Logo

"Bütün layihələr gələcəyə doğru hesablanmalıdır"

07.02.2023 10:50 495 baxış
IMG

"Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.

Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız da uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik". Bu fikirləri Prezident İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı səsləndirib.

Ölkə rəhbəri bildirib ki, bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir və layihələr gələcəyə doğru hesablanmalıdır. "Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq"- söyləyən Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi və "yaşıl enerji"nin ötürülməsi üçün fəaliyyətlərinin intensivləşdirildiyini də xüsusi vurğulayıb. Bildirilib ki, ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.
Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Təsadüfi deyil ki, "Azərbaycan 2030": sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Bu istiqamətdə mühüm addımlar atılır. Məlumdur ki, Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə  xarici investorlar da  həvəs və inamla yanaşırlar.

Ötən il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunan Rumınya Prezidenti Klaus Yohanes qeyd edib ki,  “Bunun sayəsində Qara dəniz vasitəsilə çəkiləcək elektrik kabeli Avropanın enerji təhlükəsizliyinə daha güclü imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsində, iqtisadi rifahın təmin edilməsində, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsində Avropa üçün və bizim tərəfdaşlığımız üçün yeni imkan açacaq.
Bir tərəfdən Avropa İttifaqının üzv dövlətləri arasında enerji əməkdaşlığı, digər tərəfdən isə Azərbaycan, - bunun strateji prioriteti var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcək. Biz qarşımızda olan ümumi çağırışlara dayanıqlı həll yollarının tapılmasında səylərimizi əsirgəməyəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin”. 

Nəzərdə tutulan və həyata keçirilən  bütün tədbirlər  Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin ardıcıllıqla, inam və uğurla irəlilədiyini göstərir. Bu, gələcəkdə daha uğurlu nəticələrin əldə olunacağına əminliyimizi daha da artırır.

Əliyev Rövşən
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

Xəbər lenti