Logo

Tarix fənninin tədrisində yenilik: Əzbərçilikdən analitik düşünməyə keçid

23.10.2024 15:25 43 baxış
IMG

“Biz məzmundan çox tarixin tədrisinə yanaşmanı dəyişməliyik. Əvvəlki dövrlərdə hadisə və faktların şagirdlərə əzbərlədilməsinə əsaslanan ənənəvi tarix tədrisi anlayışı üstünlük təşkil edirdi. Cari kurikulumda isə əzbərçilikdən daha çox məntiqi təfəkkürə əsaslanmağa cəhd edildi. Lakin uzun illərin qəlibləşmiş düşüncəsi birdən-birə dəyişikliyə imkan vermirdi”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsil İnstitutunun Tarix fənni üzrə işçi qrupunun üzvü Hafiz Cabbarov “Tarix fənninin məzmununda yeniliklər” mövzusunda keçirilən vebinarda bildirib.

O, oxşar problemlərin yalnız Azərbaycanda deyil, beynəlxalq miqyasda da mövcud olduğunu vurğulayıb: “Biz kurikulumun təkmilləşdirilməsi zamanı dünyanın qabaqcıl ölkələrinin təcrübələrinə baxdıq və müqayisələr apardıq. İnkişaf etmiş ölkələrin kurikulumunun mərkəzində şagirdlərin bilikləri əzbərləməsindən çox tarixi təfəkkür bacarıqlarının formalaşdırılmasına əsaslanan yeni tarix tədrisi anlayışı dayanır”.

O əlavə edib ki, artıq tarix dərslərində şagirdlərə sübutların irəli sürülməsi, onların qiymətləndirilməsi, tənqidi düşünmə və problem həlletmə kimi bacarıqların aşılanması əsas hesab olunur: “Biz də xronoloji və tematik yanaşmaları birləşdirərək kurikulumumuzu təkmilləşdirməyə, siniflər üzrə şagirdlərin fəal iştirakını təmin edən öyrənmə mühitinin formalaşdırılmasını ehtiva edən model yaratmağa çalışmışıq. Bu, ilkin layihədir. Yenilik tarixi düşüncə bacarıqlarının əldə edilməsindən ibarətdir. Şagirdlər artıq bilikləri əzbərləyən deyil, onu istehsal edən və istifadə edən bir mövqe qazanmış olacaqlar”.

Tarix fənninin məzmununda yeniliklər nədən ibarətdir?

İşçi qrupun üzvü əlavə edib ki, tarixi düşüncə bacarığı dedikdə, xronoloji təfəkkür, tarixi anlama, dərketmə, tarixi təhlil və şərh etmə, tarixi problemin təhlili və qərarların qəbul edilməsi, tarixi araşdırmalara əsaslanan tədqiqat və tarixi empatiya nəzərdə tutulur: “Hesab edirəm ki, beləliklə tarix əzbərçi fənn olmaqdan çıxaraq, təhlil fənninə çevriləcək. Şagirdlərdə tarixi faktları əzbərləməkdən daha çox onlara tənqidi yanaşmaq, təhlil etmək, dəyərləndirmək və müqayisə etmək bacarıqları formalaşdırmalıyıq”.


 

Xəbər lenti