Logo

Maestronun Bakıya gətirdiyi "xalq düşməni" - Ona Gəncəyə getməyə niyə icazə verməyiblər?

23.05.2023 18:34 579 baxış
IMG

Bu məqaləni yazmağa başlayarkən yadıma 1970-ci ilin əvvəllərində kəndimizdə (Qəbələ rayonunun Bum kəndi) baş verən bir hadisə yadıma düşdü.

Kənddə söz yayıldı ki, Saday kişinin (Saday kişi orta təhsilli tibb işçisi idi və çox çətinliklə ailəsini dolandırırdı) Amerikada yaşayan qohumu (səhv etmirəmsə, dayısı) ona pul göndərib. Bunu eşidən rayon polisinin rəisi, DTK sədri Saday kişini rayona çağıraraq "məsləhət görürlər” ki, puldan imtina etsin. Və belə bir ərizə yazdırırlar: "Mən və ailəm çox yaxşı yaşayırıq. Sovet hökuməti vətəndaşlarının qayğısına qalır və mənim bu pula ehtiyacım yoxdur” (Amma bir Allah bilir ki, Saday kişi bu sözləri yazanda ürəyində nə qədər özünə nifrət edib. Çünki o pula hava-su kimi ehtiyacı var idi. Ancaq yazmağa məcbur idi. Sovet adamının "xoşbəxt”, "firavan” yaşadığın bəyan etmək üçün).

Mirzə Məşədi Hacızadə də 1969-cu ildə Türkiyədən Bakıya gələndə sevindi ki, ata-anasının qəbrini ziyarət edə biləcək. Amma bu xoşbəxtlik ona nəsib olmadı. Uzun illər Almaniyada, Türkiyədə mühacir həyatı yaşamış gəncəli balası ata yurduna getməmiş, ata-anasının qəbirlərini ziyarət etməmiş Türkiyəyə dönməyə məcbur olur. Çünki 37-ci ili davam etdirən bəzi məmurlar Cümhuriyyət tələbəsinə, Cümhuriyyət başqanının kürəkəninə bu yolla əzab verməkdən zövq aldılar. Bütün tarixi sənədlər, xatirələr, baş verən hadisələr bir daha sübut edir ki, repressiya qurbanlarına verilən bəraətin (1956) havası bizə heç 1970-ci ildə də çatmamışdı. Hələ də Cavid əfəndi "burjua yazarı”, Əli bəy "pantürkist” və s. adlandırılırdı.

Maraqlıdır, Nəsib bəy Yusifbəylinin kürəkəni Mirzə Məşədi Hacızadə 1969-cu ildə Bakıya necə gəlmişdi?

Hacızadə Mirzə Məşədi Yusif oğlu 1897-ci ildə Gəncədə anadan olub. Yaşıdları kimi əvvəl mədrəsə təhsili alan Mirzə Məşədi sonra Gəncə klassik kişi gimnaziyasında oxuyub. 1915-ci ildə gimnaziyada təhsilini başa vurub Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsinə daxil olur. İnstitutu qurtarana yaxın Rusiyada baş verən inqilablar, ixtişaşlar onu təhsilini yarımçıq qoyub Vətənə dönməyə məcbur edir. Mirzə Məşədinin yüksək təhsil əldə etmək arzusunu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti reallaşdırır. Hökumətin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə göndərilir. Bu gediş Mirzə Məşədini çox sevindirirdi. Amma böyük arzularla, ümidlərlə yola düşən gənc bilmirdi ki, bu, Vətənindən sonuncu gedişidir.

1924-cü il. Mirzə Məşədi Berlində min-bir əzabla universiteti bitirb diplomunu alır. Amma bu, onu sevindirmir. Vətəndən aldığı acı xəbərlər onu məyus edir. Hacızadələrin əksəriyyətinin həbs edildiyini, anasının Sibrə sürgünə göndərildiyini eşidir. Vətəninə dönüşün mümkünsüzlüyünü dərk edən Mirzə Məşədi Almaniya vətəndaşlığını qəbul etməli olur. 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə edən Mirzə Məşədi, seleksiyaçı alim kimi fəaliyyətə başlayır. Tez zamanda bu sahə üzrə məşhurlaşan gənc alim Türkiyəyə dəvət alır. Bu, onun ürəyincə olur. Vətənə bir addım yaxınlaşır. Odur ki, düşünmədən razılıq verir və 1928-ci ildə Türkiyəyə gəlir. Türkiyədə təsadüfən Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göy-göllə görüşür. Bu təsadüfü görüş ona bir ömür xoşbəxtlik bəxş edir. Mirzə Məşədi özü də bilmədən ilk baxışdan Zöhrə xanıma vurulur. 1929-cu ildə onlar ailə qurur. Hər ikisinə çox acılar yaşadan tale bu dəfə onların üzünə gülərək, xoşbəxt ailə bəxş edir. Dörd övladları olur. Mirzə Məşədi təkidlə qaynanası Şəfiqə Qaspiralını da öz evlərinə köçürür.

Artıq Türkiyə vətəndaşlığını qəbul edən Mirzə, 1933-cü ildə Göy-göl soyadını götürür. Elə bu soyadla gənc alim 34 kitabın və 300-dək elmi məqalənin müəllifi kimi nəyinki Türkiyədə, bir çox qabaqcıl ölkələrdə də tanınır, konfranslara, simpoziumlara dəvət alır, bir sıra ölkələrin akademiyalarının fəxri üzvü seçilir. İllər sonra xanımı Zöhrə Göy-göl yazırdı ki, o zaman Türkiyədə işləyən əcnəbi vətəndaşlara üçqat artıq əmək haqqı verilirdi. Mirzə bəy üçün də bu miqdarda məvacib hesablananda, o, etiraz edərək deyir ki, mən türkəm, əcnəbi deyiləm. Onun bu cavabı böyük sensasiyaya səbəb olur. Uzun illər İstanbulun Halkalı toxumçuluq stansiyasında işləyən, bir necə ali məktəbdə dərs deyən Mirzə Məşədi, artıq bu sahədə məşhur alim kimi tanınmağa başlayır. Amma bu məşhurluq da onun qəlbindəki Vətən həsrətinə məlhəm ola bilmir.

Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan görkəmli xadimləri ilə hər görüş onun üçün toy-bayrama çevrilir. Xüsusən də maestro Niyazi ilə görüşü, tanışlığı sonradan ailəvi dostluğa çevrilir. Dəfələrlə Niyazi onları Vətənə gətirmək istəsə də baş tutmur. Nəhayət, bu arzu 1969-cu ildə çin olur. Bu haqda Zöhrə Göy-göl yazırdı: "1969-cu ildə Maestro çox çətinliklə bizim Bakıya getməyimizə icazə aldı. Səfərimiz zamanı yüzlərlə azərbaycanlı Türkiyədə yaşayan qohumlarından xəbər tutdular. Bakıda Mirzə bəyin universitetdə çıxışı sürəkli alqışlarla qarşılandı və bu çıxışdan sonra bizə Gəncəyə getməyə icazə vermədilər”.

Deyilənə görə, Maestro Hacızadələri Gəncəyə aparmaq üçün nə qədər qapı döysə də, xahiş etsə də alınmır. Əlacsız qalan Hacızadələr göz yaşları içində Türkiyəyə qayıdırlar. Və bir daha Vətənə gəlməyə cürət etməyən Mirzə Məşədi Hacızadə 1980-ci ildə Türkiyədə vəfat edir.

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist

Xəbər lenti