Logo

DQİDK kollegiyasının bu ilin altı ayının yekunlarına həsr olunan iclası keçirilib

08.08.2023 19:42 236 baxış
IMG

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

İclası giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəyə diqqət çəkərək dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə əldə edilən uğurlardan, tarixi-dini abidələrimizin təmiri və yenilərinin tikilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla həyata keçirməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.

Komitə sədri, eyni zamanda ötən müddətdə “Heydər Əliyev İli” ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən 2023-cü ilin Tədbirlər Planında nəzərdə tutulmuş qaydada çoxsaylı tədbirlərin keçirildiyini, Ulu Öndərin zəngin irsinin əhatəli təbliği istiqamətində bir sıra layihələrin reallaşdırıldığını bildirib.

Komitə sədri qeyd edib ki, ötən müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə müvafiq olaraq qurub və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində fəaliyyət göstərib. Dövlət Komitəsi dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi, cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafı istiqamətində işini davam etdirib.

Sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin 2023-cü ilin I yarısında fəaliyyəti barədə hesabatla çıxış edərək, Komitənin bu dövrdə öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirilmiş dövlət siyasətinə müvafiq şəkildə qurduğu və bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmağa çalışdığını bildirib. Qeyd edib ki, Komitə tərəfindən 25 oktyabr 2022-ci ildə İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə növbəti dəfə elan edilmiş müsahibənin imtahan mərhələsi 13-24 fevral 2023-cü ildə keçirilib. 18-i qadın olmaqla, 66 nəfər imtahanlardan uğurla keçib ki, onlardan 17-si qadın olmaqla 56 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin olunub. G.İsmayılov vurğulayıb ki, hazırda 2023-ci ilin may ayında elan edilmiş müsahibənin imtahan mərhələsinə hazırlıq işləri davam etdirilir. Bu dəfə müsahibəyə çıxarılmış 19 vakant vəzifə üçün 293 namizəd sənəd verib. Onlardan 178 nəfəri ali dini, 115-i isə orta ixtisas təhsilli şəxslərdir.

Sədr müavini bildirib ki, Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirib. Həmçinin ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirlər görülüb. Ümumilikdə idxalla bağlı 2023-cü ilin yanvar-iyun aylarında Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 2127 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 134 adda dini ədəbiyyata baxılıb. Ümumilikdə 2023-ci ilin yanvar-iyun ayları ərzində Komitə tərəfindən ölkə vətəndaşlarının cəlb olunduğu 520-dən artıq dini maarifləndirmə xarakterli tədbir təşkil edilib ki, bu tədbirlərin keçirilməsində yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, müxtəlif dini konfessiyalara mənsub icmalar, QHT-lər, Heydər Əliyev mərkəzləri, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, Silahlı Qüvvələr, hüquq mühafizə orqanları və s. qurumlarla əməkdaşlıq edilib.

G. İsmayılov hesabat dövründə Komitədə 2 dini icmanın dövlət qeydiyyatından keçdiyini, bununla da,  rəsmi qeydiyyata alınmış dini qurumların sayının 1002-ə çatdığını diqqətə çatdırıb.

Daha sonra Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə məruzə ilə çıxış edərək cari ilin 27-28 iyul tarixlərində Tasua və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi müraciətə uyğun olaraq keçirildiyini, aparılan monitorinqlərə əsasən xoşagəlməz halların müşahidə edilmədiyini qeyd edib. Komitə rəsmisi  buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması və qanunvericiliyin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər nəticəsində nail olunduğunu bildirib.

Azərbaycan İlahiyyat İnstitutunda 2023-2024-cü tədris ilinə hazırlıq barədə məruzə ilə çıxış edən rektor Aqil Şirinov ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə Sumqayıt şəhərində, Qaradağ, Saatlı, Neftçala, Astara, Masallı, Qusar rayonlarında yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinin təşkil edildiyini qeyd edib.

Rektor diqqətə çatdırıb ki, hesabat dövründə İnstitutun müəllim, tələbə və məzunları “İlahiyyat TV” yutub kanalının “Müasir dünya və din”, “Vəhyin işığında”, “İslam deyir ki...” verilişlərinin, həmçinin “Hikmət çeşməsi”, “Ramazan hikmətləri” rubrikalarının qonaqları olublar. Ramazan ayı boyunca efirə gedən “Ramazan hikmətləri” rubrikasında İnstitut müəllimlərinin 15-dən çox çıxışı baş tutub. Qurani-Kərimin ayə və surələri təfsir olunan “Vəyhin işığında”, eləcə də “Müasir dünya və din” verilişlərinin 10-dan çox buraxılışı efirə gedib. Eyni zamanda, Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı, həmçinin, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyi ilə birgə “Xalqın yaddaşında yaşayan düha: Ulu Öndər Heydər Əliyev xatirələrdə” mövzusunda konfrans təşkil edib.

İnstitutda təhsil alan tələbələr arasında Türkiyə və Gürcüstan vətəndaşlarının da olduğuna diqqət çəkən A. Şirinov hesabat dövründə İnstitutla Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalandığını vurğulayıb.

A.Şirinov bildirib ki, III ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün 1-3 avqust arası keçirilən müsahibə mərhələsi başa çatıb. Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan Dini Psixoloji Komissiya üzrə qeydiyyatdan keçən 113 nəfərdən 52-si məqbul qiymət alıb. Rektor vurğulayıb ki, müsahibədən məqbul qiymət almış abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə biləcəklər. Həmçinin rektor növbəti tədris ilinə hazırlıq prosesi, qəbul nəticələri barədə məlumat verib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov təmsil etdiyi qurumun yanvar-iyun aylarında dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, mənəvi dəyərlərin qorunması və təbliği, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsindəki fəaliyyəti, habelə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyinin təmin edilməsi istiqamətlərində fəaliyyətinə toxunub. Bildirib ki, rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimlərinə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən maddi dəstək göstərilib, bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan qeyri-islam dini icmalarına ayrılmış vəsait hesabına 26 icmaya yardım edilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində Fond hərbi vətənpərvərlik sahəsində də maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verib, xüsusilə şəhid ailələri ilə bağlı çoxsaylı tədbirlər, Gəncə və Lənkəran şəhərlərindən olan şəhid ailələri üzvlərinin Şuşaya səfərləri təşkil olunub.

“Heydər Əliyev ili” çərçivəsində Fond tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan H.Gülməmmədov 22-24 iyun tarixlərində Gəncə şəhərində gənclər üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminarın keçirildiyini bildirib.  Eyni zamanda diqqətə çatdırıb ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkənin müxtəlif şəhər və rayonlarında keçirilən kitab sərgi-festivallarında iştirak edib. Belə ki, 10-12 mart tarixlərində Lənkəran şəhərində, 2 iyun tarixində isə Xırdalan şəhərində keçirilən sərgilərdə Fondun sifarişi əsasında nəşr edilən kitablar nümayiş etdirilərək iştirakçılara pulsuz paylanılıb.

Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Bakı şəhərində mövcud dini durum və görülmüş işlər barədə məlumat verərək bildirib ki, dini durumun öyrənilməsi və qiymətləndirilməsi məqsədilə məscidlərdə ümumi monitorinqlər keçirilib. A. Kazımov Bakı şəhəri üzrə şöbənin digər qurumlarla birgə dini radikalizm və ekstremizm meyillərinin qarşısının alınması, o cümlədən dini durumun sabit saxlanılması məqsədilə gördüyü işlərdən danışıb.

Sumqayıt bölgəsində mövcud dini durum və görülmüş işlər barədə məlumat verən Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev bildirib ki, şöbənin səlahiyyət sahəsinə daxil olan Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarındakı dini durum hesabat dövrü ərzində daima diqqət mərkəzində saxlanılıb. Şöbə bölgədə dini durumu dərindən öyrənmək, prosesləri izləmək, vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək, maarifləndirmə işi aparmaq, daxil olan müraciətlərə baxmaq, eləcə də, lazımi araşdırmalar aparmaq istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Yekunda Aparat rəhbəri Amil Cavadov tərəfindən Kollegiyanın qərar layihəsi səsləndirilib və müzakirələrdən sonra qəbul edilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlarına vəsiqə və medallar təqdim olunub. Komitə sədri dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Təltif olunmuş Komitə əməkdaşları çıxış edərək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti