəkildə olması vacibdir.

Uşaqlar ailənin güzgüsüdür. Bu səbəbdən onlara tərbiyə verməzdən öncə özümüzə tərbiyə verməliyik. Xüsusən dövrdən asılı olmayaraq tərbiyə mütləqdir. Uşaqlarımızdan hansı davranışı istəyiriksə, o davranışı da etməliyik.Hər hansısa səhvi etdiklərində, onlar yox, özümüz etmiş oluruq. Uşaqlarımızı uğurlu, qələbə qazanmış formada görmək istəyiriksə özümüz də o istiqamətdə formalaşmalıyıq. İxtisasından, peşəsindən asılı olmayaraq valideyn olan şəxslər körpələrinin, uşaqlarının qeydinə qalmalıdırlar. Bu səbəbdən uşaqların psxologiyası ilk öncə ailədə formalaşır.

Samirə Kərimli,

BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

Xəbər lenti