Bugünkü tədbir, əlbəttə ki, öz xüsusiliyi, fərqliliyi ilə yadda qalacaq. Ona görə ki, tədbirin əsas məramı əli qələmli, sinəsi sözlü gənc tələbə-jurnalistlərin yazı bacarığını inkişaf və nümayiş etdirmək üçün onlara meydanın verilməsidir. Bizim qayəmiz də elə budur! Bizim deyəndə, yəni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin.
Bu istiqamətdə yola çıxan Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) artıq xeyli zamandır ki, "Azərbaycanın 44 Günlük Zəfər Salnaməsi" adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Zəfərin carçıları” adlı esse müsabiqəsi elan edib.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, müsabiqənin həyata keçirilməsində məqsəd tələbə gənclərin yazı bacarıqlarının inkişaf etdirilməsi, onlarda elmi fəaliyyətə maraq yaratmaqdır. Sözsüz ki, Elmi Cəmiyyət də bu yola çıxanda ilk növbədə müəllimlərinə inamdan güc alıblar. Tədbirin gedişində bir daha təsdiqini tapan məqam oldu: aparılan qarşılıqlı fikir mübadiləsi, mövzu üzrə ortaq nəticələrin tapılması, yazı qaydasının elmi şəkilə salınması... növbəti inkişafa atılan addımdır. Və olduqca əhəmiyyətli, faydalı ənənənin başlanğıcıdır.
Müəllimlərimiz – Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun, müavinlər Sevinc Əliyevanın, Samir Xalidoğlunun bugünkü elmi tədbirdə tələbələrin yazıları, düşüncələri ilə qürur duyduqları gözdən qaçmadı.
Həm də insaf üçün deyək ki, istedadlı və zəhmətkeş tələbələr müsabiqəyə böyük maraq və həvəs nümayiş etdiriblər. Əlbəttə, bu isti münasibətin kökündə ilk növbədə peşəyə məhəbbət, qələmin qüdrətinə, sözün ucalığına ehtiram dayanır. Tələbələr çox yaxşı anlayırlar ki, Mir Cəlal Paşayevin "Qələm" hekayəsindəki kimi: "... Qələmin gücü olmasa, yazının da gücü olmaz..."
Həqiqətən də ağ kağız üzərində tələbə qələmi ürəkli, cilalı və parlaq görünür. Bu da qarşıya qoyulan mövzunun, müsabiqə şərtinin tematikası ilə bərabər, həm də xalqın Zəfər qalibiyyəti ilə birbaşa bağlıdır.
Düşünürük ki, tələbə yazılarının çox olmalarına baxmayaraq bəzi esselərdən nümunələr gətirsək maraqlı olar. Məsələn, bir essedə Azərbaycanın Haqq savaşındakı Zəfərini müəllif çox dəqiqliklə, yüksək incəliklə açıqlayır: "Zəfər – keçmişin, sönməz gələcəyin işığ lampası". Bu cümlədə qalibiyyət günəşinin sönməzliyinə işarə edilir. Daha sonra tələbə öz fikirlərini davam etdirir: "Zəfər – torpağa can verən ərənlərin azadlıq meydanı" və yaxud "Zəfər – zülmətin, əzabın bitdiyi an".
Göründüyü kimi, Haqq savaşı xalqın başını uca etdi. Bu ucalığı da şəhidlərə borcluyuq. Digər bir essedən olduqca duyğulu, təsirli hissə yer alır: "Geriyə qayıtsaq, şəhidlər də geri gələrlərmi?" Müəllif bizim "geriyə qayıtmağı"mızı zaman çərçivəsində, şəhidlərimizin geriyə qayıtmasını fiziki, bioloji mənada açıqlayır.
Tələbə müəlliflər zaman və məkan çərçivəsində hadisələri təsəvvürdə bacardıqları qədər canlandırmağa çalışıblar. Yeri gəlmişkən qeyd edək ki, esse müsabiqəsinə müraciət tarixi başa çatdığı bir zamanda tələbələrdən biri yazı göndərdi. Yazını gec göndərməyinin səbəbini də belə açıqladı: "Neçə gündür özümü yazıya hazırlayıram. Özümü savaşın içərisində hiss etməyə çalışıram. Zəfər haqqında yazarkən əllərim əsirdi". Bu fikirlərdən sonra milli ruhlu, Vətən sevdalı tələbələrimizlə qürur duymamaq əlimizdə deyil. Həmin tələbənin essesindən kiçik hissədə oxuyuruq: "Dünya üçün sentyabr ucu-bucağı bilinməyən yaşıllığın yuxuya getməsi , yarpaqların ömrünü başa vurması və təbiətin özünə qapandığı aydır. Xalqımın sentyabrı isə onun son damlası – tarixinin dönüş nöqtəsidir". Əlbəttə, tarixin dönüş nöqtəsi bizə qalibiyyət yaşatdı – düşmən tapdağında olan torpaqlarımız azad olundu. Bu torpaqlarda Xarı bülbül boy ataraq qalibiyyət günəşinə qızındı.
Başqa bir tələbənin yazısında qeyd olunduğu kimi: "İndi Xarı bülbül başını dik tutub. Hər səhər Bakı Dövlət Universitetinin çoxminli tələbələrini salamlayır. Yenə carçıdır. Yenə hər yana səs salır, sanki uca səslə: 'Zəfərin mübarək, Azərbaycan' deyir!"
Günel Abbas, BDU Jurnalistika fakültəsinin magistrantı
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi