Logo

“Azərbaycanda dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib - FOTO

24.11.2022 20:54 353 baxış
IMG

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanda dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, dini təhsil sahəsində fəaliyyət göstərən pedaqoqlar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Gündüz İsmayılov istər milli-ideoloji baxımdan dövlət, istərsə də cəmiyyət üçün mühüm strateji əhəmiyyət kəsb edən dini təhsil sahəsindəki mövcud problem və əldə edilən uğurlardan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin tabeliyində dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılan Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) qısa müddət ərzində mövcud sahədəki boşluqların böyük bir qisminin aradan qaldırılmasına nail olub.

Dinlərlə bağlı məlumatların verildiyi fənnlərin tədris saatlarının artırılmasının önəmini də diqqətə çatıran Komitə rəsmisi qeyd edib ki, dini təhsil sahəsində prioritet vəzifələrdən biri orta məktəbdən başlayaraq şagirdlərə biliklərin şəriət deyil, məlumat müstəvisində verilməsidir. Nəticədə gənclərin bu istiqamətdə dünyagörüşlərini formalaşdırmaq, eləcə də onların dindən istifadə edən radikal, ekstremist qrupların, müxtəlif təriqət və cərəyanların təsiri altına düşmələrinin qarşısını almaq olar.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək, din təhsilinin istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, dəyərlər sistemi olaraq din cəmiyyətin mənəvi inkişafında və ictimai birliyin təminində əvəzsiz rola malikdir. Ölkəmizdə ali dini təhsil verən yeganə müəssisə olan Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verən rektor təhsil ocağının yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyduğunu vurğulayıb. Din təhsilində metodoloji yanaşmalara diqqəti çəkən rektor Azərbaycanda din təhsili metodologiyası və dövlət-din münasibətlərində onun hansı yollarla tənzimləndiyi barədə fikirlərini bölüşüb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dinin ideoloji məsələ olduğunu vurğulayaraq, onun tədrisinin vacibliyini nəzərə çatdırıb. Qeyd edib ki, dini təhsildə vahid proqramın olması vacibdir. M.İsmayılov vurğulayıb ki, din tədrisinin tələbata uyğun aparılması ilə səmərəli nəticə almaq mümkündür. Xarici təcrübəni öyrənərək, ölkəmizin reallıqları nəzərə alınaraq, din təhsili həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əhliman Rüstəmov, dini təhsil sahəsində mütəxəssis, ilahiyyat üzrə fəlsəfə doktoru Fuad Quliyev çıxış edərək, mövzunun hər zaman aktual olduğunu vurğulayıb, insanlara dini bilgilərin verilməsi, mənsub olduqları dinin təməl prinsip və qaydalarının öyrədilməsinin çox vacib məqam olduğundan danışıblar. 

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Xəbər lenti