Bir müddət əvvəl PIRLS 2021 (Progress in International Reading Literacy Study) nəticələri məlum oldu.
Tehsil.biz xəbər verir ki, tədqiqat 65 ölkədə şagirdlərin oxu qabiliyyəti üzrə naliyyətlərini özündə ehtiva edir.
42 ölkə qiymətləndirmədə may ayında qalan ölkələr isə noyabr ayında iştirak edib. Azərbaycan 440 balla 42 ölkə içərisində 35-ci, ümumilikdə isə 48-ci yerdə qərarlaşıb. Azərbaycan 2011-ci ildə 462 bal, 2016-cı ildə isə 472 bal alıb. Bu siyahıda Türkiyə 496, Qazaxıstan 504, Özbəkistan 437, İran isə 413 bal alıb.
Siyahıya nəzər saldıqda burada qərb qonşumuz olan Gürcüstanı da görürük. Gürcüstanın PIRLS 2021 nəticələri 494 baldır. Gürcüstan ikinci mərhələdə tədqiqatda iştirak edib. Bu ölkə azsaylı ölkələrdəndir ki, pandemiya olmasına baxmaraq əvvəlki nəticələrini daha da yaxşılaşdırıb. Belə ki, bu ölkə ilk dəfə beynəlxalq qiymətləndirməyə 2006-cı ildə qatılıb və 471 bal alıb. Daha sonra 2011-ci ildə və 2016-cı illərdə təşkil olunan qiymətləndirmələrdə 488 bal alıb.
Gürcüstanın bu nəticələri əldə etməsində əsas faktorlardan biri təhsil sahəsindəki qəbul olunmuş qərarlar və islahatlardır. Gürcüstan təhsilində dəyşikliklər 2005-ci ildən etibarən başlayıb. Bu ildə ilk milliləşdirilmiş kurikulum məktəblərdə tətbiq olunmağa başladı. 2011, 2018-ci illərdə tətbiq olunan təhsil proqramında islahatlar keçirildi. İslahatların məğzi şagird səlahiyyətlərinin, sosial, emosional bacarıqların artırılması idi.
2014-cü ildən Gürcüstan müəllimləri sertifikasiya imtahanlarına cəlb olunur. İmtahandan müvəffəqiyyətlə keçən müəllimlər üç qrupa bölünür: təcrübəçi müəllimlər, baş müəllimlər, mentor müəllimlər.
Hər müəllimin öz vəzifəsi və funksiyası olur. Maaşlar qruplara görə müəyyən olunur. 2018-ci ilin payızında təhsil, elm, mədəniyyət və idman naziri tərəfindən “Yeni Məktəb Modeli” təqdim edilib. Bu təşəbbüs bütöv uşağı inkişaf etdirməyi hədəfləyən müasir yanaşmaları müdafiə edən məktəbə dair baxış yaradır. Məsələn, “Yeni Məktəb Modeli” müəllimləri şagirdlərə tənqidi düşünməyi, problemləri həll etməyi və yaradıcı olmağı öyrətmək üçün fəal pedaqoji üsullardan istifadə etməyə təşviq edir.
Əhalisi 4 milyona yaxın olan, avtomobil, dəmir və polad məmulatları, ferroərintilər, qoz-fındıq, qida məhsulları, gübrə, metal qırıntıları, mis ixracatı ilə məşğul Gürcüstan təhsili sürətlə inkişaf etməkdə davam edir.
Kənan Nağıbəyli