Logo

Almaniyanın 3 şəhərində azərbaycanlı bəstəkarın “Sülh naminə” adlı konserti təşkil edilib - FOTO

11.11.2023 11:46 508 baxış
IMG

Almaniyanın Hayligengirxen (Heiligenkirxen), Valhauzen (Waldhausen) və Hiddesen şəhərlərində bu ölkədə yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Für den Frieden” (“Sülh naminə”) adlı konsert proqramı təqdim olunub.

Tehsil.biz xəbər verir ki, silsilə konsert Detmold şəhər meriyasının, mədəniyyət departamentinin və Xədicə Zeynalovanın yaradıcısı və bədii rəhbəri olduğu “Bridge of Sound”un birgə təşkilatçılığı ilə baş tutub. Almaniyanın “Lippische Landeszeitung”, “Lippische Wochenzeitung” qəzetləri layihəyə informasiya dəstəyi göstərib.

“Bridge of Sound” kamera ansamblının ifasında təqdim edilmiş konsert proqramına Azərbaycan, Ukrayna və Almaniyanın klassik və müasir bəstəkarlarının əsərləri daxil edilib.

Xədicə Zeynalova bildirib ki, layihə qalib Azərbaycanın və musiqi mədəniyyətimizin yüksək səviyyədə təbliğ edilməsi, eyni zamanda Qərb və Şərq xalqlarının musiqi mədəniyyətlərini birləşdirilməsi, mürəkkəb dövrdə dünya xalqlarının birlik və həmrəyliyini nümayiş olunması məqsədilə gerçəkləşdirilib. “Konsert silsiləsi böyük uğurla keçdi. Auditoriyanın məmnun qaldığını görüncə, bu konsertlərdən böyük zövq aldım”, - deyə bəstəkar vurğulayıb.

Qeyd edək ki, “Für den Frieden” (“Sülh naminə”) konsert silsləsi ilk dəfə ötən il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixdə Almaniyanın müxtəlif şəhərlərində təqdim olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Detmold Konservatoriyasının və Almaniyanın Paderborn Universitetinin məzunu olan Xədicə Zeynalova 2005-ci ildən Almaniyada yaşayır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Paderborn Universitetinin və Detmold Musiqi Akademiyasının dosentidir. “Harmony of Sound” adlı beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəridir. Azərbaycan Bəstəkarlar İttifaqının və GEMA (İctimai ifa və müəllif hüquqlarinin idarə edilməsi Cəmiyyəti) təşkilatının üzvüdür. Azərbaycan musiqisini xaricdə böyük uğurla təbliğ etdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.

Xəbər lenti