Logo

Keyfiyyətli insan kapitalı yerli və qlobal əmək bazarında mövqeyimizi gücləndirir

11.12.2024 13:22 68 baxış
IMG

Azərbaycanın iqtisadi və sosial inkişafı üçün zəruri olan ixtisaslı kadrların hazırlanması ali təhsil müəssisələrinin əsas hədəflərindən biridir.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

O bildirib ki, keyfiyyətli insan kapitalı, yerli və qlobal əmək bazarında Azərbaycanın mövqeyini gücləndirir:

"Bu, ölkənin iqtisadiyyatının innovasiyalara əsaslanan modellərə keçidini dəstəkləyir. Təhsil sahəsində sosial bərabərliyin təmin olunması, müxtəlif təbəqələrdən olan gənclərin yüksək keyfiyyətli təhsilə çıxışını mümkün edir. Beynəlxalq təhsilə çıxış, gənclər üçün həm yerli, həm də xarici əmək bazarında rəqabət qabiliyyətini artırır".

Yalçın Rəfiyev qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən müasir infrastruktur layihələri, beynəlxalq əməkdaşlıqların təşviqi və tədqiqat sahələrinin gücləndirilməsi təhsilin inkişafında mühüm rol oynayır:

"Xarici universitetlərlə birgə proqramlar və təcrübə mübadilələri Azərbaycanda ali təhsilin keyfiyyətini artırmaq üçün effektiv vasitələrdir. Bəzi inkişaf etməkdə olan ölkələrdə məhdud infrastruktur və resurslar təhsil sisteminin səmərəliliyini aşağı sala bilər. İnfrastrukturun gücləndirilməsi, rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası və regionlar üçün xüsusi proqramların hazırlanması vacibdir. 
Azərbaycanın təhsil siyasəti insan kapitalının formalaşdırılması, təhsilin beynəlxalqlaşması və sosial bərabərliyin təmin olunması kimi strateji hədəflərə yönəlib. Bu istiqamətdə görülən işlər uzunmüddətli perspektivdə ölkənin təhsil sistemini daha güclü, beynəlxalq standartlara uyğun və rəqabətədavamlı hala gətirəcək. Bu, həm ölkə iqtisadiyyatı, həm də gənc nəslin gələcək perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir".


 

Xəbər lenti