Logo

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyəti ilə görüşüb

17.11.2022 18:16 255 baxış
IMG

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-ın Stirling Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, dinlərarası harmoniya barədə danışan Dövlət Komitəsinin sədri bildirib ki, tolerant və multikultural dəyərlərə hörmət xalqımızın xarakterik xüsusiyyətidir. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qoruyub, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunub. Vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır və dövlət dini icmalara maliyyə yardımı göstərir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Mübariz Qurbanlı bu qələbəni şərtləndirən amillər sırasında xalqımızın həmrəyliyinin, milli dəyərlərə, birgəyaşayış ənənəsinə verdiyi önəmin də yer aldığını qeyd edib. DQİDK sədri, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin bərpasına dair görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ABŞ-ın Stirling Fondunun prezidenti Edvard Rou Azərbaycanın bir dövlət olaraq multikulturalizm və tolerantlıq kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq etdiyini vurğulayıb.

Eyni zamanda görüş zamanı qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr olunmuş kitablar təqdim edilib.

Xəbər lenti